ADPU-da “Açıq qapı günü” keçirilib

ADPU-da “Açıq qapı günü” keçirilib Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ümumi təhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Açıq qapı günləri” layihəsi çərçivəsində “Açıq qapı günü” keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, müəllimləri, ümumi təhsil məktəblərinin direktorları, müəllimləri, universitetin məzunları iştirak ediblər. Görüş iştirakçıları əvvəlcə universitetin fakültələrinin fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar. Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbiri giriş sözü ilə açaraq bildirib ki, “Açıq qapı günü”nü keçirməkdə məqsədimiz yuxarı sinif şagirdlərini universitetimizlə tanış etmək, bu ali təhsil müəssisəsində fəaliyyət göstərən fakültələr, ixtisaslar barədə məlumat verməkdir. Belə görüşlər gənclərin düzgün peşə və ixtisas seçmələri baxımından mühüm əhəmiyyət kəsb edir.
ADPU-nun tarixi və fəaliyyəti haqqında məlumat verən rektor bildirib ki, universitet 1921-ci il avqustun 26-da Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun imzaladığı dekretlə yaradılıb. Fəaliyyət göstərdiyi müddət ərzində ADPU ölkəmizdə elm və təhsilin inkişafına böyük töhfələr verib, yüksəkixtisaslı pedaqoji və elmi-pedaqoji kadrların hazırlanmasında mühüm xidmətlər göstərib. Hazırda ADPU-da 8 fakültə-Filologiya, Tarix və coğrafiya, Riyaziyyat və informatika, Kimya və biologiya, Fizika və texnologiya, Məktəbəqədər təhsil, Psixoloji xidmət və korreksiyaedici təlim, Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq, İbtidai təhsil fakültələri, 39 kafedra, Magistratura və doktorantura şöbəsi, Davamlı təhsil və təlim şöbəsi, həmçinin SABAH qrupları fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan ən mühüm vəzifələrdən biri də müasir tələblərə cavab verən təhsil infrastrukturunun yaradılması və təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılmasıdır. Dövlət Strategiyasının bu tələblərinə uyğun olaraq, ölkə Prezidentinin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) ADPU-ya birləşməsi və onun filiallarının ADPU-nun strukturuna çevrilməsi nəticəsində ADPU ölkədə pedaqoji kadr hazırlığı ilə məşğul olan unikal ixtisaslaşmış ali təhsil müəssisəsinə çevrilmişdir. Bununla yanaşı, Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli qərarı ilə Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə (ADPK) birləşdirilməklə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci kimi fəaliyyət göstərməyə başlayıb. Hazırda ADPU-nun 5 filialı-Ağcabədi, Cəlilabad, Quba, Şəki və Şamaxı filialları fəaliyyət göstərir.
Bunlarla yanaşı, Təhsil naziri cənab Mikayıl Cabbarovun 20 iyul 2016-cı il tarixli əmri ilə Bakı şəhərindəki Məmməd Rahim adına 7 nömrəli tam orta məktəb 2016-2017-ci tədris ilindən ADPU-nun baza məktəbi kimi müəyyənləşib. ADPU-da hazırda filiallar və Pedaqoji Kolleclə birlikdə təxminən 20 minə yaxın tələbə təhsil alır. ADPU-da ali təhsilin bakalavriat səviyyəsində 22 ixtisas, magistratura səviyyəsində isə 19 ixtisas, 20 ixtisaslaşma üzrə pedaqoji kadr hazırlanır. Universitetin 1 professoru AMEA-nın müxbir üzvü, 4 professoru isə Əməkdar elm xadimidir.
Cari ildə 500 və 500-dən yuxarı bal toplayıb müəllimlik ixtisasını seçənlərin sayı 117 nəfərdir. Builki tədris ilində yüksək bal toplayaraq ADPU-ya dövlət sifarişi əsasında qəbul olunmuş tələbələr ümumilikdə universitetə qəbul olunmuş tələbələrin təxminən 80 faizini təşkil edib. Dövlət İmtahan Mərkəzinin verdiyi məlumata görə, 2016-2017-ci tədris ilində ADPU-ya ali təhsilin bakalavriat pilləsində qəbulolunma faizi 97,18 faiz olmuşdur. Magistratura səviyyəsində qəbulolunma faizi isə 92,42 faiz olmuşdur. Bu göstəricilərə görə ADPU universitetlər arasında III yeri tutub. Bu il həm ali təhsilin bakalavriat səviyyəsində, həm də magistratura səviyyəsində göstəricilər əvvəlki illərlə müqayisədə uğurlu olmuşdur.
Bu gün respublikamızda müəllim hazırlığına xüsusi diqqət yetirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yüksək hazırlıqlı peşəkar pedaqoji kadrların hazırlanmasını vacib bir vəzifə kimi bizim qarşımıza qoyub. Təhsil Nazirliyi cəmiyyətdə müəllim peşəsinin nüfuzunun yüksəldilməsi, pedaqoji fəaliyyətinin stimullaşdırılması üçün davamlı və səmərəli fəaliyyət göstərir. Təhsil Nazirliyi tərəfindən 2014-2015-ci tədris ilində “Gələcəyin müəllimi təqaüdü” təsis edilib. Bu təqaüd pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və 500-dən yuxarı bal toplayan, ixtisas seçimində birinci və ya ikinci yerdə müəllimlik ixtisasını qeyd edən tələbələrə şamil olunur. Onlara əlavə 100 manat təqaüd verilir. Builki tədris ilində 500 və 500-dən yuxarı bal toplayıb ADPU-nu seçənlərin sayı 117 nəfərdir. Müqayisə üçün qeyd edək ki, 2014-2015-ci tədris ilində bu rəqəm 18 olub. Bunun səbəbi ölkəmizdə müəllim peşəsinə maraqın artması ilə izah edilir.
Hazırda ADPU-da ümumi təhsil məktəbləri ilə əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirilir. ADPU-da “Ustad dərsləri” layihəsi həyata keçirilir. “Ustad dərslər” layihəsində ümumi təhsil məktəblərində çalışan, iş təcrübəsi və tədris nəticələri ilə fərqlənən müəllimlərin tədris etdikləri fənlər üzrə universitetimizdə uyğun fənnin tədrisi metodikasından ustad dərsləri aparmaları nəzərdə tutulur. Layihəyə qabaqcıl təcrübəsi, yaradıcı fəaliyyəti, innovativ düşüncə tərzi ilə ölkə pedaqoji mühitində tanınan, ümumi təhsil orta məktəb müəllimlərinin mövcud bazasında adları yer alan, əməkdar müəllimlər, 2008-2015-ci illərdə keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibləri, orta məktəb müəllimlərinin diaqnostik qiymətləndirməsi zamanı yüksək nəticələr əldə edən, müxtəlif təltiflərə layiq görülən, həmçinin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsil üzrə Dövlət Proqramı” üzrə təhsil almış müəllimlər cəlb ediliblər. Bu layihə çərçivəsində paytaxtın tanınmış məktəblərinin qabaqcıl müəllimləri yeni təlim metodları əsasında ADPU-da ustad dərsləri keçirlər.
Martın 10-da ADPU-da 50 ümumi təhsil məktəbinin direktorları ilə görüş keçirilib, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün səmərəli fikir mübadiləsi aparılıb. Martın 29-da isə ADPU-nun və Azərbaycan Respublikasının Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə universitetdə “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib. Bunlarla yanaşı, fakültələrdə “Açıq qapı günləri” keçirilib. Lakin biz bu görüşləri, dəyirmi masaları və digər tədbirləri keçirməklə öz işimizi bitmiş hesab etmirik. Biz orta məktəblərlə əlaqələrin daha da genişləndirilməsini və bu əlaqələrin keyfiyyətinin yüksəldilməsini vacib bir vəzifə kimi qarşımıza qoymuşuq.
Tədbirdə çıxış edən ADPU-nun məzunları, Təhsil Şurasının sədri, Əməkdar müəllim, professor Əjdər Ağayev və BDU-nun kafedra müdiri, professor Yaqub Qəribli müəllimliyin şərəfli, müqəddəs, eyni zamanda məsuliyyətli peşə olduğunu bildirərək şagirdlərə müəllimlik peşəsini seçməyi tövsiyə ediblər.
Görüşdə şagird və müəllimlərin sualları cavablandırılıb.
Tədbirdə ADPU-nun fəaliyyətini əks etdirən slaydlar təqdim edilib. Sonra şagird və müəllimlərin fakültə və kafedralarda professor-müəllim heyəti və məzunlarla görüşü keçirilib. Tədbir universitet tələbələrinin hazırladıqları bədii-musiqili hissə ilə başa çatıb.

ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi


ADPU-da “Açıq qapı günü” keçirilib

Oxşar xəbərlər