MACƏRA DOLU MƏMLƏKƏT

MACƏRA DOLU MƏMLƏKƏT Kiçik çiləsi də çıxdı bu qışın,
Gəlir çərşənbələr Novruz altında
Kosa ol, təlxək ol, qarışsın başın,
Məğlub bir ölkənin toy büsatında...

Rüstəm Bağır

Mən şeirin müəllifini şəxsən tanımıram. Bəlkə nə vaxtsa üz-üzə gəlmişik. Bu misraları isə mənə jurnalist Davud Dəmirli oxumuşdu. Şeirdəki iki misra:

Kosa ol, təlxək ol, qarışsın başın,
Məğlub bir ölkənin toy büsatında,


Məni möhkəm tutdu. Məğlub ölkənin vətəndaşı olmaqdan dünyada ağır dərd nə ola bilər, görəsən axı necə ola bilər ki, ölümün gözünə dik baxmağı bacaran, tarixə qəhrəmanlıq salnaməsi bəxş edən xalqımızın adına bu gün məğlubiyyət “damğası” yazılsın? Bu bizim üçün tarixi bir ləkə deyilmi?!!
Şahidi olduğum bir hadisəni heç cür unuda bilmirəm: qəbulunda gəlişini gözlədiyimiz məmurun gecikməsi əsəblərimizi tarıma çəkmişdi. Bu vaxt içəri girən oğlan “Mən döyüşçüyəm, torpaq, Vətən uğrunda döyüşmüşəm”,-deyib irəli keçməyə cəhd etdi. Gözləyənlərdən, sinəsi ordenli yaşlı kişi özünü saxlaya bilmədi:
──Sakit ol, bala, sən məğlub ordunun əsgərisən! Mən isə Hitlerin burnunu oan qəhrəman Qızıl Ordunun!
Doğrusu, səs-küylü otağa bir anlıq sükut çökdü. Bəlkə bu sözün kimsə o qədərdə fərqinə varmadı. Amma, anmalı, düşünməli epizod idi...
Deyirlər, Böyük Vətən Müharibəsinin qızğın vaxtında Azərbaycana xəbər gəlir ki, “sizinkilər döyüşmürlər və onları vətən xaini kimi yerindəcə güllələyirlər”. Azərbaycan KP MK-nın o vaxtki birinci kitabı Mircəfər Bağırov dərhal hadisə ilə bağlı hərbi hissəyə gedir, azərbaycanlı əsgərlərlə görüşüb söhbət edir, onlara Azərbaycan dilində döyüş əmri verir. Əmrə tabe olmayan əsgərlərdən, hətta bir-ikisinin dərsini də verir. Sən demə, döyüşmək istəməyən həmvətənlərimizin qəbahəti dili bilməməsi olubmuş.
Az keçməmiş M.Bağırovun təklifi ilə azərbaycanlılardan ibarət 416-cı Taqanroq diviziyası yaradılır. Həmin divizya Böyük Vətən Müharibəsi salnaməsinə öz adını qızıl hərflərlə yazmışdır. Bu, tarixi faktdır.
Bəs indi, respublikamızın suverenlik əldə etdiyi bir zamanda, nə səbəbə Milli Ordumuz “məğlub ordu” adını qazandı? Nə oldu ki, torpağı, Vətəni əlisilahlı əsgərlətimiz qoyub qaçdılar?! Qarabağda gedən generallarımız, müdafiə nazirimiz vətən xaini, vətən satqını, xalq düşməni çıxdı?! Nə oldu ki, bu xalqın düşməni mənfur erməni yox, məhz elə özü oldu?! Öz içimizdə düşmən axtarışına başladı??? Beynimi daim bir məsələ məşğul edir: Nə vaxta özümüzə düşmən gözü ilə baxıb, düşmən mövqeyində dayanıb, qisasçılıq hissi ilə yaşayacağıq? Içimizə bu toxumu kim səpib? Düşmən əsirliyində qalan, taleyi heç kəsə məlum olmayan qadın-qızlarımız, dünyanın heç bir gərdişindən xəbəri olmayan körpə uşaqlarımız, ömürlərinin ahıl çağında əzab-əziyyətə düçar olan qocalarımız-onların nakam taleyi bizi nə vaxt düşündürəcək? Xalqın pulu hesabına barlarda gecə kefləri çəkən, göydələn villalar ucaldanların “məşuqə”lərinə xarici maşın hədiyyə edənlərin, xarici banklara valyuta dolduranların heç olmasa Allah qorxusu yaşayacaq vaxtları olacaqmı?

MACƏRA DOLU MƏMLƏKƏT

Düşmən mövqeyi ilə sərvətlərimizi talan edib ölkəni dağılan tifaqa, xalqı səfil, dilənçi vəziyyətinə salan xalqın qanını soyanların görəsən nə vaxtsa gözləri doyacaqmı? Xarici dövlətlərin yardımına möhtac qalan məmləkətin bazarı İranın kənd təsərüfat malına, Türkiyənin, Rusiyanın ərzağına, Çinin, Suriyanın çürümüş pal-paltarına qalıb.
Nə üçün Azərbaycanın valyutası xarici ölkələrə daşınmalıdır? Bir qrupun varlanması naminəmi? Niyə biz xaricdən mənşəyi bilinməyən, insan orqanizmi üçün zərərli olan ərzaq məhsullarını yeməliyik?
Bu gün Azərbaycanda səhərdən-axşamacan çalıb-oxuyan lüt-üryanlarımıza, Bakıda ucaldılan göydələnlərə, göbələk kimi artan super-marketlərə, bir-birinə yaraşıq verən yam-yaşıl “Azpetrol”lara baxdıqca inana bilmirsən ki, biz müharibə əhval-ruhiyyəsindəyik, biz şəhidlər verib, qaçqın-köçkün şəhərciyi qurub, iyirmi faiz torpaq itirmişik.
Bu gün xalqı müti, kölə vəziyyətinə salıb, onun inamını qıran, inamını itirən, mübarizliyini öldürən, bir qarın çörəyə möhtac qoyan insanlar sabah tarix qarşısında cavab verməli olacaqlar! “Qarabağ”, “çörək”, deyib küçəyə çıxanların gözünün odunu “dubinka”larla alanlar eyni millətin övladları deyillərmi, küçə və yarmarkalarda ömrünü başa vuran, beynində yalnız “necə çörək pulu tapmaq” fikirləri dolaşan insanlarda mübarizəlik ruhu haradan olsun? Əgər belə getsə, onlar çətin ki, bir də ayağa qalxıb “Qarabağ”, “Vətən” deyəcək, bu yolda ölümə getməyə hazır olacaq. Düşmən gülləsindən betər mənən gullələnən bu xalq çətin ki, döyüşkənlik ruhunu bir daha yaşaya bilsin.
Xalqına məğlub taleyi yaşadanların toy-büsat qurub yallı getməsindən böyük qəbahət varmı? Fikrimizcə, ən böyük qəbahət məğlubiyyətlə razılaşmağımız,susmağımızdır.
Mən sözümün əvvəlində təsadüfən keçmişi xatırlamadım. Axı, keçmişini unudanı gələcək topa tutar. Ona görə gələcəuimizi bu gün düşünməliuik ki, bir daha səhv edib, sonra yenidən təəssüflənməyək. Mən xalqımı bu haqda bir daha düşünməyə çağırıram!

ƏKBƏR HÜSEYNZADƏ
(“(Əmək qəzeti” 5 iyul 2003)

Oxşar xəbərlər