Ayın məzunu: “Universitetin qazandırdığı vizyon karyeramda uğurlara yol açdı”

Ayın məzunu: “Universitetin qazandırdığı vizyon karyeramda uğurlara yol açdı” UNEC-də “Ayın məzunu” layihəsi davam edir. Layihə çərçivəsində hər ay bir UNEC məzununu tanıyacaq, onun uğur hekayəsini oxuyacaqsınız.
Oktyabr ayının məzununu qürurla təqdim edirik!
Həsən Quliyev 1985-ci il oktyabrın 9-da anadan olub. 2003-cü ildə Dədə Qorqud Özəl Türk liseyni bitirərək, Azərbaycan Dövlət İqtisad Universitetinin Mühəndis İqtisadiyyatı və İdarə Etmə (Marketinq) fakültəsinə qəbul olunub. II kursdan təhsilini Xüsusi İstedadlar Qruplarında davam etdirib. IV kursdan etibarən indiki TBC kredit BOKT-da biznes kreditləri eksperti, Ernst&Young audit şirkətində isə auditor vəzifələrində çalışıb. 2007-ci ildə universitetdən məzun olan H.Quliyev hərbi xidmətə yollanıb. 2008-ci ildən RSM İnternational Audit şirkətində audit mütəxəssisi kimi işə başlayıb. 2010-cu ildə Bank of Baku ASC-də Daxili Audit departamentinin rəhbəri, 2015-ci ildən isə Risklərin İdarə Edilməsi departamentinin rəhbəri vəzifələrində çalışıb. 2017-ci il martın 1-dən Bank of Baku ASC-də İdarə Heyəti Sədrinin müavini (İdarə Heyətinin üzvü) vəzifəsinə təyin olunub. O, eyni zamanda bankın Baş Risk İnzibatçısıdır.
Ailəlidir, 1 övladı var. Üzgüçülük və futbolu sevir.
Həsən Quliyev öz uğur hekayəsini belə danışır:
Artıq IV kursda oxuyanda mən də, qrup yoldaşlarım da bir çox tanınmış şirkətlərdən yarım ştat çalışmaq üçün iş dəvəti alırdıq. Elə buna görə də tələbəlik həyatı başa çatmamış, iş həyatı başladı. Eyni zamanda da dostumla birlikdə biznes fəaliyyətində özümüzü sınayaraq, “catering” şirkəti qurduq. Biznesimlə yanaşı karyeram da uğurla davam edirdi. Bir ildən də çox vaxt keçəndən sonra isə karyeramızda olan inkişaf dostumla məni seçim qarşısında qoydu – biznes, ya karyera!? Hər ikimiz karyeranı seçdik və biznesimizi başqa şəxlərə satdıq.
Bu gün Bank of Baku ASC-də İdarə Heyəti sədrinin müavini və İdarə Heyətinin üzvüyəm. Eyni zamanda Baş Risk inzibatçısıyam. Bank maliyyə insititutu olduğundan risk həssaslığı çox yüksək olan qurumdur. Belə olan halda Baş Risk inzibatçısı olmaq çox böyük məsuliyyətin öhdəsindən gəlmək tələb edir. Risklərin idarə edilməsini düzgün və effektiv tənzimlənməsi üçün bankın bütün fəaliyyət növləri nəzarətdə saxlanılmalıdır. Eyni zamanda da iqtisadiyyatda baş verənlər yaxından izlənilməli və kreditlərin riskləri düzgün qiymətləndirilməlidir.
Harada iş, fəaliyyət, gəlir varsa, risk də var. Bizim işimiz mövcud və yarana biləcək riskləri minimuma endirməkdir. Risklərin tənzimlənməsi zamanı İT risklərdən, hüquqi risklərə, kredit risklərindən maliyyə risklərinə, əməliyyat risklərindən bazar risklərinə bütün növ riskləri mövcüd imkanlar daxilində ölçmək və nəzarət mexanizmləri vasitəsi ilə həmin risklərə nəzarət edib minimum səviyyədə saxlamaqdır. Məqsədimiz nəzarət olunabilən minimum risk səviyyəsi ilə banka maksımum mənfəət qazandırmaqdır.
Bu gün xəyalımdakı karyeranı qismən qurmuşam və hələ də qurmaqda davam edirəm. Özümə və təhsilimə güvənirəm. Bu gün olduğum yerə gəlməkdə UNEC-dəki təhsilin çox böyük təsiri oldu. Hələ tələbə ikən özümü çox şanslı hiss edirdim və zamanla bu hisslərimin məni yanıltmadığını gördüm. Universitetdə aldığım təhsil dünyaya baxışımı dəyişdi. Universitetin qazandırdığı vizyon karyeramda uğurlara yol açdı.
Təbii, iş həyatında uğur təkçə oxumaqla əldə edilmir, doğru zamanda doğru yerdə olub doğru qərarları vermək ən əsas faktordur. Bunların da başında çalışqanlıq gəlir. Çalışqanlıq bütün söylədiyim faktorları bir yerdə cəmləyib, insanı irəli aparan ən əsas amildir. Amma oxumadan da mümkün deyil. Oxumaq insana tək texniki bilgi vermir, eyni zamanda insanin təfəkkürünün formalaşmasına kömək edir. Belə deyək – oxumaq insana texniki bilgilər verir, lakin oxuduğun mühit çox önəmlidir. O sənə vizyon verir, təfəkkürünü formalaşdırır. İşə yeni başlayanda, hələ aşağı vəzifələrdə ikən texniki savadın səni önə aparır, lakin zamanla, karyera pillələrində irəlilədikçə təfəkkürün, vizyonun səni yuxarı doğru çəkir.
Mən UNEC-də bakalavr təhsilimi almışam. Sonra isə MBA-da, indiki UNEC Biznes Məktəbində oxumuşam. University of Liverpool-da master təhsilini distant almışam. Bu yaxınlarda isə ADA və Maastricht School of Managementin birgə EMBA programinda yeni təhsilə başlamışam. Baklavrdan sonraki təhsillərim mənə öz sahəmdə yeni bilgilər verib və vizyonumun inkişafına böyük təsiri olub.
Bütün müəllimlərimi sevgi ilə xatırlayıram. Lakin həyatımda bir neçə müəllim var ki, onlara hər zaman minnətdaram. Artıq dünyasını dəyişən İsa Abdullayevi ehtiramla anıram. Mühasibat fənnindən bizə dərs deyirdi. Qrup yoldaşlarımla birlikdə karyeramızın lap başında olanda onun öyrətdikləri sayəsində şirkət imtahanlarından uğurla keçirdik... Anar Rzayevin iş həyatımda təfəkkürümün formalaşmasında, məsələlərə baxış dərəcəmin qurulmasında böyük rolu olub. Dekanımız Sevər Məmmədovanın fəaliyyətindəki obyektivlik, tələbələrin problemlərinə individual yanaşıb hər kəsə ayrıca qayğı göstərməsini, dərsdən kənar vaxtlarda da tələbələrin bir arada olması üçün tədbirlər təşkil etməsini heç unutmuram. O dövrdə Rabitə və İnformasiya Texnologiyaları naziri olan Əli Abbasov bizə rəqəmsal iqtisadiyyat fənnindən dərs deyirdi. O qədər işin arasında vaxt tapıb gəlib universitetdə dərs demək asan deyildi. Və təbii ki, bir fənni birbaşa nazırin özündən dinləmək hər tələbəyə qismət olmurdu...
Tək müəllimləri deyil, ümumiyyətlə, UNEC mənim üçün çox doğmadır. Mən təhsil alan dövrdə hələ universitet brendləşməmişdi. İndi yeni imiclə - UNEC brendi ilə daha çox bəyənilir. Çox şadam kı, UNEC-liyəm! Bu gün UNEC auditoriyalarına qürur hissi ilə müəllim olaraq dönməyi çox istəyərdim. Bundan həqiqətən şərəf duyardım. Düzdür, bir neçə il öncə UNEC-də magistrlərə “Banking” fənnindən dərs demək nəsib oldu və müəllimliyin neçə şərəfli bir peşə olduğunu o zaman hiss etdim. Gündəlik həyatda dəfələrlə olur ki, gənclər hər hansı sualla müraciət edirlər. Onların müraciətini tam cavablamaq, düzgün istiqamətləndirmək üçün əlimdən gələni edirəm. Tövsiyə edirəm ki, hədəfləri olsun, çox çalışsınlar, gündəlik və gələcək trendi izləsinlər və daima bir addım öndə olmağa çalışsınlar. Amma auditoriyaya müəllim kimi girmək tamam başqa bir hissdir. Bir zamanlar tələbə olduğum universitetdə müəllimlik etmək, ölkəmiz üçün faydalı kadrların yetişməsində az da olsa töhfə vermək... bütün bunların yaşatdığı sevinc əvəz edilməz duyğulardandır.
Sentyabr ayının məzunu - Aydın Quliyev: “Dünyada 100 nəfərdən biri olacağımı planlaşdırmırdım” http://unec.edu.az/unec-mezunu-dunyada-100-neferden-biri-olacagimi-planlasdirmirdim/


UNEC-in Mətbuat xidməti

Oxşar xəbərlər