ADPU-nun məzunları 35 ildən sonra görüşdülər

ADPU-nun məzunları 35 ildən sonra görüşdülər Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ibtidai təhsil fakültəsinin 1982-ci il məzunlarının 35 ildən sonra görüşü keçirilib. Universitetin 3 nömrəli tədris binasında keçirilən görüşü ibtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, əməkdar elm xadimi, professor Fərrux Rüstəmov açaraq tələbə yoldaşlarını salamlayıb. Görüşdə F.Rüstəmov ADPU-nun rektoru, professor Cəfər Cəfərovun rəhbərliyi ilə universitetdə tədris prosesinin təkmilləşdirilməsi və daha səmərəli qurulması, əməkdaşlıq mühitinin yaradılması, sağlam rəqabətin formalaşdırılması, dərin elmi-metodik biliyi, kreativ düşüncəsi, geniş erudisiyası, pedaqoji-psixoloji hazırlığı, yüksək mənəvi-əxlaqi keyfiyyətləri, tədris təcrübəsi və peşəkarlıq səviyyəsi ilə fərqlənən müəllim hazırlığı sahəsində aparılan islahatlardan danışıb.
Sonra xatirələr dilə gəlib. Dünyasını dəyişən Rasət Poladovun, Əzizxan Mirzəyevin, Əbülfəz Bəbirovun, Mübariz Qəhrəmanovun və Gülnarə Ayvazovanın xatirələri hörmətlə anılıb. Respublikamızın müxtəlif bölgələrində, Bakı və Sumqayıt məktəblərində ibtidai sinif müəllimi işləyən Hökumə Vahabova, Bəsti Ədilova, Nərgiz Qurbanova, Xuraman Əlimərdanova, Məhəbbət Süleymanova, Adil Əliyev, Bənövşə Allahverdiyeva, Kifayət Şirinova, Mirvari Qocayeva, Yaşar Əlimərdanova, Əzizə Əsgərova, Məmləkət Hüseynova, Aidə Hüseynova, Kütahi Nəbiyeva, Akif Səmədov, Əzizə Xəlilova tələbəlik illəri ilə bağlı xatirələrini bölüşüb, müəllimlərini hörmət və ehtiramla yad ediblər. Müəllim kadrları hazırlığında müstəsna xidmətləri olan, yüksək təcrübəyə və ənənəyə malik ADPU-nun məzunları olmaları ilə fəxr etdiklərini bildiriblər. Azərbaycan Yazıçılar Birliyinin üzvləri Xürrəm Qafanlı və Çingiz Əliyev tələbəlik illərini poetik dillə vəsf edib, yeni yazdıqları şeirlərini oxuyublar.
Sonra tələbəlik illərini xatırladan zəng vurulub. “Tələbələr” öz müəllimlərini gözləyib. Baxışlar qapıya dikilib... Heç vaxt dərsə geçikməyən professorlar Mərdan Muradxanov, Xəlil Fətəliyev, Soltansəlim Axundov, Seyidağa Həmidov, dosentlər Əyyub Tağıyev, Sədrəddin Nəbiyev, Nəmidə Abbasova, Sabir Süleymanov, Mustafa Əliyev “dərsə”- tələbələrinin görüşünə gəlməyib. Heç 1978-1982-ci illərdə onlara atalıq qayğısı göstərmiş dekan, dosent Musa Həsənov da gözə dəyməyib. Azərbaycan təhsil və tədris tarixinə öz adlarını qızıl hərflərlə yazan sevimli müəllimlər “dərsə” gəlmədilər, heç vaxt da gəlməyəcəklər... Çünki çoxdan haqq dünyasına qovuşublar... Allah rəhmət eləsin!
Tədbirin sonunda görüş iştirakçıları xatirə şəkli çəkdirib, tədris binası ilə yaxından tanış olublar.

ADPU-nun Mətbuat Xidməti



Oxşar xəbərlər