Məlum olduğu kimi, aprelin 20-dən başlayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) kafedralarda tədris olunan fənlər üzrə professor, dosent, baş müəllim və müəllim vəzifələrini tutmaq üçün keçirilən müsabiqənin ikinci mərhələsi başlayıb. Alternativ əsaslarla keçiriləcək müsabiqənin məqsədi ADPU-da tədris prosesinin təkmilləşdirilməsi və daha səmərəli qurulması, şəffaf və obyektiv təhsil mühitinin yaradılması, sağlam rəqabətin formalaşdırılması, dərin elmi biliyə, kreativ düşüncəyə, zəngin erudisiyaya, ətraflı dünyagörüşünə, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik rəqabətqabiliyyətli mütəxəssisləri işə cəlb etməkdir. Eyni zamanda ADPU-da tədris-yardımçı heyətin də bilik və peşəkarlıq səviyyəsinə ciddi diqqət yetirilir. Belə ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərovun müvafiq əmri ilə İnsan resursları şöbəsi tərəfindən aprelin 25-dən universitetdə tədris-yardımçı heyətin: tədris laboratoriya müdirlərinin, tyutorların, laborantların, baş laborantların, tədris ustalarının, operatorların və Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşlarının bilik və peşəkarlıq səviyyəsinin yoxlanılmasına başlanılıb. Məqsəd onların peşəkarlıq səviyyəsinin müəyyən edilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsidir. ADPU-nun rektoru, professor Cəfər Cəfərov yoxlamanın şəffaf və obyektiv keçirilməsinə ciddi nəzarət edir. Yoxlamaya ümumilikdə 247 nəfər cəlb edilib. Yoxlama iki mərhələdə aparılacaq. Yoxlamanın birinci mərhələsində hər bir qrupu 14 nəfərdən ibarət olan tədris-yardımçı heyətin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində bilik və bacarıqları yoxlanılacaq. Növbəti həftə keçiriləcək ikinci mərhələdə isə onların elmi-nəzəri bilik səviyyələri, qanunvericiliklə bağlı bilikləri, məntiqləri, dünyagörüşləri yoxlanılacaq. Yoxlamaların nəticələrindən asılı olaraq hər bir işçi barədə fərdi qaydada müvafiq qərar qəbul ediləcək.
ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi