20 yanvarda qəhrəmanlıq göstərən azərbaycanlı dənizçilər haqqında sənədli film hazırlanıb

20 yanvarda qəhrəmanlıq göstərən azərbaycanlı dənizçilər haqqında sənədli film hazırlanıb “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti dənizçilərinin 28 il əvvəl 20 Yanvar faciəsi günlərində göstərdikləri böyük şücaət və qəhrəmanlığından bəhs edən “Azadlıq carçıları” adlı sənədli filmi hazırlanıb.
Filmdən bəlli olur ki, sovet hərbi gəmilərinin hərəkətinə yol verməmək üçün Bakı buxtasına gedən yolu kəsən Azərbaycan dənizçiləri bütün xəbərdarlıqlara və hədələrə baxmayaraq bir addım belə, geri çəkilmirlər.
“Sabit Orucov“ gəmisində qərargah və 7 kapitandan ibarət Kapitanlar Şurası yaradılır. SOS siqnalı vermək qərarına gələn dənizçilərin hazırladıqları mətn Azərbaycan, rus və ingilis dillərində yayımlanır.
Yanvarın 20-si səhər saat 11.30-dan 21-nə keçən gecəyədək 4 dəfə təkrar olunan SOS siqnalının ilk mətninin əks sədasını dənizçilər bir saatdan sonra Kalininqraddan, Qara dənizdən, Baltik dənizindən verilən radioqramlardan alırlar. 50-dən çox ölkənin dənizçisi radioqramlarla Azərbaycan dənizçiləri ilə həmrəy olduqlarını və bu faciənin bütün dünyaya çatdırılmasına kömək edəcəklərini bildirirlər. Bu həm də dünya dənizçilərinin həmrəylik nümayiş etdirdiyi ilk hadisə kimi tarixə düşür.
Dənizçilərimizə təzyiq və hədələr durmadan artır. SSRİ müdafiə nazirinin müavini admiral Sidorovun və digər yüksək çinli rəhbərlərin buxtanın dərhal boşaldılması tələbinə Azərbaycan dənizçiləri birmənalı olaraq “yox” deyirlər.
Dənizçilərimiz geri çəkilmədiyindən hərbçilər mülki gəmilərimizi müxtəlif silahlardan atəşə tuturlar. Həmin atəş izləri hələ də bəzi gəmilərin üzərində durur.
Hadisələrdən sonra 40-a yaxın kapitanımız həbs edilir, onların barəsində cinayət işi açılır…
“Azadlıq carçıları” sənədli filmi həm də onu sübut edir ki, o vaxt dənizçilərimizin cəsarətli addımları sovet hərbi gəmilərinin Bakı buxtasına yan almasının və sovet əsgərlərinin törətdiyi qətliamı davam etdirməsinin qarşısını almaqda mühüm rol oynayıb.
Bəli, film təkcə 20 Yanvar faciəsinin ağrı-acılarını özündə əks etdirmir. Ən azı elə buna görə “Azadlıq carçıları”na baxmağa dəyər.



Hikmət Əliyev

Oxşar xəbərlər