Azərbaycan Universitetində Cümhuriyyət konfransı

Azərbaycan Universitetində Cümhuriyyət konfransı Azərbaycan Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Cümhuriyyət ideologiyası kontekstində filologiya elmi” respublika konfransı keçirilib. Konfransda Azərbaycan dövlətçiliyinin və mədəniyyətinin formalaşmasında mühüm rol oynamış cümhuriyyətin kontekstində filoloji fikrin keçdiyi yol və uğurları müzakirə olunub.
Ölkənin görkəmli alim və gənc tədqiqatçılarını bir yerə toplayan konfransı giriş nitqi ilə universitetin rektoru Səadət Əliyeva açıb. Rektor dövlət başçısının 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncamını xatırladaraq rəhbərlik etdiyi ali təhsil müəssisəsində bu istiqamətdə müxtəlif yönlü tədbirlər keçirildiyini diqqətə çatdırıb.
Səadət Əliyeva bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti ictimai, ideoloji və siyasi fakt olaraq yalnız tarixi şəraitin məhsulu deyil, həm də XIX əsrin sonu – XX əsrin əvvəlləri milli-siyasi, ədəbi və fəlsəfi düşüncənin nəticəsidir. Həmin dövrdə tarixin heç bir dönəmində təsadüf edilməyən nəhəng mütəfəkkirlər ordusu vardı. Bu dövrün aparıcı ədəbi simaları olan F.Köçərli, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, N.Vəzirov, Y.V.Çəmənzəminli, M.Ə.Rəsulzadə, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Hadi, H.Cavid, S.Hüseyn, Ə.Cavad, C.Cabbarlı, Ü. Hacıbəyli, C. Hacıbəyli kimi ədiblərimiz olmasaydı, yəqin ki, cümhuriyyət məfkurəsi formalaşmaz, belə bir dövlət qurulmazdı.
Rektor tədbirdə cümhuriyyətçilik ideologiyasının mədəniyyətdə, ictimai şüurda, humanitar fikirdə tutduğu mövqeyin müzakirə olunacağını və bu baxımdan konfransın əsas məramını olduqca səmərəli hesab etdiyini qeyd edib: “Çox müsbət haldır ki, konfransda eyni zamanda ədəbiyyatın özünün cümhuriyyət ideologiyasının təşəkkülündə rolu da araşdırılacaqdır”.
Daha sonra elmi konfransın plenar iclasında Azərbaycan Dillər Universitetindən professor Fəxrəddin Veysəlli, Bakı Dövlət Universitetindən professor Vaqif Sultanlı və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan professor Bədirxan Əhmədovun məruzələri dinlənilib. Professor Fəxrəddin Veysəllinin məruzəsi AXC dövründə əlifba və dil sahəsində görülmüş genişmiqyaslı işlərə həsr olunub. Professor Vaqif Sultanlı çıxışında Azərbaycan Xalq Cümhuriyyəti dövlətinin elmi ədəbiyyatdakı adı, Qafqaz – İslam Ordusunun Azərbaycana dəvət olunması, Bakının işğaldan azad olunması, AXC qurucularının ictimai-siyasi fəaliyyəti kimi mövzulara toxunub. Professor Bədirxan Əhmədov isə Azərbaycan bayrağının rənglərində ifadə olunan, dövlətçilik ideologiyasında mühüm rol oynayan “türkləşmək, islamlaşmaq, müasirləşmək” üçlü formulunun keçdiyi bir əsrlik yola nəzər salıb. Professor qeyd edib ki, Ziya Gökalp Türkiyədə, Məmməd Əmin Rəsulzadə isə Azərbaycanda üçlü düstura ictimai-siyasi məzmun verməyə müvəffəq olublar. Lakin formulun onlarla fikir adamının yaradıcılığında müxtəlif mərhələlərdən keçdiyini və onların müəllifliyini də unutmamalıyıq.
Plenar iclasın ardından konfrans öz işini “Azərbaycan ədəbi dilinin müasir durumu və nəzəri problemləri” və “Ədəbi tənqid və ədəbiyyatşünaslıq problemləri” bölmələrində davam etdirib.
Konfransın materialları toplu şəklində çap olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Universitetində Cümhuriyyət konfransıAzərbaycan Universitetində Cümhuriyyət konfransıAzərbaycan Universitetində Cümhuriyyət konfransıAzərbaycan Universitetində Cümhuriyyət konfransıAzərbaycan Universitetində Cümhuriyyət konfransı

Oxşar xəbərlər