ADNSU-nun üç tələbəsi Çində təlimlərdə iştirak edəcək

ADNSU-nun üç tələbəsi Çində təlimlərdə iştirak edəcək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “Huawei-Azərbaycan” şirkətinin “Seeds for the Future” layihəsi çərçivəsində Çində təlimdə iştirak edəcək informasiya texnologiyaları və idarəetmə fakültəsinin tələbələri Leyla Talibzadə, Nəzrin Hacıyeva və Sübhan Kamilov ilə görüşüb.
Həmin tələbələr noyabrın 30-dan dekabrın 16-dək “Huawei” şirkətinin baş qərargahında ikihəftəlik təlim keçəcəklər. Görüşdə M.Babanlı universitetin beynəlxalq əlaqələrinin genişləndiyini diqqətə çatdırıb, mübadilə sayəsində gənclərin xaricdə təcrübə keçməsinin əhəmiyyətini vurğulayıb. ADNSU tələbələrinin “Huawei-Azərbaycan” şirkəti tərəfindən keçirilən seçimlərdəki fəallığını yüksək qiymətləndirən rektor gənclərin informasiya texnologiyaları sahəsində biliklərinin artırmalarının vacib olduğunu söyləyib, onlara tövsiyələrini verib.
Xatırladaq ki, seçim dünyanın 200-dən çox ali məktəbində texniki ixtisaslarda təhsil alan və telekommunikasiyalarla maraqlanan ən yaxşı tələbələr arasında aparılıb. Azərbaycan universitetlərindən isə 10 tələbə təlimdə iştirak şansı qazanıb.

ADNSU-nun Mətbuat Xidməti


ADNSU-nun üç tələbəsi Çində təlimlərdə iştirak edəcək

Oxşar xəbərlər