Dövlət Neft və Sənaye Universiteti ilə “ATENAU” arasında əməkdaşlıq memorandumu imzalanıb

Dövlət Neft və Sənaye Universiteti ilə “ATENAU” arasında əməkdaşlıq memorandumu imzalanıb Aprelin 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “ATENAU” Məhdud Məsuliyyətli Müəssisənin (MMM) direktoru Azər Əhmədovla görüşüb.
Əməkdaşlıq imkanlarının və intelektual idarəetmə sahəsində birgə yeni layihələrin müzakirə olunduğu görüşdə rektor universitetdə görülən işlər barədə məlumat verib. “ATENAU” MMM ilə birgə yeni layihə olan “İntellektual idarəetmə sistemləri” Tədris Mərkəzinin yaradımasının tələbə və magistrantlar üçün böyük imkanlar açacağını deyən rektor M.Babanlı layihənin tətbiqinin uğurlu nəticələr verəcəyinə ümidvar olduğunu bildirib.
Məzunu olduğu doğma universitetə gəlməkdən qürur duyduğunu deyən “ATENAU” MMM-in direktoru A.Əhmədov ADNSU ilə əməkdaşlıq üçün geniş imkanlar olduğunu bildirib. Bu baxımdan bir çox strateji və perspektiv planların mövcudluğunu diqqətə çatdıran A.Əhmədov ADNSU ilə birgə qurulacaq “İntellektual idarəetmə sistemləri” Tədris Mərkəzinin əhəmiyyətindən danışıb.
Tədbirin sonunda tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.
Qeyd edək ki, sənədə əsasən ADNSU-nun avtomatika və telemexanika kafedrasının nəzdində “CRESTRON” şirkətinin avadanlıq və materialları bazasında “İntellektual idarəetmə sistemləri” Tədris Mərkəzinin yaradılması, mərkəzdə bakalavr və magistrlar üçün avtomatika və idarəetmə sistemləri üzrə praktik, laborator və nəzəri dərslərin keçirilməsi və mütəxəssis hazırlığı kurslarının təşkili nəzərdə tutulur.

ADNSU-nun Mətbuat Xidməti



Oxşar xəbərlər