“Dünyanın təhsil mənzərəsi”

“Dünyanın təhsil mənzərəsi” “Dünyanın təhsil mənzərəsi”
Keçmişlə deyil, gələcəklə yaşamaq istəyiriksə...
Növbəti yazım Suqata Mitranın “Bulud məktəbi” haqqında olacaq...
Mitra hesab edir ki, müasir məktəb proqramları məlum faktlar əsasında deyil, cavabı hələ ki, bəlli olmayan suallardan hazırlanmalıdır.
Suqata Mitra məruzələrinin birində deyir: “Bir dəfə Hindistanda şagirdlərimdən soruşdum – “Siz kompüterdən istifadə edə bilirsiniz?” Uşaqlar, bəli bacarırıq dedilər. Bu zaman – “Saat neçədir? deyə soruşdum” Uşaqlar – saat 4-ə 20 dəqiqə qalıb, dedilər.” Mən soruşdum, onlar bilirlərmi, dünyanın müxtəlif yerlərində zaman fərqlidir. Məsələn, indi Nyu-Yorkda tamamilə fərqli bir vaxtdır. Əvvəlcə uşaqlar mənə inanmadılar. Mən onlara, özünüz yoxlayın dedim. Onlar internetdən istifadə etməklə bir neçə dəqiqəyə aydınlaşdırdılar ki, Yer Günəş ətrafında fırlandığı üçün dünyanın müxtəlif nöqtələrində zaman fərqi mövcuddur. Mən gördüm ki, şagirdlərim bunu cəmi 10 dəqiqə ərzində müəyyən etdilər. Bəs bunu onlara kim öyrətdi? Əlbəttə ki, internet. Maraqlı burasıdır ki, şagirdlər bu informasiyanı ingilis dilini bilmədikləri halda əldə edə bilmişdilər. Mən bunu “Özünütəşkil edən təhsil mühiti” adlandırıram.
Mitra belə hesab edir ki, bu ortamı yaratmaq çox asandır. Əgər sizin sinifdə 20 şagird varsa, siz onlara internetə bağlı olan 5 kompüter verin və çətin, maraqlı suallar qoyun. Başqa heçnə lazım deyil. Sadəcə olaraq onları təklikdə, informasiya mənbələri ilə baş-başa buraxın. Siz sadəcə bir faktla qarşılaşacaqsınız: heyrətamiz nəticə ilə.
O, İngiltərədə işləyərkən doqquz yaşlı uşaqlardan – dırnaqlarınızın kəsliməsini dayandırsanız nə baş verər? deyə soruşur. Uşaqlar öncə cavab verirlər ki, dırnaqları sonsuza qədər uzanacaq, amma sonra onlar belə qərara gəldilər ki, uzanma nəhayət ki, dayanacaq. Onlar daha bir neçə versiya irəli sürürlər. Sonra Mitra onlara internetdə axtarış aparmağı tapşırır və sinfi yarım saatlıq tərk edir. Mitra sinfə qayıdarkən uşaqların biologiya, antropologiya, təkamül nəzəriyyəsi və digər elmlərin sintezindən yaranan cavabları ilə qarşılaşır. Onlar böyükləri belə təəccübləndirəcək cavablar hazırlamışdılar.
Bu təcrübə Suqata Mitranın nəzəriyyəsinin təsdiqi baxımından bir daha diqqəti cəlb edir: Uşaqlar böyüklərin nəzarəti olmadan nə lazımdırsa onu da öyrənə bilərlər.
Bu, əsl “Özünütəşkil edən təhsil mühiti”dir. Əslində bunun necə baş verdiyini anlamaq çətindir. “Çiçək haradan bilsin ki, o nə üçün simmetrikdir?” Yaxud bir quş səmada hara və niyə uçduğunu nədən bilir? Bunun üçün onu kimsə öyrətməyib. O, özü öyrənib. Əgər siz uşaqlar üçün də belə bir ortam yaratsanız, onlar hər şeyi özləri öyrənəcəklər. “Özünütəşkil edən təhsil mühiti”nə gəldikdə isə, müəllim ilk növbədə şagirdlərinə, “İrəli gedin, mən də sizinlə birlikdə gedirəm” deməyi bacarmalı və buna əməl etməlidir. Amma şagirdlərinin yanında asılıb qalmamalı, onları öz bilikləri ilə yükləyib, çoxsaylı informasiyalar altında əzilmələrinə imkan verməməlidir. Hər bir dərs səyahət xarakterli olmalı, müəllim isə şagirdlərin dostu və yolgöstərəni qismində çıxış etməlidir, nəinki, onlardan nəticə tələb edən müfəttiş.
Bəs belə bir təhsil modelini necə təşkil etmək olar? Bu, bizim özümüzdən asılıdır. Əgər istəsək, nəinki bunu, özümüz də maraqlı modellər qura bilərik. Bunun üçün bizim istəyimiz, dünyanın təhsil təcrübəsinin tarixini və bugününü, müəllim, şagird və valideynlərin arzu və istəklərini, cəmiyyətin tələblərini bilmək lazımdır.
Qeyd edim ki, bu təhsil modelinə qoşulmaq üçün heç bir zaman və məkan məhdudiyyəti yoxdur. Uzaq məsafədən, videoəlaqə vasitsilə “Bulud məktəbi” ilə əlaqə saxlamaq mümkündür.
Mel.fm bloqu yazır ki, öz tədqiqatlarının nəticələrinə və dünyada uşaqlarla iş sahəsində çoxillik təcrübəsinə əsasən Suqata Mitra bu məktəbi “Bulud məktəbi” adlandırıb. Bəllidir ki, bu, adi məktəblərdən fərqlənir. Bura uşaqların internetlə biliklər əldə edib işlədikləri məkandır. Burada ən başlıca məsələ düzgün sual verməkdir. Bloq daha sonra bildirir ki, Suqatanın metodu ilə işləyən uşaqlar informasiyanı daha tez mənimsəyib, yadda saxlayır, ünsiyyət qurmaq, komanda ilə işləmək bacarığına malik olurlar. Bununla yanaşı, bloq yazır, “Bulud məktəbi”nin metodu ilə işləyən müəllimlər də tamamilə fərqlidirlər. Onlar şagirdlərə suallar verir, lakin onları qətiyyən təzyiq altında saxlamırlar. Bu, ən vacibidir.
Suqata Mitranın fikrincə, müasir təhsilin problemi dünyanın yüz minlərlə məktəbinin müasir çağırışlara cavab verməyən köhnə standartlarla işləməsidir. Uşaqları 50, 100 il əvvəl necə öyrədirdilərsə, bu gün də elə öyrədirlər, amma dünya çoxdan dəyişib. Məktəb divarlar əhatəsindən çıxmalıdır. Bu gün peşələrin əksəriyyətini kompütersiz, internetsiz təsəvvür etmək mümkün deyil. Bizim başlıca işimiz təhsilin dünyanın müasir çağırışlarına uyğunlaşdırılmasıdır.
Suqata Mitra yazır: “Mən hesab edirəm ki, kompüterdə işləmək və kommunikativ bacarıqlar təhsildə əsas məsələ kimi diqqətdə saxlanmalıdır. Ona görə ki, məhz bunların sayəsində müasir dünyada insan nə lazımdırsa onu öyrənə bilir. Əgər uşaqlara sual verib desəniz ki, bunun cavabını heç kəs bilmir – onlar cavabı tapacaqlar. Onlar qoyulan suala cavab verib, yollarına davam edirlər. Yoxlama işini, yaxud imtahan nəticələrini yoxlayarkən diqqət yetirmək lazımdır ki, şagird məsələnin həllinə necə yanaşıb. Bu gün google sizin üçün istənilən səviyyədə sualın həllində yardımçıdır. Biz şagirdləri elmə həvəsləndirdikcə, onların qarşısında, şübhəsiz, yeni üfüqlər açırıq.”
Bu yazıda dünya şöhrətli təhsil tədqiqatçısı Suqata Mitranın tədqiqatlarının bir qismi haqqında məlumat verəcəyəm. Suqata Mitranın arzusu “Bulud məktəbi” yaratmaq idi. O, elə bir məktəb qurmaq arzusunda idi ki, burada uşaqlar həm müstəqil olaraq bilik əldə etsinlər, həm də bir-birindən öyrənməyi öyrənsinlər. Suqata Mitranın bu ideyası insanın daxili aləminin, bilik və bacarığının üzə çıxarılması baxımından diqqətə layiqdir. Bizim beynimiz boş deyil, orada bilikləri qavramağa hazır olan “mexanizm” var. O mexanizm işə düşdükdə beynimiz bilikləri qavrayır və onu rahatlıqla da ötürür.
Buna görə də belə bir sual hər zaman aktualdır: Siz nə üçün dinləməlisiniz?
1999-cu ildə Suqata Mitra və onun həmkarları maraqlı bir layihə düşünüb meydana gətirdilər. Onlar Nyu-Dehlinin qəsəbələrindən birində sərhədi olan divarın içində bir çuxur qazaraq, internetə qoşulan bir kompüteri orada quraşdırdılar. Ərazinin gizli bir kamera ilə çəkilişini təşkil edib oradan uzaqlaşdılar. Suqata Mitra və onun həmkarlarının məqsədi nə idi? Onlar küçədə oynayan uşaqların kompüterlə davranışlarını müşahidə etməklə, əslində gələcəyə hesablanmış bir layihənin əsasını qoyurdular. Beləliklə, Suqata Mitra və onun həmkarlarının müşahidələrinə diqqət yetirək: Küçədə uşaqlar kompyuterlə oynayır, proses zamanı ondan istifadə etməyin yollarını öyrənir və nəticədə bir-birilərini öyrədirlər. Suqata Mitra və onun həmkarlarının nəzərdən keçirdikləri “Çuxur təcrübəsi” kimi tanınan bu məşhur təcrübədən sonra belə qərara gəldilər ki, hətta nəzarət və formal təhsil olmasa belə, uşaqlarda hansısa məsələ maraq doğurduğu təqdirdə, onlar həm özləri öyrənir, həm də bir-birilərini öyrədirlər. Hazırda Nyukasl Universitetində təhsil texnologiyaları üzrə professor kimi çalışan Mitra bunu "minimal invaziv təhsil" adlandırıb.
Mitra hesab edir ki, özünütəşkiletmə təlimi təhsilin gələcəyini müəyyən edəcək. O, TED2013-də TED mükafatı üçün cəsarətli bir ideya irəli sürdü: mənə uşaqlarınsərbəst şəkildə özlərini və bir-birlərini öyrədə, həmçinin dünyanın bulud qaynaqlarından istifadə edə bilmələri üçün buludda bir məktəb yaratmağıma kömək edin. Bu ideya cəsarətli olmaqla bərabər, həm də ciddi əsaslandırma tələb edirdi. Mitra bunu sübut edirdi. Əsaslandırırdı ki, uşaqlar özləri özlərini yaxşı öyrədə bilirlər. Bunun üçün onun əlində kifayət qədər sübutları var idi.
Bu gün artıq “Bulud məktəbi” dünyanın yeddi məkanında mövcuddur. Onlardan 5-i Hindistanda, 2-si isə Böyük Britaniyadadır. Bulud onlayn platforması eyni zamanda, dünyanın müxtəlif ölkələrindən, eləcə də Kolumbiya, Pakistan və Yunanıstandan olan tələbələrə elmi laboratoriyalar və proqramlarda iştirak etməyə imkan yaradır. Bu, həmin ölkələrin gəncləri üçün çox yüksək imkanlar deməkdir. Onlar Bulud məktəbinin sosiallaşmağa açdığı qapıdan böyük məmnuniyyətlə daxil olurlar.
2016-cı ildə Mitra Hindistandakı bulud məktəbində ilk konfrans təşkil etdi. Bu konfrans “Bulud məktəbi”nin məqsəd və məramının açılması, Suqata Mitra və onun komandasının həyata keçirdiyi işlərin izahı baxımından əhəmiyyətli idi. Konfransda çıxış edən Suqata Mitra bu günə qədər məktəbdə 16.000-dən çox fərdi dərs keçirildiyini və dünyanın müxtəlif guşələrindən uşaqların bu yeni təhsil modelinə doğru addım atdıqlarını, ona maraq göstərdiklərini vurğuladı.
Mitra iddia edir ki, informasiya inqilabı təhsilə əvvəllər mövcud olmayan yeni bir stil, yenilik gətirib. Bu baxımdan “Bulud məktəbi”nin də qarşısında yeni perspektivlər açılır.
Ardı var.

Böyükağa MİKAYILLI


Mənbə:

1. https://www.ted.com/speakers/sugata_mitra
2. http://soloneba.com
3. https://mel.fm/blog


Oxşar xəbərlər