Ulu Öndərin sosial-iqtisadi fəaliyyətinə həsr olunan kitab təqdim edilib

Ulu Öndərin sosial-iqtisadi fəaliyyətinə həsr olunan kitab təqdim edilib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Şahbaz Muradovun “Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi: tənəzzüldən tərəqqiyə yüksələn 50 illik çətin yolun sosial-iqtisadi nəticələri” kitabının təqdimatı olub.
Tədbiri giriş sözü ilə açan müəssisənin direktoru, professor Nazim İmanov nəşrin Ümummilli Liderin respublikada birinci dəfə rəhbərliyə gəlişinin 50 illiyinə həsr edildiyini, kitabda tənəzzüldən tərəqqiyə yüksələn həmin dövrün sosial-iqtisadi nəticələrinin təhlil olunduğunu bildirib. O qeyd edib ki, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin respublikamızın inkişafında, güclənməsində müstəsna xidmətləri olub. Onun sözlərinə görə, Ulu Öndər daim Azərbaycan xalqının və dövlətinin maraqlarını, mənafeyini müdafiə edib, qəbul etdiyi uzaqgörən siyasi qərarları ilə ölkəni düşdüyü ağır vəziyyətlərdən çıxara bilib.
Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin "Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsinə həsr edilmiş dəyərli tədqiqat əsəri" mövzusunda məruzəsi dinlənilib. Akademik çıxışında Ümummilli Liderin dövlətçilik tariximizdəki rolundan, müstəqil Azərbaycanın memarı kimi gördüyü işlərdən danışıb. Akademik qeyd edib ki, kitabda dahi şəxsiyyətin həyat yolu, onun Azərbaycanın sosial-iqtisadi tərəqqisindəki xidməti, respublikanın tənəzzüldən sabitliyə qədər keçdiyi yolun iqtisadi mənzərəsi faktlarla, statistik rəqəmlərlə oxucuya təqdim olunur. İsa Həbibbəyli Ulu Öndərin respublikaya rəhbərlik etdiyi hər iki dövrün Azərbaycanın tarixinə düşdüyünü, respublika iqtisadiyyatının keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb. Məruzəçi Ümummilli Liderin Azərbaycanın tərəqqisi və inkişafına yönəlmiş siyasi fəaliyyətinin bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Tədbirdə, həmçinin professorlar - Tofiq Hüseynovun "Uğurlu sosial-iqtisadi siyasətin qələbəsi", Tərbiz Əliyevin "İqtisadçı alimin ictimai mövqeyini əks etdirən kitab", Rəna Sultanovanın "Heydər Əliyev və məşğulluq strategiyası" və Əlizadə Əsgərlinin "Ulu öndər Heydər Əliyevin elm strategiyası" mövzularında məruzələri dinlənilib.
Sonda kitabın müəllifi Şahbaz Muradov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər