Azərbaycan Dövlət Neft və Sənaye Universitetində növbəti onlayn iclas

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində növbəti onlayn iclas Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Elmi şurasının onlayn formatda növbəti iclası keçirilib.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı iclasın gündəliyi haqqında məlumat verib. Ölkədə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən tədbirlərdən söz açan rektor qabaqlayıcı tədbirlərin əhəmiyyətini vurğulayıb.
Sonra rektor karantin rejimi şəraitində universitetdə tədrisin təşkili vəziyyətindən danışıb. Xatırladıb ki, ADNSU-da onlayn tədris martın 29-dan başlanıb. Bu, ali təhsil ocağında hələ dörd il əvvəl mükəmməl Elektron universitet sisteminin yaradılması, professor-müəllim heyətinin İKT biliklərinin artırılması sayəsində mümkün olub.
Ölkə rəhbərliyinin koronavirus pandemiyası ilə əlaqədar respublika iqtisadiyyatının, o cümlədən sahibkarlıq fəaliyyətinin dəstəklənməsi istiqamətində atdığı mühüm addımları qeyd edən rektor M.Babanlı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət büdcəsi hesabına ödənilməsi haqqında qərarı vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edən sosialyönümlü siyasətin növbəti dəfə nümayişi kimi dəyərləndirib. Bildirib ki, həmin qərarın icrası ilə əlaqədar ADNSU-da aprelin 16-dan etibarən “Qaynar xətt”in fəaliyyət göstərir. Bu həftənin sonunadək sosial baxımdan həssas əhali qrupuna aid ailələrin üzvü olan tələbələrin siyahısı tam şəkildə hazır olacaq. Belə ailələrdən olan və təhsil haqqını artıq ödəmiş tələbələrin vəsaitləri geri qaytarılacaq. Habelə postkarantin dövründə tədrisin təşkilinə dair Təhsil Nazirliyi ilə birgə müzakirələr aparılıb.
Mustafa Babanlı imtahanların keçirilməsi ilə əlaqədar 2019/2020-ci tədris ilinin yaz semestrinin onlayn rejimdə tədris olunması spesifikasının nəzərə alınaraq tələbələrin biliklərinin qiymətləndirilməsində tələbəyönümlü və eyni zamanda, biliklərin obyektiv qiymətləndirilməsinə əsaslanan yanaşmanın tətbiq olunmasının planlaşdırıldığını vurğulayıb.
Sonra Elmi şura üzvləri gündəlikdə duran məsələləri müzakirə ediblər. Kafedra müdirləri - professorlar Fərid Ağayev, Nurəli Yusifbəyli, Araz Əliyev, dosent Aydın Əliyev, fakültə dekanı, dosent İlham Rüstəmov və başqaları çıxış edərək fikirlərini bölüşüblər.
Sonda rektor tədrislə yanaşı, tələbələrin karantin rejimi qaydalarına əməl olunması ilə bağlı maarifləndirmə işini davam etdirməyi tövsiyə edib.

Tehsil-press.az

Oxşar xəbərlər