UNEC-in xaricdə yaşayan məzunları ilə onlayn görüşlərə start verilib

UNEC-in xaricdə yaşayan məzunları ilə onlayn görüşlərə start verilib Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illiyi ərəfəsində məzunların bir araya gətirilməsi məqsədilə yeni layihəyə start verilib.
İqtisadiyyat fakültəsi, İqtisadiyyatın tənzimlənməsi kafedrası və İqtisadçı Tələbə Elmi Klubunun təşkilatçılığı ilə reallaşan layihə çərçivəsində xaricdə təhsilini davam etdirən məzunlarla onlayn görüşlər təşkil olunur.
İlk görüşdə İtaliyanın Kassino və Sotern Latsio universitetində təhsil alan İqtisadiyyat fakültəsinin məzunu Bəxtiyar Nəsibli “Pandemiyanın İtaliya iqtisadiyyatına təsiri və antiböhran tədbirləri” mövzusunda çıxış edib. Məruzəçi İtaliyadakı iqtisadi vəziyyəti şərh edərək, dövlətin pandemiyaya qarşı mübarizə tədbirləri barədə məlumat verib.
Onlayn seminara qoşulan İqtisadiyyatın tənzimlənməsi kafedrasının müdiri, professor Məhiş Əhmədov xaricdə təhsilini davam etdirən məzunlarla görüşlər keçirilməsini yüksək qiymətləndirib, onlarla əlaqələrin davam etdirilməsinin müsbət ənənə olduğunu deyib.
UNEC mentorlarının rəhbəri, dosent Esmira Babaşirinova tələbələrin onlayn elmi platformalarda bir araya gəlməsinin əhəmiyyətindən danışıb. O, UNEC ailəsinin üzvü olan məzunlarla görüşlərin bütün fakültələrdə vaxtaşırı təşkil olunmasının vacibliyini vurğulayıb.
İqtisadiyyat fakültəsinin baş mentoru Zeynəb Qiyasovanın təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində dünyanın müxtəlif ölkələrində yaşayan, həmçinin təhsillərini davam etdirən UNEC məzunları ilə vaxtaşırı elmi görüşlər təşkil olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər