Koronavirus pandemiyası Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun diqqət mərkəzindədir

Koronavirus pandemiyası Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun diqqət mərkəzindədir Son günlər bütün dünyanı narahat edən koronavirus xəstəliyi həm sosial şəbəkələr, həm də mətbuatın əsas müzakirə mövzusuna çevrilib. Bu xəstəliyin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti bır sıra ciddi qərarlar verib. Həmçinin AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Koronavirusla bağlı AMEA-da profilaktik tədbirlər haqqında” sərəncam imzalayıb.
Koronavirus pandemiyasının dünya əhalisi üçün qorxunc bir xəstəliyə çevrilməsi, eyni zamanda, ölkəmizdə yayılma təhlükəsi maarifləndirmə işlərinin gücləndirilməsi, elmi müəssisələrin ciddi tədqiqatlar apararaq müvafiq tədbirlər görməsi zərurətini ortaya qoyub.
Akademik Ramiz Mehdiyevin müvafiq sərəncamında AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) mütəxəssislərinə koronavirusdan qorunma üsulları ilə bağlı kütləvi informasiya vasitələrində çıxışlar edilməsi, məlumat xarakterli materialların dərc olunması ilə bağlı tapşırıqlar verilib.
Bu məqsədlə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda koronavirusdan qorunmaq üçün elmi maarifləndirmə işləri aparılır, profilaktik tədbirlərin görülməsi ilə virusa yoluxma hallarının azaldılması istiqamətində araşdırmalar davam etdirilir.
İnstitutun əməkdaşları tərəfindən müxtəlif bakteriya və virus xəstəliklərindən qorunmaq üçün istifadə olunan vaksinlər, onların növləri, hazırlanması prosedurları tədqiq edilir. Həmçinin koronavirusun diaqnostikası üçün nəzərdə tutulan test sistemləri, xəstəliyin dinamikasını izləməyə imkan verən metodlar, SARS-CoV-2 virusunu qısa müddətdə çox sayda nümunədə aşkar edən seroloji diaqnostika kitləri araşdırılır, bu barədə məlumatlar ictimaiyyətə ötürülür.
Hazırda AMEA-nın inzibati binalarında dezinfeksiya işləri davam etdirilir. BTEB-in alim və mütəxəssisləri mətbuatda, televiziya kanallarında, sosial şəbəkələrdə mütəmadi olaraq məzmunlu çıxışlar edir, əhalinin maarifləndirilməsi işini günü-gündən genişləndirirlər.

Tehsil-press.az

Oxşar xəbərlər