Bakı Ali Neft Məktəbində Avropa İttifaqının Təlim Mərkəzi qurulacaq

Bakı Ali Neft Məktəbində Avropa İttifaqının Təlim Mərkəzi qurulacaq Avropa İttifaqının “Azərbaycanda ekoloji xarakterli fövqəladə hallar üzrə 3-cü dövr yeni magistratura səviyyəsini dəstəkləyən innovativ təlim mərkəzi” (ITACA) Bakı Ali Neft Məktəbində (BANM) qurulacaq. ITACA qrant layihəsi çərçivəsində tərəfdaş universitetlər arasından bütün meyarlara uyğun gəldiyi üçün təşkilatçılar tərəfindən İnnovativ Təlim Mərkəzinin BANM-də yaradılmasına qərar verilib.
Təlim Mərkəzi sənaye ilə akademik qurumlar arasındakı əməkdaşlıq vasitəsilə magistraturadan sonra birillik kursların layihəsini hazırlayıb inkişaf etdirəcək.
Azərbaycanda mövcud ali təhsil sistemində PhD kurslarından fərqli olan magistraturadan sonrakı dövrü əhatə edən birillik tədris mövcud deyil, halbuki Avropa İttifaqında, xüsusilə ekologiya və ətraf mühit elmləri, mühəndislik sahəsində bu cür təhsilin uğurlu olduğu sübut edilib. Universitetlər və sənaye sahələri arasında körpü rolu oynayan bu yeni təhsil növü tədrisin keyfiyyətinə, ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində yaranan problemlərin həllinə kömək edə bilər. Mərkəzdə Avropa universitetlərinin təcrübəsinə əsaslanaraq yerli ali təhsil sisteminin modernləşməsinə imkan verən innovativ tədris metodologiyası, ətraf mühitin bərpası və tullantıların idarə olunması sahəsində yeni qabaqcıl texnologiyalar tətbiq ediləcək.
Qeyd edilib ki, ITACA layihəsi Xəzər dənizinin neft çıxarılan regionlarında durğun suların reabilitasiyası ilə məşğul olan xüsusi ixtisaslaşmış magistr kadrlarının hazırlanması, eyni zamanda, bu sahədə analiz aparan və çirkabların təmizlənməsi texnologiyası ilə məşğul olan yeni Təlim Mərkəzinin yaradılmasını nəzərdə tutur.
Layihə 2022-ci ilədək İtaliyanın La Sapienza Universitetinin koordinatorluğu ilə reallaşdırılacaq. Eyni zamanda, layihə Danimarkanın Aalotg, İspaniyanın Qranada, Yunanıstanın Patras universitetləri, Almaniyanın “Argus Umweltbiotechnologie GmbH" şirkəti, eləcə də Bakı Ali Neft Məktəbi, Azərbaycan Memarlıq və İnşaat, Bakı Mühəndislik və Bakı Dövlət universitetləri tərəfindən həyata keçiriləcək.
Layihənin hədəfi tələbələrin əmək bazarına daxil olmasına yeni imkanlar yaratmaq, yerli şirkətlərdə çalışan texniki işçilərin əmək və rəqabət qabiliyyətlərinin artırılmasına töhfə vermək, eləcə də neft-qaz hasilatı nəticəsində mənfi təsirlərə məruz qalan torpaq və suyun təmizlənməsi, tullantıların idarə olunması sahəsində ali təhsilin, məşğulluğun, sahibkarlıq qabiliyyətinin yaxşılaşdırılmasıdır.

Tehsil-press.az

Oxşar xəbərlər