İnformasiya Texnologiyaları İnstitutu jurnallarının beynəlxalq elmi bazalarda indeksləşməsi məsələsi müzakirə olunub

İnformasiya Texnologiyaları İnstitutu jurnallarının beynəlxalq elmi bazalarda indeksləşməsi məsələsi müzakirə olunub AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının onlayn iclasında “İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri” jurnallarının beynəlxalq bazalarda indeksləşməsi məsələsi ilə bağlı müzakirələr aparılıb.
Bu barədə Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Könül Əliyeva məlumat verib. O, “Index Copernicus”, “Scopus”, “Index Copernicus”, “Inspec”, “Open Academic Journals Index” (OAJI.net), “DBLP” və digər beynəlxalq elmi bazalara müxtəlif illərdə institut tərəfindən olunan müraciətlər barədə danışıb. Məruzəçi “İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri” jurnallarının bu bazalarda indeksləşməsi ilə bağlı görülən işləri diqqətə çatdırıb. K.Əliyeva “Scopus” və “DOAJ” elmi bazalarında indeksləşmək üçün qoyulan əsas tələblərdən söz açıb. Bildirib ki, buraya məqalələrin rəy prosesindən keçməsi, ingilis dilində xülasələrin olması, daimi nəşr, roman əlifbası ilə biblioqrafiya, nəşr etikasına dair bəyanat, jurnalın redaktor və redaksiya heyətinin olması və s. aiddir.
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək institutun elmi jurnallarının nüfuzlu beynəlxalq elmi bazalarda indeksləşməsinin mühüm məsələ olduğunu qeyd edib, bu istiqamətdə qarşıya qoyulan vəzifələrin həlli ilə bağlı ardıcıl tədbirlər həyata keçirilməsinin önəmini diqqətə çatdırıb.

Tehsil-press.az

Oxşar xəbərlər