Kamal Abdullanın romanları Azərbaycan və dünya ədəbi tənqidində intellektual nəsrin bariz nümunələridir

Kamal Abdullanın romanları Azərbaycan və dünya ədəbi tənqidində intellektual nəsrin bariz nümunələridir “Yarımçıq əlyazma” romanı cəlbedicidir, amma onu çimərlikdə oxumaq olmaz. Bunu italyan yazıçı və filosof Umberto Eko deyib. Roman haqqında Maks Statkeyeviç (ABŞ) də maraqlı fikir söyləyib: “Yarımçıq əlyazma” təkcə qorqudşünaslığa təsir göstərməyəcəkdir. Onun, həmçinin müasir ədəbiyyatın oxunuşuna və tədqiqinə, eləcə də onun qədim (epik, mifik) ənənə ilə əlaqəsinə və digər ənənələrlə qohumluğunu da təsiri olacaqdır”. Sudha Svarnakar (Braziliya) isə yazıçının bu romanına belə qiymət verib: “Kamal Abdulla “Yarımçıq əlyazma” romanında insanları, arzuları, insan dramlarını təqdim edir, bunlar isə dillərin, adətlərin və inancların fərqliliyinə dəlalət edir, eyni zamanda, mədəniyyəti zəngin olan bir cəmiyyətin mif və əfsanələri ilə tanış oluruq”.
Bu fikirlər Xalq yazıçısı, akademik Kamal Abdullanın “Seçilmiş əsərləri”nin (yeddi cildlik) birinci cildində yer alıb.
Birinci cildə yazıçının üç romanı, həmçinin həyatı, elmi, bədii yaradıcılığı ilə bağlı faktlardan ibarət məlumat daxil edilib. Yazıçının ədəbi-bədii irsində vacib yer tutan roman yaradıcılığı “Yarımçıq əlyazma” ilə başlayıb. Müasir Azərbaycan ədəbiyyatında hadisə sayılan, ədəbiyyatşünas, mədəniyyətşünas və tənqidçilərin bədii-estetik səviyyəsinə, ədəbi siqlətinə görə yüksək nümunə kimi dəyərləndirdiyi bu əsər Bakıda ilk dəfə 2004-cü ildə çap olunub.
“Yarımçıq əlyazma”nın ədəbi taleyi təkcə Azərbaycanla bağlı olmayıb. Çap olunduğu ölkələrin sayına görə dünya ədəbiyyatının faktına çevrilən roman Fransa, Rusiya, Türkiyə, Braziliya, Polşa, Misir, ABŞ, Qazaxıstan, Avstriya, Qırğızıstan, İtaliya, Gürcüstan, Monteneqro və Yaponiyada çap olunub.
Azərbaycanda tənqidçilərin müxtəlif müzakirə və mübahisələrinə səbəb olan, ətrafında çeşidli ədəbi qalmaqallar yaranan bu əsər 2007-ci ildə “525-ci qəzet”in “İlin romanı”, Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin “Son 10 ilin ədəbi əsəri”, 2007-ci ildə “Humay” mükafatlarına layiq görülüb. 2015-ci ildə “Yarımçıq əlyazma” İtaliyanın ən böyük fondlarından biri Rikardo Tanaturri Fondunun təsis etdiyi “Scanno” mükafatının (“Skanoprize”) ədəbiyyat üzrə xüsusi prizini ölkəmizə gətirib.
“Sehrbazlar dərəsi” romanı Bakıda oxuculara 2006-cı ildə təqdim olunub. Sufi dərvişlərin həyatından bəhs edən əsər Türkiyədə, Rusiyada, Litvada, Qazaxıstanda, Fransada, Yaponiyada, İranda, ABŞ-da, İtaliyada, Rumıniyada nəşr edilib. Franko Kardininin (İtaliya) əsər haqqında fikirləri maraq doğurur: “Kamal Abdullanın “Sehrbazlar dərəsi” əsərini birinci səhifədən sonuncu səhifəyə qədər dayanmadan oxudum. Romanı oxuduqdan sonra bütün gecəni nə gözümü nə də ruhumu kitabdan ayıra bilmədim. Bu roman sanki hər birimizin dəruni avtobioqrafiyasıdır”.
“Unutmağa kimsə yox” romanı 2011-ci ildə Bakıda nəşr edilib. Kamal Abdullanın roman yaradıcılığı, həmçinin onunla əlamətdardır ki, bu əsərlər haqqında təkcə Azərbaycan ədəbiyyatşünasları və mədəniyyətşünasları (Anar, İsa Həbibbəyli, Vaqif İbrahimoğlu, Niyazi Mehdi, Aydın Talıbzadə, Tehran Əlişanoğlu, Rəhilə Qeybullayeva, Mehman Qaraxanoğlu və b.) deyil, eyni zamanda, dünya ədəbi-bədii fikrini təmsil edən, ədəbi-mədəni iqlimi yaradan, istiqaməti müəyyən edən məşhur ədəbiyyatşünaslar yazıblar. Franko Kardini, Umberto Eko (İtaliya), Lev Anninski və Lüdmila Lavrova, Yuri Polyakov, Konstantin Kedrov, Anastasiya Yermakova (Rusiya), İrfan Ülkü, Yasəmən Bayer, Arif Acaloğlu, Mehman Musaoğlu (Türkiyə), Maks Statkeyviç (ABŞ), Lyudmila Bejenaru, Livia Cotorcea (Rumıniya), Ziqlinde Hartman (Almaniya), İçiro İto (Yaponiya), Sutha Svarnakar (Braziliya), Klod Aliber (Fransa) və başqaları Kamal Abdullanın yaradıcılığına yüksək qiymət verib, romanlarına həsr olunan məqalələr yazıb, yazıçının dünya ədəbi-kulturoloji panoramındakı yeri ilə bağlı dəyərli fikirlər bildiriblər.
Kamal Abdullanın romanları Azərbaycan və dünya tənqidində postmodern ədəbiyyatın, intellektual nəsrin bariz nümunələri kimi qeyd olunur.
İkinci cildə müəllifin “Sirlərin sərgüzəşti” romanı, “Tarixsiz gündəlik” povesti və müxtəlif illərdə yazdığı hekayələri daxil edilib. “Sirlərin sərgüzəşti” romanı 2019-cu ildə “Ədəbiyyat qəzeti”ndə hissə-hissə dərc edilib, sonra “Azərnəşr”də kitab şəklində işıq üzü görüb. Roman polifonikliyi ilə müxtəlif zamanların mənəvi əlaqəsinin qırılmazlığından bəhs edir. Roman ayrı-ayrı zaman və məkanlarda yaşayan insanların – Hacı Mir Həsən ağa Səyyah və professor Həsən müəllimin mənəvi-psixoloji dialoqları üzərində qurulub. Bu dialoqlar fonunda baş verən şəxsi və ailə faciələri romanı gözlənilməz situasiyalarla zənginləşdirir və oxucu üçün daha maraqlı edir.
Kitabdakı “Tarixsiz gündəlik” povesti müəllifin orta məktəb xatirələrinin melanxoliyasının anoxronik təsviridir. Povest rus və bolqar dillərində də işıq üzü görüb.
Kamal Abdullanın bu kitaba daxil edilən hekayələri mövzu zənginliyi və problematika baxımından, həmçinin arxitektonikasına görə özlüyündə müxtəlif qruplarda birləşir. Bəzi hekayələr qədim mifoloji mətnlərdən, bəziləri müasir insanların həyatından, bəziləri isə sirli qəhrəmanların real, yaxud irreal məkanda səyahətindən bəhs edir. Hekayələrdəki xronotopların rəngarəngliyi oxucunu təəccübləndirir və onu gözləmədiyi vəziyyətlərlə üz-üzə qoyur.
Roman və hekayələrlə tanış olan oxucu bir daha əmin olur ki, Kamal Abdullanın söylədiyi əhvalatlar, qələmə aldığı bu çoxqatlı mətnlər nahaqdan müasir Azərbaycan intellektual nəsrinin nümunələri kimi təqdim edilmir.
Üçüncü cildə müəllifin müxtəlif illərdə yazdığı şeirlər, rus klassik şairlərinin yaradıcılığından etdiyi tərcümələr, ədəbiyyatın və mədəniyyətin problematik aspektlərindən bəhs edən esseləri, pyesləri daxil edilib. Bu cilddə toplanan seçilmiş pyeslər müxtəlif illərdə Azərbaycanın ayrı-ayrı teatrlarında, həmçinin Gürcüstan və Estoniyada səhnəyə qoyulub, böyük tamaşaçı rəğbəti qazanıb.
Dördüncü cild müəllifin “Qorqudnamə” adı altında birləşdirdiyi elmi, publisistik əsərlərindən bəzilərini əhatə edir. Bu cildə Kamal Abdullanın xalqımızın ana kitabı “Kitabi-Dədə Qorqud” dastanının gizli qatlarından dünya xalqlarının eposları ilə müqayisəli şəkildə bəhs edən “Gizli “Dədə Qorqud”, yaxud Mifdən Yazıya” kitabı, dastanın poetik özəlliklərini elmi əsaslarla şərh edən fundamental “Kitabi-Dədə Qorqud” poetikasına giriş” monoqrafiyası, azərbaycanşünaslığın “Dədə Qorqud” dastanında təzahürünü tapmış sosial, iqtisadi, etnik, dini, milli, siyasi köklərindən bəhs edən “Azərbaycançılıq və “Kitabi-Dədə Qorqud” adlı dərs vəsaiti və dastanla bağlı elmi-publisistik məqalələri, oçerkləri daxil edilib.
Bu cilddə müəllifin qorqudşünaslıqla bağlı həyata keçirdiyi geniş miqyaslı işlərin və araşdırmaların, o cümlədən “Gizli “Dədə Qorqud” silsiləsinin yalnız bir qismi daxil edilib. Müəllifin “Kitabi-Dədə Qorqud” poetikasına giriş” monoqrafiyası dünya kulturoloji fikrinin kontekstində yazılmış bir əsər kimi bu cilddə xüsusi yer tutur.
Akademik Kamal Abdullanın ADA Universitetində tələbələrə oxuduğu “Azərbaycanşünaslıq” mühazirələrinin əsasında hazırlanmış “Azərbaycançılıq və “Kitabi-Dədə Qorqud” adlı dərs vəsaiti IV cildin xüsusi bir bölməsini təşkil edir. “Dədə Qorqud” dastanında bəhs edilən Oğuz cəmiyyətinin sosial, iqtisadi, etnik, dini, milli, siyasi durumu və dövlətçilik düşüncəsi müstəqil Azərbaycanın əsas ideologiyası olan azərbaycançılıq kontekstində təhlil edilir. Ulu öndər Heydər Əliyevin xalqımızın adət-ənənələri üzərində yaratdığı və bu gün dünyada olan bütün azərbaycanlıları birləşdirən azərbaycançılıq ideologiyasının ilkin rüşeymləri dastan mətnindən hasil edilir və oxucuya təqdim olunur.
Bu cildin son bölümünü təşkil edən məqalələr də birbaşa “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı Kamal Abdullanın müxtəlif illərdə yazıb ölkəmizdə və xaricdə çap etdirdiyi dastan mətninin ayrı-ayrı problemlərindən bəhs edən elmi və elmi-populyar tədqiqlərdir. Bura, həmçinin “Kitabi-Dədə Qorqud” ensiklopediyası”nda Kamal Abdullanın müəllifi olduğu ensiklopedik oçerklər daxil edilib. Hər bir oçerk dastan mətnində olan və ya mətni anlamaqda oxucuya kömək edən anlayışların əhatəli izahına həsr edilib.
Xatırladaq ki, akademik Kamal Abdulla 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələn tədbirlərin icrasına rəhbərlik edib. Bu cildin məqalələr hissəsində verilən yazı da məhz alman diplomatı və şərqşünası Fridrix fon Ditsin türk dünyası üçün gördüyü misilsiz fəaliyyətə müəllifin minnətdarlığının ifadəsidir.
Qeyd edək ki, Xalq yazıçısının 7 cilddən ibarət “Seçilmiş əsərləri”nin 5-ci cildində dilçilik və poetikaya aid əsərləri, 6-cı cildində intervü və məqalələri, 7-ci cildində onun haqqında ölkədə və xaricdə yazılan məqalə və kitablar, onlardan iqtibaslar və Kamal Abdullanın onlara münasibətini əks edən parçalar yer alacaq.
Bütün bunlarla yanaşı, alim türk xalqlarının qədim epik ədəbiyyatları sahəsində araşdırmaların müəllifidir. Onun dilçiliyə dair “Azərbaycan dilində sadə cümlə sintaksisinin nəzəri problemləri”, “Azərbaycan dili sintaksisinin nəzəri problemləri”, “Azərbaycanda rus dili” professor İlyas Həmidovla birgə, “Dilçiliyə səyahət və yaxud dilçi olmayanlar üçün dilçilik”, “Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər” dilçi alimlər ilə birlikdə, “Azərbaycanca danışaq” kimi kitabları var.
Görkəmli alimin ədəbiyyatşünaslıq, tənqid və esseistikaya dair “Müəllif – əsər – oxucu”, “Əvvəl – axır yazılanlar”, “Yolun əvvəli və axırı”, “300 azərbaycanlı” kimi kitablarında dünya ədəbiyyatının problematik aspektlərindən bəhs edilir, qədim və müasir ədəbi prosesin görünməyən tərəfləri işıqlandırılır. O, qorqudşünaslığa dair bir neçə monoqrafiyaların müəllifidir.
Akademik Kamal Abdulla 2015-ci ildə (professor E.Nəcəfov ilə həmmüəlliflikdə) “Multikulturalizm” fənni üzrə “Multikulturalizmə giriş” (Bakalavr səviyyəsi üçün) və “Azərbaycan multikulturalizmi” (Magistr səviyyəsi üçün) tədris proqramları hazırlayıb. O, ali məktəblər üçün “Azərbaycan multikulturalizmi” adlı dərsliyin elmi redaktoru (professor E.Nəcəfovla birlikdə) və əsas müəlliflərindən biridir. 2015-ci ildə ADA Universitetində “Azərbaycançılıq” fənnini tədris edib.
Görkəmli alim 300-ə yaxın məqalə, 20-dən çox dərs vəsaiti və monoqrafiyanın müəllifidir.
O, 2014-cü ilin fevral ayında Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilib. Həmçinin ölkə başçısının 2014-cü 19 noyabr il tarixli Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü təyin olunub. Həmin noyabrın 28-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının ilk iclasında bu qurumun Himayəçilik Şurasının sədri seçilib. 2017-ci ildən Azərbaycan Dillər Universitetinin rektorudur.
“Kitabi-Dədə Qorqud” dastanının tədqiqindəki xidmətlərinə görə 1999-cu ilin dekabr ayında Kamal Abdullaya ulu öndər Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” adı verilib. 2007-ci ildə Rusiya Federasiyasının “Puşkin” medalı, 2007-ci ildə Azərbaycanda “Humay mükafat”ı, 2007-ci ildə “525-ci qəzet”in “İlin romanı”, 2007-ci ildə Monitorinq qrupunun “İlin ədəbiyyat adamı”, 2009-cu ildə Azərbaycanla Çexiya arasında münasibətlərin inkişafında mühüm roluna görə “Karl Kramej” medalı, 2009-cu ildə Polşa Prezidenti tərəfindən “Böyük Xaç” kavaler ordeni, 2009-cu ildə Polşanın müsbət simasının formalaşmasındakı mühüm xidmətlərinə görə Polşa Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi Diplomu, 2010-cu ildə Dədə Qorqud Milli Fondunun “Dədə Qorqud Milli Mükafatı”, “Azərbaycan dünyası” beynəlxalq jurnalının “Vətən övladı” qızıl medalı, 2010-cu ildə III Nəsimi Milli Ədəbiyyat müsabiqəsində “Yarımçıq əlyazma” romanına görə “Son 10 ilin ədəbi əsəri” mükafatlarına layiq görülüb.
Alim 2015-ci il dekabrın 3-də ölkə Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni, 2019-cu ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Xalq yazıçısı” fəxri adı, 10 iyul 2019-cu ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı və 19 iyul 2019-cu ildə Azərbaycan Respublikası Xarici işlər Nazirliyinin Sərəncamı ilə “Azərbaycan diplomatik xidmət orqanları – 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif edilib.
Kamal Abdulla Türk Dil Qurumunun həqiqi fəxri üzvü, Ukrayna Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü, Moskva Şəhər Pedaqoji Universitetinin və Ural Federal Universitetinin fəxri doktoru, Poltava İqtisadiyyat və Ticarət Universitetinin fəxri professoru, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstanın Təhsil Elmləri Akademiyasının həqiqi üzvüdür.

Tehsil-press.az

Oxşar xəbərlər