Rumıniyada Kamal Abdullanın yaradıcılığına həsr olunan beynəlxalq elmi konfrans keçirilib

Rumıniyada Kamal Abdullanın yaradıcılığına həsr olunan beynəlxalq elmi konfrans keçirilib Rumıniyanın Yassı Dövlət Universiteti və Qazaxıstanın Lev Qumilyov adına Dövlət Universitetinin Rus filologiyası kafedrasının təşkilatçılığı ilə Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullanın yaradıcılığına həsr olunan onlayn elmi konfrans keçirilib.
“Kamal Abdullanın çoxşaxəli yaradıcılığı dünya ədəbiyyatı kontekstində” adlı konfransda Moskva Dövlət Pedaqoji Universiteti, Qazaxıstan Dövlət Universiteti, Kişineu Pedaqoji Universiteti, Tbilisi Dövlət Universiteti, Yassı Dövlət Universiteti və Ukrayna Sum Dövlət Universitetindən alimlər, tələbə, magistr və doktorantlar iştirak ediblər.
Yassı Dövlət Universitetinin dosenti, tanınmış tərcüməçi və ədəbiyyatşünas alim Lyudmila Bejenarunun moderatorluğu ilə keçirilən və Kamal Abdullanın 70 illik yubileyinə həsr olunan konfransda yazıçının yaradıcılığı bir neçə aspektdə təhlil olunub.
İngilis, rus və rumın dillərində təqdim olunan məruzələrdə müəllifin “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” romanları, eləcə də “Kitabi-Dədə Qorqud” dastanının tədqiqinə həsr olunan elmi fəaliyyəti, poeziyası, dramaturgiya yaradıcılığı ətrafında fikir mübadiləsi aparılıb. Milli ədəbiyyat və mədəniyyətlərin müasir dialoqunun dünya mədəni məkanına inteqrasiyası haqqında danışan alimlər qloballaşma, millilik, ənənəvi modellərdən təcrid, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin zəngin və hələ də kifayət qədər yaxşı öyrənilməmiş mifopetik keçmişi haqqında maraqlı fikirlərini konfrans iştirakçıları ilə bölüşüblər. Məruzəçilər bildiriblər ki, Xalq yazıçısı Kamal Abdullanın yaradıcılığının əsasını Azərbaycan ədəbiyyatı və mədəniyyətinin zəngin keçmişi təşkil edir.
“Sehrbazlar dərəsi” romanının rumın dilinə tərcüməçisi olan L.Bejenaru əsərə ölkəsində olan maraqdan danışıb, romanın ideyası haqqında, cavab axtardığı suallar ətrafında məruzə ilə çıxış edib. O, yazıçının əsərlərinin türk, rus, ingilis, fransız, alman, gürcü, ispan, polyak, portuqal, italyan, Ukrayna, fin, ərəb, yapon, bolqar, qazax, qırğız və başqa dillərə tərcümə olunduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin Kamal Abdullanın pyeslərinin Azərbaycan, Gürcüstan, Estoniya teatrlarında səhnəyə qoyulduğunu qeyd edib, müəllifin “Ruh” və “Bir, iki, bizimki” pyesləri haqqında danışıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri kimi Kamal Abdullanın Azərbaycan multikulturalizminin dünyada təbliği istiqamətindən danışan tərcüməçi artıq 4-cü ildir ki, Yassı Dövlət Universitetində “Azərbaycan multikulturalizmi” fənninin uğurla tədris olunduğunu deyib. L.Bejenaru Xalq yazıçısı Kamal Abdullanı 70 illik yubileyi münasibətilə rumın oxucularının adından təbrik edib.
Konfransda Ukraynanın Sum Dövlət Universitetinin əməkdaşı Anastasiya Çasovski “Kamal Abdullanın yaradıcılığının müasir qavranması və təhlili” mövzusunda məruzə ilə çıxış edib. İngilis dilində təqdim olunan məruzədə Şərq mədəniyyəti, şaman-dərviş mədəniyyəti, bütün zamanlarda insanlığı düşündürən məhəbbət və nifrət, müharibə və sülh, qisas və bağışlama, səadət və ruhi sakitlik axtarışı ilə bağlı məsələlər təhlil olunub: “Görkəmli yazıçı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı mənə uşaq vaxtı oxuduğum və unuda bilmədiyim Şərq nağıllarının xoş təəssüratını bir daha xatırlatdı. Romanın fəlsəfi qatı, gizlin mətləblərə işıq tutma özəlliyi, insan psixologiyasının ən incə məqamlarını göstərmə məharəti onun ədəbi-bədii dəyərini daha da artırır”.
Rumıniyanın Yassı Dövlət Universitetinin alimi Liviya Kotorça “Yarımçıq əlyazma” romanını bədii və tarixi planda təhlil edib. O qeyd edib ki, romanda tarixlə ədəbiyyatın həm mükəmməl tandemini, həm də sintezini görürük. Əsərdə tarix və ədəbiyyatın sərhədləri itsə də, müəllif öz yüksək sənətkarlığı ilə oxucunu xüsusi bədii priyomlarla xəbərdar edir.
Daha sonra Moskva Dövlət Universitetinin alimi Oksana Kozlova “Kamal Abdullanın romanlarının tərcüməsi və rus mədəni mühitindəki yeri” mövzusunda məruzə ilə çıxış edib. O, yazıçının rus dilinə tərcümə olunan “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox” romanlarına rus oxucusunun, eləcə də peşəkar və intellektual ədəbiyyat kəsiminin böyük marağından danışıb.
Kişineu Dövlət Universitetinin əməkdaşı Qabriela Topor, Gürcüstan Dövlət Universitetinin alimi İndina Caqana Xalq yazıçısı Kamal Abdullanın dilçilik, dramaturgiya, poeziya istiqamətindəki fəaliyyətini təhlil ediblər. Bildirilib ki, müəllif hər üç istiqamətdə böyük uğur qazanan əsərlər yaradıb. Onun əsərlərində fəlsəfəni, dünyanı və insanlığı maraqlandıran suallara cavab tapmaq olur.
Daha sonra Rumıniyanın Yassı Dövlət Universitetinin alimi Kristina Veskeuçanın “Sehrbazlar dərəsi – roman kainat” adlı məruzəsi dinlənilib. Alim 2019-cu ildə Buxarestdə keçirilən beynəlxalq kitab yarmarkasında “Sehrbazlar dərəsi” romanının təqdim olunduğunu xatırladıb. “Üç mindən çox müəllifin iştirak etdiyi kitab yarmarkasında 26 ildir ki, Azərbaycandan yeganə müəllif olaraq Kamal Abdullanın adı çəkilir. Məmnuniyyətlə deyə bilərəm ki, “Sehrbazlar dərəsi” romanına bizim universitetin tələbələrinin böyük marağı var. Ümumiyyətlə, dünyanın 20-yə yaxın dilə tərcümə olunması göstərir ki, Kamal Abdullanın yaradıcılığına təkcə öz ölkəsində yox, dünya ədəbi-intellektual müstəvisində də maraq böyükdür. Kamal Abdulla intellektual nəsrin, intellektual ədəbiyyatın görkəmli nümayəndəsi kimi öz ölkəsində və dünyada dilçi, ədəbiyyatşünas alim kimi də qiymətləndirilir”.
Daha sonra konfrans “Rumın tələbələrinin yazıçı Kamal Abdulla ilə dialoqu” adlı dəyirmi masa ilə davam edib. Dəyirmi masada yazıçı həyat və yaradıcılığı, ədəbi və mədəni məsələlərə münasibəti, müasir gəncləri düşündürən problemlər, Rumıniya və Azərbaycan münasibətləri, Azərbaycan multikulturalizmi, poeziya, dramaturgiya istiqamətində tələbələrin suallarını cavablandırıb. Onlayn görüşdə 2019-cu ildə Rumıniyanın Mərkəzi Kitabxanasında Kamal Abdullanın kitablarından ibarət keçirilən sərginin videoçarxı nümayiş olunub, Buxarestdə “Sehrbazlar dərəsi” romanının təqdimatında lentə alınan videomaterial göstərilib, müəllifin şeirləri tələbələrin ifasında Azərbaycan və rumın dillərində təqdim edilib.
Akademik Kamal Abdulla konfransın keçirilməsinə görə təşkilatçılara təşəkkürünü bildirib. O, çıxışında Azərbaycanın erməni işğalçıları üzərində qazandığı tarixi qələbəyə diqqət çəkib, ölkəmizdəki multikultural mühit haqqında məlumat verib.
Sonda Kamal Abdulla ədəbiyyatla peşəkar müstəvidə məşğul olan alimləri dinləməkdən, onlarla həmsöhbət olmaqdan, müzakirə aparmaqdan məmnun olduğunu deyib: “Konfransda çox gözəl, dərin, intellektual, eyni zamanda, çox səmimi çıxışlar oldu. Alimlər mənim yaradıcılığımı müxtəlif istiqamətlərdə təhlil etdilər. Hesab edirəm ki, bu, təkcə mənim yaradıcılığımdan bəhs edildiyi üçün yox, eyni zamanda, müqayisəli ədəbiyyat, mədəniyyətlərin bir-birinə inteqrasiyası baxımından da əhəmiyyətli, faydalı oldu. Mən bütün çıxışlarda peşəkarlıq hiss etdim. Gənc alimlərin, ədəbiyyatşünasların hazırlıqlı olduğunu gördüm. Bu, məni sevindirdi. Hesab edirəm ki, Azərbaycan Dillər Universiteti ilə Yassı Universiteti, eyni zamanda, Rusiya, Qazaxıstan, Gürcüstan, Moldova, Ukrayna universitetləri arasında gələcəkdə də sıx, intensiv əlaqələr olmalıdır”.

Tehsil-press.az

Oxşar xəbərlər