MDU “Təkrar emal iqtisadiyyatı və davamlılıq siyasəti” mövzusunda III Beynəlxalq Elmi Konfransın təşkilatçılarından biridir

MDU “Təkrar emal iqtisadiyyatı və davamlılıq siyasəti” mövzusunda III Beynəlxalq Elmi Konfransın təşkilatçılarından biridir Mingəçevir Dövlət Universiteti (MDU) 2025-ci ilin 2–3 oktyabr tarixlərində “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən “Təkrar emal iqtisadiyyatı və davamlılıq siyasəti” mövzusunda III Beynəlxalq Elmi Konfransın təşkilatçılarından biri olub.

Konfransın təşkilatçıları sırasında İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD İnstitutu), İqtisadiyyat Nazirliyi yanında İqtisadi Elmi Tədqiqat İnstitutu (Türkiyə), Tekirdağ Namık Kemal Universiteti (Türkiyə), İstanbul Gelişim Universitetinin Dayanıqlı Ətraf Mühit və Cəmiyyət Tətbiq və Tədqiqat Mərkəzi (Türkiyə), Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadi Tədqiqatlar Elmi-Tədqiqat İnstitutu yer alır.

Oktyabrın 2-də İqtisadi Elmi Tədqiqat İnstitutunda keçirilən açılış mərasimində Azərbaycan, Türkiyə və digər ölkələrin ali təhsil müəssisələrindən, elmi-tədqiqat institutlarından çoxsaylı alim və tədqiqatçılar iştirak ediblər. Açılış mərasimində MDU-nun rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti də yer alıb.

Konfransın açılış nitqi ilə çıxış edən İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri, professor Şahin Sadıqov Türkiyə–Azərbaycan elm və təhsil əməkdaşlığının önəmini vurğulayaraq bildirib ki, keçirilən beynəlxalq elmi konfrans elm adamlarını, tədqiqatçıları və gənc alimləri bir araya gətirərək dayanıqlı inkişaf, təkrar emal iqtisadiyyatı və ətraf mühit siyasəti kimi çağdaş mövzuların müzakirəsinə geniş imkanlar açır. Türkiyə və Azərbaycan arasında elm və təhsil sahəsində əlaqələrin hər il daha da genişlənməsinin onlara qürur verdiyini qeyd edən Ş. Sadıqov bu əməkdaşlığın yeni elmi ideyaların yaranmasına, ortaq layihələrin reallaşmasına və davamlı inkişaf hədəflərinə mühüm töhfələr verəcəyini diqqətə çatdıraraq konfransın işinə uğurlar arzulayıb.

MDU-nun rektoru Anar Eminov konfransın beynəlxalq əməkdaşlıq üçün əhəmiyyətini vurğulayaraq təkrar emal iqtisadiyyatı, yaşıl inkişaf və davamlılıq siyasətinin bu gün qlobal çağırışların mərkəzində olduğunu qeyd edib. O, MDU-da bu istiqamətlərdə elmi araşdırmalar aparıldığını, tələbə və tədqiqatçıların fəal inkişafı üçün yeni imkanların yaradıldığını bildirib və universitetin beynəlxalq mühitə inteqrasiyası baxımından konfransda iştirakını bariz nümunə adlandırıb.

Konfrans çərçivəsində həmçinin Tekirdağ Namık Kemal Universitetindən prof. Durmuş Çağrı Yıldırım, İKSAD İnstitutunun Elm Komitəsinin sədri prof. Şahin Öztürk, UNEC-in İqtisadi Tədqiqatlar Elmi-Tədqiqat İnstitutunun direktoru prof. Yadulla Həsənli və İstanbul Gelişim Universitetindən dos. Başak Özarslan Doğan çıxış edərək Türkiyə və Azərbaycan tədqiqatçılarının bir araya gəldiyi bu mötəbər elmi platformanın əhəmiyyətini xüsusi vurğulayıblar.

Konfrans panel və bölmə iclasları ilə davam edib. Sessiyalar həm fiziki, həm də onlayn formatda təşkil olunub.

Qeyd edək ki, beynəlxalq konfransa 150-dən çox tədqiqatçı tərəfindən ümumilikdə 84 məqalə və tezis təqdim olunub. Onların sırasında MDU-nun 26 əməkdaşı da bölmə iclaslarında iştirak edib.

Tehsil-press.az

Oxşar xəbərlər