BDU-da "Heydər Əliyev mühazirələri" layihəsinin növbəti qonağı Milli Məclisin üzvü Mahir Süleymanlı olub

BDU-da Bakı Dövlət Universitetinin (BDU) və Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə "Heydər Əliyev mühazirələri" layihəsinin növbəti qonağı Milli Məclisin üzvü Mahir Süleymanlı olub.

BDU rektorunun elm və təhsil üzrə müşaviri, professor Aydın Kazımzadə 2023-cü ildən Universitetdə keçirilən “Heydər Əliyev mühazirələri” layihəsi haqqında məlumat verib. Qeyd edib ki, layihənin əsas məqsədi BDU-nun dünya şöhrətli məzunu, Ulu Öndər Heydər Əliyevin zəngin irsinin tələbələrə öyrədilməsidir.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, müstəqil və qüdrətli Azərbaycanın dinamik, davamlı və hərtərəfli inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin alternativi olmayan məqsədyönlü siyasi kursu sayəsində ölkəmiz xaosdan sabitliyə, tənəzzüldən tərəqqiyə qədəm qoyub, müstəqilliyimiz əbədi və dönməz xarakter alaraq möhkəmlənib.

Milli Məclisin üzvü Mahir Süleymanlı müasir Azərbaycan tarixinin parlaq siması, qüdrətli şəxsiyyəti olan Ulu Öndər Heydər Əliyevin siyasi obrazının xalqımızın dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsi olduğunu deyib. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası Azərbaycanın yeni tarixində məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məruzəçi davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycanın Ümummilli Lider Heydər Əliyevin həyat amalının təntənəsi olduğunu vurğulayıb.

Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər