Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində vaksinasiya ilə bağlı maarifləndirici tədbir

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində vaksinasiya ilə bağlı maarifləndirici tədbir COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə digər ölkələrdə olduğu kimi, Azərbaycanda da vaksinasiya prosesi davam edir. Mərhələli şəkildə aparılan vaksinasiya prosesinə ilk cəlb olunan qruplardan biri də müəllimlərdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəhbərliyi də vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacib olduğunu nəzərə alaraq maarifləndirici onlayn tədbir keçirib.
Tədbiri ADMİU-nun rektoru, professor Ceyran Mahmudova açaraq təklifini dəyərləndirib görüşün keçirilməsi üçün şərait yaradan Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Gəray Gəraybəyliyə və iştirakçı mütəxəssislərə təşəkkür edib.
ATU-nun Mikrobiologiya və immunologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Samir Cavadov və həkim-infeksionist, universitetin Yoluxucu xəstəliklər kafedrasının dosenti Cəlal İsayev COVID-19 virusu haqqında ətraflı məlumat veriblər.
S.Cavadov qeyd edib ki, koronovirus, əslində, 1950-ci illərdən dünyaya məlum olan virusdur. Bu virus quşlarda, heyvanlarda və insanlarda aşkar olunub. Öncə quşlarda rast gəlinən virus sonradan insanlarda da tapılıb.
Sonra mütəxəssislər vaksinasiya prosesi haqqında məlumat veriblər. Bildirilib ki, vaksinasiyada əsas məqsəd cəmiyyətdə kollektiv immunitetin yaradılması, epidemiya və pandemiyanın qarşısının alınması, eyni zamanda, ölüm riskinin azaldılmasıdır. Vaksin hər hansı xəstəlik törədən mikroorqanizmin xəstəlik törətmək qabiliyyəti olmayan formasının, yaxud mikroorqanizmin hər hansı komponentinin insan orqanizminə daxil edilməsi nəticəsində yaradılan qorunma metodudur. Vaksinlə insan xəstəliyin kiçik formasını alaraq orqanizmi onunla mübarizəyə məruz qoyur, nəticədə immunitet formalaşır. Lakin mikroorqanizm bunu xəstəlik qabiliyyəti olmadan həyata keçirir. Yəni insan xəstələnmədən, ya da çox zəif xəstələnərək immunitet formalaşdırır.
Həkim-infeksionist Cəlal İsayev hazırda Azərbaycanda və bir çox ölkələrdə tətbiq edilən “Sinovac Biotech” şirkətinin “CoronaVac” vaksininin ən yaxşı və əlverişli seçim olduğunu deyib, ağır allergiyası olanlar və yaxın zamanlarda ağır xəstəlik keçirənlərdən başqa, hər kəsin rahatlıqla vaksin oluna biləcəyini söyləyib. O, ağır xəstəlik keçirən insanların da tam sağalandan bir neçə həftə sonra vaksin vurdura biləcəklərini qeyd edib.
Görüşdə həkim-mütəxəssislər iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Tehsil-press.az


Oxşar xəbərlər