Xalqa və dövlətə xidmət missiyası

Xalqa və dövlətə xidmət missiyası Bu günlərdə əməkdar artist Baloğlan Əşrəfov dünyasını dəyişdi. Təbii ki, ölüm haqdır və xalqımız bu xəbəri böyük hüzünlə qarşıladı. Söz yox, Baloğlanın mahnılarıni, onun şirin səsini sevənlər az deyildi. Müğənnini, hətta, heç vaxt görməyib, səsini eşidənlər belə onun ölümüylə kədərləndiklərini gizlədə bilmirdilər...

Xalqa və dövlətə xidmət missiyası

Eyni vaxtda sosial şəbəkələrdə daha bir xəbər yayıldı: “Şəmkir Rayonunun İcra başçısı Alimpaşa Məmmədov həbs olundu!” Bu xəbəri isə xalqımız sevinclə, fərəhlə qarşıladı. Ölkə vətəndaşları “əcəb oldu”, “yaxşı oldu”, “haram tikə burnundan gəldi” – deyərək, Alimpaşa müəllimi yıxıb, sürüdülər...
Sual olunur, niyə axı? Bəyəm Alimpaşa bu xalqın övladı deyil? Niyə biz məhz məmurların pis gününə, onların ölümünə, onların həbsinə sevinməliyik. Sıravi bir sənət adamının ölüm xəbərinə isə yas tutub ağlamalıyıq... Hüseynbala Mirələmov bir insan kimi xeyirxah, ürəyi, qəlbi təmiz, əliaçıq adam olub. Çox insanlara kömək edib, əl tutub, işə düzəldib və s. Nə olmuşdu? İnsandı, kiməsə, qadına, katibəsinə müraciət edəndə əli onun qoluna yox, arxasına dəyib, olub da, burda nə var axı? Üç çağırış Milli Məclisin deputatı olub, hakim partiyada məsul vəzifə daşıyıb, professordur, alimdir və s. Ahıl, yaşlı bir kişini yaş yuyub, quru sərdilər; sosial şəbəkələr bir-birinə dəydi; insanlar ayağa qalxdı; hökm oxuyan kim, həbs olunmasını təklif edən kim, güllələnməsin istəyən kim... Niyə axı?
Deməli, məmurlar bu xalqa belə təlqin olunur. Məmurdursa cəzalandırılmalı, ölməli, həbsə getməlidir.

Xalqa və dövlətə xidmət missiyası

Bəli, Mirələmov üç çağırış Milli Məclis kreslosunda oturub. Görünür, xalqın xeyrinə də söz deməyib. Belə çıxır ki. bütün titulları qazana bilib, ancaq xalq məhəbbətini, xalqın istək və sevgisini qazana bilməyib... Bax, əsas məsələ də budur.
Deputat Fəttah Heydərovun ölümü də kədərlə qarşılandı; el ağsaqqalı, xeyirxah, yaxşı bir kişi kimi. Onun xeyirxahlığından istənilən qədər danışmaq olar. Sağlığında ona müraciət edənləri heç vaxt naümid qaytarmazdı; imkanı daxilində hər kəsi dinləyər, bacardığı köməyi hər kəsdən əsirgəməzdi. Allah rəhmət eləsin, yeri cənnət olsun... Deməli, Fəttah Heydərov da xalq sevgisini, məhəbbətini qazana bilmişdi, necə ki, həyatda qazandığı vəzifə titulları kimi...
Əslində, mövqeyindən asılı olmayaraq, insanlar barəsində yaxşı düşünmək, onlarda yaxşılıq axtarmaq və yaxşılığı görməyə çalışmaq lazımdır. Necə ki, mən bu yazımda iki məmur haqqında danışmaq istəyirəm. Axı, qeyd etdim ki, xalqımız həbs olunan, dünyasını dəyişən məmur xəbərini eşidəndə çox vaxt sevinc içində olur, bu xəbəri bir-birlərinə şad bir müjdə kimi ötürürlər...
Kəmaləddin Heydərova qədər ölkənin fövqəladə halları xidmətinin hansı vəziyyətdə olması hamıya bəlli idi.

Xalqa və dövlətə xidmət missiyası

Yanğınsöndürən maşınlarımızı yanğın sönüb qurtarana qədər öz halına gətirmək olmurdu,- ya “xoda” düşmürdü, ya yanacağı, yaxud da suyu olmurdu. Eləcə də başqa fövqal vəziyyətlər.., hər şey bitib tükənəndən sonra Abid Şərifov öz astagəl cümlələri ilə, özünəməxsus halda xalqımıza “başsağlığı” verirdi, yaxud da ki, təskinlik tapmağı məsləhət görürdü...
Kəmaləddin Heydərov sıfırdan başladı, qısa zaman kəsiyində fövqəladə hallarla bağlı ölkəmizə nə lazım idisə, onun həyata keçirilməsinə çalışdı və istəyinə də nail oldu...
Bəli, bu, bir həqiqətdir. Kəmaləddin Heydərovun tabeçiliyində olan bütün qurumlar (slujbalar) belə desək, bu gün saat kimi işləyir. Verilən tapşırığın, göstərilən qayğıların bir ünvanı var: “dövlətə, dövlətçiliyə, xalqa xidmət!“ Burarda çalışanların amalı məhz belədir. Çünki onlar rəhbərlərinə baxıb “düzlənirlər”. Axı xalq sevgisi elə-belə, təsadüfdən qazanılmır... Bu gün Kəmaləddin Heydərova olan el məhəbbətini gizlətsək, deyərdim ki, insafsızlıq olardı. Onun haqqında hər hansı bir mənfi xəbər alanda yalnız bir söz eşitmək olur: “işləyəni, xalqını, dövlətini sevənləri də nə yolla olursa-olsun ləkələməyə çalışırlar. İnsafsızlar, kaş hamı onun kimi işləyəydi... “
Mən Naxçıvanda olmamışdım. Tale elə gətirdi ki, Naxçıvana gedəsi oldum. Tam səmimiyyətlə deyirəm , ilk anda mən sanki başqa bir ölkəyə gedib çıxdığımı zənn elədim. Çünki Azərbaycanın paytaxtı Bakını “Kolya” elə günə qoyub ki, bir-birinin içərisinə “girən”, həyəti, meydançası, uşaq bağçası, hətta, məktəbi, olmayan binaları görəndə adamı dəhşət bürüyür. “Moyka”larda, yan-yana düzülən əcayib mağazalarda, ticarət, iaşə obyektlərində itib-batan Paytaxta baxanda istər-istəməz, adamın ürəyi ağrıyır. Düşünürsən ki, bu nədir, İlahi, bu şəhəri düşmən bu günə salıb?! Bunu ancaq düşmən edə bilər?!
Bax, belə bir cunqulyadan gedib Naxçıvan kimi cəhcəlallı bölgəyə düşəndə, təbii ki, çaşıb qalacaqsan. “Xalqın çörəyi sənə ana südü kimi halal olsun, Vasif Talıbov, Allah səni qorusun!” kəlməsindən başqa dilinə heç nə gəlməyəcək...

Xalqa və dövlətə xidmət missiyası

Mən Vasif Talıbovu görməmişəm..., tanımıram da, ancaq onun gördüyü müqəddəs işləri, onun xoşniyyətli əməllərini görmüşəm. Naxçıvan şəhəri elə ilk görnüşdən özünün səliqə-sahmanı ilə seçilir. Küçələrə, parklara baxırsan, hər şey sanki rəssam dəqiqliyi ilə ölçülüb-biçilib... Naxçıvan camaatı qonaqpərvərdir, mehribandır; son tikəsini belə qonaqdan əsirgəməyəndir. Naxçıvanlılar elə tarixən belə olublar... Vaxt var idi deyirdilər müəllimlər hər həftə iməciliyə gedirlər, ağac əkirlər, hətta, buna ağız büzənlər də olurdu, məzəmmət edənlər də tapılırdı. Ancaq Muxtar respublikasındakı qalın meşəyə bənzəyən bu meyvə ağacları həmin müəllimlərin zəhmətinin bəhrəsini bir daha göz önünə gətirir. “Allah Vasif Talıbovun ölənlərinə rəhmət eləsin!”- deyirlər.
Naxçıvanın mərkəzindən tutmuş, ən ucqar kəndinə qədər, bütün yollar yaşıllığa qərq olunub. Belə şeyləri yalnız kinolarda görmək olar. Hər kəndin uşaq bağçası, məktəbi, gözəllik salonu, bərbəri və s. vardır... Sədərək sərhəd rayondur, bütün rayonun dövlət strukturları məhz burada yerləşir. Düşmənlə üz-üzə dayanan,”Naxçıvanın qeyrət qalası” adlandırılan bu rayon həm də hərbi şəhərcik kimi diqqəti cəlb edir. Buradakı sərhəd xidmətində çalışan əsgər və zabitlərimiz üçün hər cür şəraiti olan çoxsaylı binaların inşa edilməsi bunu deməyə əsas verir. Rəhbərlik əlindən gələni edir ki, əsgər və zabitlərimiz özlərini rahat, arxayın, hər cür qayğıdan uzaq hiss etsinlər; hiss etsinlər ki, onların arxasında dövlət dayanıb...
Naxçıvanda ziyaratgahlar çoxdur. Oraya gedib Əshabi-Kəfi görməmək günah olar. Qərara gəldim ki, bu müqəddəs məkanı mən də ziyarət etdim. Azərbaycanın hər bölgəsindən burda adamlar vardı. Əksəriyyəti də ailəliklə gəlmişdilər. Onlarla tanış olub söhbət etdim. Hamısından da eyni sözləri eşitdim: “ Neçə illərdi ailəlikcə bu ziyarətgaha gəlirik. Buralar belə deyildi. Ətraf zir-zibil içərisində itib batırdı. Kəsilən heyvanların tullantılarını, zibili, yemək-ərzaq qırıntılarını, yaxud, insanlar özləri ilə gətirdikləri əşyaları hara gəldi, necə gəldi atardılar. Oturmağa belə yer yox idi. İndi isə göründüyü kimi, burada səliqə-sahman var, qayda-qanun yaradılıb. Allah bu şəraiti yaradana, bu səliqə-səhmanı qurana kömək olsun, Allah onu qorusun...”

Xalqa və dövlətə xidmət missiyası

Əcabə, bəlkə bu işləri görməyi Vasif Talıbova kimsə tapşırıb?
Əsla yox! Mən harada oldumsa,- Buz dağında, Bata-batda və s. fərqi yoxdur, həmin abadlığı, həmin səliqə- sahmanı orada da gördüm.
Allah onu var eləsin, xalqın çörəyi ona halal olsun.
Əlbəttə, “xalqın gözü tərəzidir”, - nahaq yerə deyilməyib. Xalq heç vaxt haqqı-nahaqqa vermir. Xalq kimin, kim olduğunu yaxşı bilir, ağı-qaradan seçməyi bacarır. Bax, budur xalqımızın gücü, qüdrəti, pisi-yaxşıdan seçməyi...
Təbii ki, bunlar mənim şəxsi fikirimdir. Kim nə nəticə çıxaracaq, kim nə deyəcək, bilmirəm. Bir onu bilirəm ki, xalqımız hər kəsə öz layiq olduğu qiyməti verməyi bacarır. Gəlin bu, məmurdur, bu, deputatdır, bu, vəzifəli şəxsdir,- deyib hər kəsi, hər şeyi qara görməyək, suyu-süddən seçək, kimin kim olduğunu bilək, tanıyaq. Onu qorumağı, müdafiə etməyi bacaraq. Mən bu yazımda iki şəxs haqqında danışdım. Ancaq tam danışa bilmədim. Bu yazı isə hələ bitməyib, deyiləcək sözüm çoxdur, inşallah yenə görüşəcəyik...

Əkbər Hüseynzadə
“Təhsil – Press.az” informasiya agentliyinin rəhbəri




Oxşar xəbərlər