Mənim Bakı ağrılarım...

Mənim Bakı ağrılarım... Dəfələrlə bu mövzunu qələmə alsam da heç vaxt bir nəticə görməmişəm, görəcəyimə də əmin deyiləm. Axı mən kimdən-kimə şikayət edirəm. İndi kimin kitabını oxuyurlar ki, mənim də yazdığımı oxunsunlar. Axı kim oxumalıdır? Pul yığmaqdan, ev almaqdan, obyekt tikməkdən vaxtları var ki, yazılanları da oxusunlar. Bəlkə də oxusalar nəticəsi ola bilər. Onu deyə bilmərəm... Mən bu sözü cəsarətlə deyirəm ki, əgər tarixi düşmənimiz olan erməni Bakını işğal etsəydi, onu bu kökə salmazdı! Axı Bakı paytaxtdır, Bakı Azərbaycanın ürəyidir, Bakı bütün azərbaycanlıların Bakısıdır. Nə qədər bir-birinin içində eybəcər bina tikmək olar, nə qədər bir-birinin içərisində ticarət obyektləri, restoranlar şəbəkəsi, maşın yumaq yerləri olar, piyada səkiləri zəbt etmək olar. İnsanlar işə, işdən evə gedə bilmirlər. Bəyəm paytaxt təkcə Dənizkənarı bulvardan, bir də üç hündür qüllədənmi ibarətdir? Bu qədər də Allahsızlığmı olar? İllərlə, qərinələrlə əmələ gələn yaşıllıqları məhv edib, yerində bina tikmək... Bu nədir? Bu haqqı kim verib bu dələduzlara. Bu düşmənçilikdir. Bir də ki, düşəmən olsan da adamın bir vicdanı, kişiliyi, Allahı olar. Axı sən düşmən deyilsən, sən bu xalqın oğlusan, bu ölkənin varını-sərvətini istədiyin kimi yeyib-içir, xərcləyirsən, talan edirsən, hədiyyə verirsən, xaricə daşıyırsan.Yetər, yetər ki, bu binəva xalqa rəhimin gəlsin, insafın olsun, onun çörəyini əlindən alımısan, heç olmasa havasına, suyuna dəymə. Bu ağacların, bu yaşıllığın günahı nədir...
Xəstəxanalara, tibb mərkəzlərinə ayaq basmalı deyil. Əhali müxtəlif xəstəlikdən əziyyət çəkir. Xərçəng xəstəliyi daha da artıb. Oksigen çatışmazlığı, təmiz qida yoxluğu, tozun normadan artıq olması insanları həkimlərin, xəstəxanaların qapılarında qoyub. İnsanlar isə həkimə gedə bilmir, dərman ala bilmirlər.
İnsaf, mürvət, mərhəmət, vicdan yaxşı şeydir.
Heç kəsə də heç nə demək olmur. Mən ağayam, kefim belə istəyir, nə istəsəm onu da edirəm prinsipi ilə yaşayıb havamızı, suyumuzu, qidamızı və nəhayət həyatımızı zəhərləyən bu ünsürlərə nə deyəcən? Dəfələrlə yazdım, yazdım ki, Razim
Məmmədov deyilən ünsür rayonu talan edir, dağıdır... Edilən şikayətləri, yazılarıl Razim müəllimə göndərirdilər ki, bax oxu, gör nə edirsən?..
İllər keçdi, Xətai rayonu talandı, dağıdıldı bərbad bir hala qaldı.
Razim müəllim də illər sonra başqa sələfləri kimi yığdıqlarını da götürüb, kefini çəkməyə getdi... vəssalam... Onun vurduğu zərbə sağalmaz yara binəva xalqa, insanlara qaldı...
İndi Xətai rayonuna baxdıqca adamın ağlamağı gəlir. Səkiləri belə satıb pula çevirən Razim müəllim indi haradadır, nə edir, onu bir Allah bilir.
Bu hal məgər təkcə Xətai rayonundandırmı? Əsla, Bakı şəhəri bütünlüklə bu gündədir... Biz bir millət olaraq nə vaxtsa Qarabağı qaytaracağıq, mən buna əminəm. Bizim nəsil bunu etməsə də gələcək nəsil üzümüzə tüpürüb, bunu edəcəkdir. Nə vaxtsa torpaqlarımız qayıdacaq, Naxçıvan adı kimi kənarda qalmayacaq, gec-tez Azərbaycan bütövləşəcək.
Ancaq onu bilirəm ki, şikəst olmunmuş , əcaib bir hala salınmış Bakını heç vaxt öz əvvəlki gözəlliyinə qaytara bilməyəcəyik. Və təsəlli olaraq hamımız deyəcəyik: “Heyif səndən gözəl Bakı... Allah sənə rəhmət eləsin”.
Bakı paytaxtdır, Bakı dünyaya səpələnmiş əlli milyonluq azərbaycanlılar üçün əziz və doğmadır. Heç kəsə haqq verilmir ki, onu işğal etsin... Bu işğalçılıqdır, bu vandalizmdir, bu sözün əsl mənasında, ölkəyə, dövlətə, millətə qarşı soyqırımdır...

Əkbər Hüseynzadə


Mənim Bakı ağrılarım...

Oxşar xəbərlər