Neft və Sənaye Universitetinin şəhid məzununun xatirəsinə həsr edilmiş kitabın təqdimatı olub

Neft və Sənaye Universitetinin şəhid məzununun xatirəsinə həsr edilmiş kitabın təqdimatı olub Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində şəhid məzun haqqında yazılmış “Vətən səninlə fəxr edir, Samir Paşayev” adlı kitabın təqdimatı keçirilib.
Tədbirdə əvvəlcə şəhid Samir Paşayevə həsr edilmiş videoçarx nümayiş olunub. Sonra Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla anılıb.
Mərasimdə Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova kitabın əhəmiyyətindən danışıb.
Universitetin rektoru professor Mustafa Babanlı ADNSU-nun 23 şəhidinin olduğunu vurğulayaraq onların hər birinin vətənpərvərliyinin və qəhrəmanlığının bütün gənclərə örnək olduğunu bildirib. Rektor şəhidlərin xatirəsinin uca tutulduğunu və universitetin hər zaman şəhid ailələrinin yanında olduğunu qeyd edib.
Sonra şəhidin valideynləri onun xatirəsinə göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə kitabın müəllifi Rüfət Hüseynli, dosent Fərid Ağayev və başqaları S.Paşayev haqqında xatirələrini bölüşüb, onun şərəfli həyat yolundan və qəhrəmanlığından danışıblar.
S.Paşayev Tərtər istiqamətində gedən döyüşlərdə, Talış yüksəkliyinin alınmasında fəal iştirak edib və Suqovuşan - Ağdərə istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub. Azərbaycan Prezidentinin sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Təqdimatı keçirilən kitab 2022-ci ilin nəşridir və “Qarabağ Azərbaycandır, Zəfər Azərbaycanındır” sərgisində yer alıb.

Tehsil-press.az


Oxşar xəbərlər