Mərkəzi Elmi Kitabxanada “Şuşa İli” çərçivəsində dəyirmi masa təşkil edilib

Mərkəzi Elmi Kitabxanada “Şuşa İli” çərçivəsində dəyirmi masa təşkil edilib AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) İnnovativ layihələr və metodiki təminat şöbəsi tərəfindən “Kitabxanalarda “Şuşa İli”nə həsr olunmuş kütləvi tədbirlər” adlı dəyirmi masa keçirib. Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Şuşa haqqında görkəmli şəxsiyyətlərin fikirlərindən bəhs edən videoçarx nümayiş olunub.
MEK-in baş direktoru professor Məmməd Əliyev “Şuşa İli” çərçivəsində ölkə üzrə silsilə tədbirlərin keçirildiyini qeyd edib. Baş direktor Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşanın əsl tarixi simasının bərpası yönündə həyata keçirilən layihələrdən, şəhərin sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmasından danışıb. O, kitabxana olaraq qarşıda duran vəzifələri, ölkəmizin milli maraqları naminə müxtəlif dillərdə aparılan tədqiqat, təbliğat işinin vacibliyini də diqqətə çatdırıb.
MEK-in İnnovativ layihələr və metodiki təminat şöbəsinin rəhbəri Səyyarə Məmmədovanın “Kitabxanalarda “Şuşa İli”nə həsr olunmuş kütləvi tədbirlər” adlı məruzəsi dinlənilib. Vurğulanıb ki, həm füsunkar gözəllikləri, həm də istedadlı insanları ilə şöhrət qazanmış Şuşa şəhərini 30 il sonra yenidən qurub yaratmaq, adını və şöhrətini uca tutmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Məruzədə şifahi kütləvi təbliğat formaları, biblioqrafik icmallar, sərgilərin növləri və müasir kitabxana işinin qurulmasında digər vacib məqamlara toxunulub.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kitabxanasının direktoru Adilə Abdullayeva “Qədim Şuşa kitabxanalarının tarixi” adlı təqdimatla çıxış edib. Təqdimatda bildirilib ki, Şuşa rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı dövründə rayon ərazisindəki bütün kitabxanalar dağıdılıb, kitablar və nadir nüsxələr talan edilib, külli miqdarda maddi və mənəvi zərər vurulub.
Digər çıxış edənlər Azərbaycan kitabxana sisteminin formalaşmasının tarixinə nəzər salaraq ölkəmizdə kitabxanaçılıq ənənələrindən danışıblar.
Tədbirdə mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Tehsil-press.az



Oxşar xəbərlər