Tarixi-memarlıq abidələrinin bərpası ilə bağlı təlimlər başa çatıb

Tarixi-memarlıq abidələrinin bərpası ilə bağlı təlimlər başa çatıb Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tərəfdaşlığı ilə tarixi-memarlıq abidələrinin bərpasını sürətləndirmək məqsədilə noyabrın 14-dən başlanan təlimlər sona çatıb. Bununla bağlı AzMİU-da layihə çərçivəsində hazırlanan eskizlərin sərgisi keçirilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin nümayəndələri, xarici qonaqlar, AzMİU-nun rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova layihənin aktuallığına diqqət çəkib. Rektor qeyd edib ki, tarixi-memarlıq abidələrinin, o cümlədən işğaldan azad olunan ərazilərimizdəki abidələrin bərpası yüksək peşəkarlıq və böyük təcrübə tələb edir. Bu baxımdan layihəyə qabaqcıl ölkələrdən xarici ekspertlərin cəlb olunmasını, onların bilik və təcrübələrinin AzMİU-nun uyğun profil üzrə müəllimləri, tələbələri ilə bölüşməsini təqdir edən professor Gülçöhrə Məmmədova layihənin davamlılığının vacibliyini vurğulayıb.
Universitetin Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri professor Səbinə Hacıyeva, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Ülkər Səttarova, xarici ekspertlər - Azərbaycanda böyük miqyaslı layihələrin icrasında iştirak edən, ölkəmizin mədəniyyəti və incəsənəti ilə tanış olan memarlar Omid Kamvari və Filippos Filippidis çıxış edərək təlimlərlə bağlı təəssüratlarını bölüşüblər.
Qeyd edək ki, layihə çərçivəsində Böyük Britaniyanın abidələrin bərpası istiqamətində geniş təcrübəyə malik “AA School” Memarlar Assosiasiyası ilə qarşılıqlı təcrübə mübadiləsi, qabaqcıl nailiyyətlərin öyrənilməsi məqsədilə əməkdaşlıq əlaqələri qurulub. Assosiasiyanın iki eksperti - Omid Kamvari və Filippos Filippidis qeyd olunan prosesə cəlb olunublar. Həmin ekspertlər tərəfindən AzMİU-nun mütəxəssislərinə (memarlar, bərpaçılar, inşaatçılar, dizaynerlər), uyğun profil üzrə təhsil alan tələbələrinə təlimlər keçirilib, təcrübə mübadiləsi aparılıb.
Layihənin əsas məqsədi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa işlərinin yerli mütəxəssislər tərəfindən daha da keyfiyyətli aparılması, beynəlxalq təcrübə mübadiləsi, iştirakçıların müasir və ənənəvi bərpa yanaşmalarındakı nəzəriyyələr və praktiki bacarıqlara yiyələnməsi olub.
Tədbirin sonunda layihədə iştirak edən tələbələrə sertifikatlar təqdim olunub və layihə çərçivəsində hazırlanan eskizlərin nümayiş olunduğu sərgiyə baxış keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər