Çexiyanın memarlıq irsi – AzMİU-da fotosərgi

Çexiyanın memarlıq irsi – AzMİU-da fotosərgi Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Dünyanın şah memarlıq əsərləri” fotolayihəsi çərçivəsində “Çexiya – tarixi və memarlıq irsi” adlı sərgi keçirilib. İtaliya-Azərbaycan Dizayn Mərkəzi və tanınmış fotoqraf, incəsənət kuratoru Aydın Sadıxovun təşkilatçılığı ilə keçirilən sərgidə AzMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbələr iştirak ediblər.
Açılış mərasimində İtaliya-Azərbaycan Dizayn Mərkəzinin direktoru Fərid Kərimov çıxış edərək “Dünyanın şah memarlıq əsərləri” fotolayihəsi barədə qonaqlara məlumat verib. Qeyd edib ki, layihənin əsas məqsədi dünyanın müxtəlif ölkələrinin memarlıq xüsusiyyətləri, tarixi və mədəni irsi, eləcə də dizayn sahəsində yeniliklərlə tanışlıqdır.
Layihənin fərqli memarlıq nümunələrini öyrənmək və təbliğ etmək baxımından önəmi qeyd olunub. Bildirilib ki, layihə AzMİU tələbələrinin, memarlıq üzrə professor-müəllim heyətinin bu ölkənin şah əsərləri ilə bağlı daha çox məlumat əldə etməsinə şərait yaradacaq. Universitetin rektoru professor Gülçöhrə Məmmədova Çex Respublikasının, xüsusilə Praqa şəhərinin unikal və tarixi memarlığına diqqət çəkərək memarlıq nümunələrinin qorunmasının əhəmiyyətindən danışıb: “Çex Respublikası, xüsusilə Praqa şəhəri Avropanın ən qədim memarlıq nümunələrinə sahibdir. Azərbaycanın memarlıq irsi də tarixiliyi və zənginliyi ilə seçilir. Təəssüflər olsun ki, ölkəmizin çox gözəl və tarixi memarlıq nümunələri, abidələri də müxtəlif səbəblərdən, o cümlədən müharibələr zamanı dağıdılıb. Ermənistanın ölkəmizə təcavüzü zamanı və 30 illik işğal zamanı memarlıq irsimizə dəhşətli ziyan vuruldu. Torpaqlarımızın azad edilməsi bu fəlakətin miqyasını bizə çox böyük reallıqla əks etdirdi. Biz anladıq ki, irsimizin əhəmiyyətli bir hissəsini, demək olar ki, itirmişik”.
Çex Respublikasının Azərbaycandakı səfirinin müavini Daniel Putik belə təbirlərin ölkələrimiz arasındakı əlaqələri gücləndirdiyini qeyd edib. Vurğulayıb ki, Azərbaycan kimi Çex Respublikasının da memarlıq irsinə II Dünya müharibəsi zamanı böyük ziyan dəyib: “Bu gün sərgidə fotolarını gördüyünüz tikililər irsimizin qalan nümunələridir. Biz əlimizdə qalan abidələrimizi və tarixi tikililərimizi qoruyub saxlamağa çalışırıq”.
Sonra sərgiyə baxış keçirilib. Sərgidə Çex Respublikasının müxtəlif şəhər və qəsəbələrində yerləşən qala və tarixi-memarlıq abidələri maraqlı fərdi fotokompozisiya şəklində təqdim olunub. Ekspozisiyada Çexiyanın paytaxtı Praqada çəkilmiş əsərlərə xüsusi yer verilib. Sərgidə Çexiyanın digər şəhərləri, o cümlədən Brno, Çeski Krumlov, Telc, Olomouc, Kutna şəhərlərinin tarixi görməli yerləri də təqdim edilib.

Tehsil-press.az



Oxşar xəbərlər