İstanbul Texniki Universiteti ilə elmi əməkdaşlıq məsələləri müzakirə olunub

İstanbul Texniki Universiteti ilə elmi əməkdaşlıq məsələləri müzakirə olunub Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Türkiyənin İstanbul Texniki Universitetinin rektoru, professor İsmail Koyuncu və bu ali məktəbin bir qrup professor-müəllim heyəti ilə görüş keçirilib.
Tədbirdə çıxış edən akademik Rasim Əliquliyev iki qardaş ölkə arasında müxtəlif istiqamətlərdə olduğu kimi, elm və təhsil sahələrində də əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin önəmini qeyd edib.
Sonra çıxış edən İstanbul Texniki Universitetinin rektoru professor İsmail Koyuncu rəhbərlik etdiyi universitetin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. Rektor hər iki ölkənin müvafiq nazirliklərinin tapşırıqlarına əsasən, elmi qurumlar tərəfindən yer elmləri, biologiya, neft-qaz mühəndisliyi, enerji, ekologiya, informasiya texnologiyaları, elektronika mühəndisliyi və s. kimi istiqamətlər üzrə konkret layihələrin təqdim olunması və həyata keçirilməsinin zəruriliyini diqqətə çatdırıb.
Professor İsmail Koyuncu Elm və Təhsil Nazirliyinin müvafiq institutları ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına əminliyini ifadə edib.
AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev son 20 ildə Azərbaycanın ardıcıllıqla həyata keçirdiyi uğurlu iqtisadi siyasətin, transmilli şirkətlərlə birlikdə reallaşdırdığı irimiqyaslı layihələrin, eləcə də neft-qaz, informasiya-kommunikasiya texnologiyaları, kosmik sənaye və s. kimi strateji sahələrdə əldə etdiyi mühüm nailiyyətlərin beynəlxalq aləmdə ölkəmizin nüfuzunun yüksəlməsinə səbəb olduğunu, Azərbaycanın Cənubi Qafqazda bir çox elm sahələri üzrə ilk sıralarda yer aldığını nəzərə çatdırıb.
Alim AMEA-nın qardaş Türkiyənin elmi müəssisələri ilə əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı görülən işlərdən məmnunluğunu ifadə edib. Hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edən problemlərin həllinə elmi dəstək verilməsi, bu məqsədlə ali təhsil müəssisələri, elmi-tədqiqat institutları, eləcə də alim və müətəxəssislərin mövcud elmi potensialının səfərbər edilməsinin önəmini qeyd edib.
“Hazırda müasir çağırışlara adekvat olaraq, akademiyanın elmi bölmələrində prioritet sahələrdə fundamental elmi ədqiqatlar aparılır. Ölkədə, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə texnoloji inkişafın təmin olunması məqsədilə “yaşıl enerji” konsepsiyalarının tətbiqi, qabaqcıl texnologiyalara əsaslanan infrastruktur layihələrinin icrası əsas məsələlərdəndir və müvafiq istiqamətdə əhəmiyyətli addımlar atılır. Bu sahədə Azərbaycan və Türkiyənin səylərinin birləşdirilməsi hər iki ölkə üçün mühüm nəticələrin əldə olunmasına gətirib çıxaracaq”, – deyə akademik söyləyib.
AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev müasir dövrün çağırışlarını özündə ehtiva edən, əsaslı elmi ədqiqatların aparılması üçün geniş imkanlara malik olan ali təhsil müəssisələri və elmi qurumların birgə fəaliyyətinin hər iki ölkədə elm və təhsilin inteqrasiyasının sürətlənməsində mühüm rol oynayacağına inamını bildirib.
Elm və təhsil nazinin müşaviri Nicat Məmmədli çıxış edərək bildirib ki, bu görüşün keçirilməsində məqsəd ölkəmizin ali təhsil müəssisələrinin, elmi qurumlarının və İstanbul Texniki Universitetinin aparıcı alim və mütəxəssislərinin bir araya gətirilməsi, ekologiya, neft-qaz mühəndisliyi, elektronika, fizika, kimya, informasiya texnologiyaları, geologiya mühəndisliyi, hidrologiya və s. kimi sahələrdə birgə elmi araşdırmaların aparılması, konkret layihələrin həyata keçirilməsi, qarşılıqlı bilik və təcrübə mübadiləsi istiqamətində görüləcək işlərin müzakirə olunmasıdır.
Akademik Rasim Əliquliyev çıxış edərək, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə daxil olan elmi müəssisələr – Riyaziyyat və Mexanika, Fizika, İdarəetmə Sistemləri, Radiasiya Problemləri, İnformasiya Texnologiyaları və Biofizika institutları, eləcə də Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi-texniki və kadr potensialı, beynəlxalq əlaqələrinin inkişafı istiqamətində yerinə yetirilən işlərdən bəhs edib.
Qonaqlara İnformasiya Texnologiyaları İnstitutu haqqında məlumat verən akademik bildirib ki, bu elmi qurum müasir çağırışlara adekvat reaksiya verərək, elm, təhsil, innovasiya və texnologiya kimi strateji sahələrdə dövlət siyasətinin həyata keçirilməsində, kibertəhlükəsizliyinin təmin olunmasında, ölkə başçısının qəbul etdiyi proqramların və bir sıra mühüm layihələrin hazırlanmasında yaxından iştirak edir. Burada süni intellekt, kiberdayanıqlılıq, Big Data, e-dövlət, e-təhsil, əşyaların interneti və s. kimi aktual elmi-nəzəri və tətbiqi problemlər üzrə əsaslı elmi tədqiqatlar aparılır.
Qarşılıqlı maraq doğuran görüşdə gələcəkdə müvafiq qurumlar arasında elmi əməkdaşlıq perspektivləri, xüsusən yüksəkixtisaslı kadrların hazırlanması, təcrübə və kadr mübadiləsi, hər iki tərəfin alim və mütəxəssislərinin iştirakı ilə tədqiqatların aparılması, elmi konfrans və seminarların təşkili və digər mühüm məsələlər müzakirə olunub.

Tehsil-press.az







Oxşar xəbərlər