Akademik Rasim Əliquliyev: Radioelektron mübarizə sahəsində elmi tədqiqatların genişləndirilməsi zəruridir

Akademik Rasim Əliquliyev: Radioelektron mübarizə sahəsində elmi tədqiqatların genişləndirilməsi zəruridir Müasir dövrdə radioelektron mübarizə böyük əhəmiyyətə malikdir. Müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin artırılması istiqamətində efir sahəsində problemlər var. Bu məsələ ilə bağlı ciddi tədbirlərin görülməsi vacibdir. Azərbaycan dövlətinin öz strateji maraqları vardır ki, onların həyata keçirilməsi üçün müəyyən təcili və təxirəsalınmaz addımlar atılmalıdır.
Bu barədə AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev sentyabrın 24-də AMEA Rəyasət Heyətində Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) büro iclasında məlumat verib.
Alim radioelektron mübarizə sahəsində müəyyən təcrübəyə və müasir informasiya texnologiyaları biliklərinə malik peşəkar mütəxəssislərin iştirakı ilə seminarın keçirilməsinə ehtiyac olduğunu qeyd edib: “Bu məsələ bir neçə aidiyyəti olan qurumların nümayəndələri ilə müzakirə olunmalı, obyektiv və konkret təkliflər irəli sürülməlidir”.
Akademik Rasim Əliquliyev ölkənin müdafiəsinin təşkilində əvəzedilməz rola malik radioelektron mübarizə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, elmi tədqiqatların genişləndirilməsi, eləcə də yeni ixtisasın yaradılmasının zəruri olduğunu bildirib. O, hazırda Prezident İlham Əliyev tərəfindən elmi müəssisələr qarşısında kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi ilə bağlı konkret vəzifələrin qoyulduğunu, bu prosesdə rəhbərlik etdiyi İnformasiya Texnologiyaları İnstitutunun da yaxından iştirak etdiyini deyib.
Efir məkanının təhlükəsizliyinin təmin olunması məsələsinə toxunan alim ölkədə bu sahənin getdikcə daha böyük təsiredici qüvvəyə malik olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu sferada fundamental problemlər vardır ki, onların həlli birbaşa cəmiyyətin təhlükəsizliyi ilə bağlıdır: "Bu səbəbdən AMEA Rəyasət Heyətinin iclasında akademik Akif Əlizadənin iştirakı ilə tədbir keçirərək qeyd olunan problemlə bağlı təklifləri geniş şəkildə müzakirə etməliyik".
AMEA-nın vitse-prezidenti, həmçinin efir təhlükəsizliyi probleminin prioritet elmi istiqamət kimi müəyyənləşdirilərək ölkə rəhbərliyi səviyyəsində qaldırılmasının məqsədəuyğun olduğunu bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər