Dillər Universitetində Konfutsi İnstitutunun lektoriyası açılıb

Dillər Universitetində Konfutsi İnstitutunun lektoriyası açılıb Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda “Tarixi İpək Yolu üzərində Azərbaycan-Çin mədəni əlaqələri” adlı onlayn yay lektoriyası fəaliyyətə başlayıb.
İlk mühazirə ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycanın Böyük İpək Yolu boyunca yerləşən Şamaxı, Şabran, Bakı, Gəncə, Beyləqan, Qəbələ və digər şəhərlərində aparılan arxeoloji qazıntılar zamanı nümunələri tapılan Çin seladon qablarından danışıb.
Qeyd edilib ki, qədim Çinin dekorativ-tətbiqi sənətinin bu unikal məhsullarının istehsalı mərkəzi Çjetszyan əyalətinin Lonquan rayonu olub. Seladon güldanlar və qablar ilk dəfə olaraq Han sülaləsi dövründə hazırlanıb, Sun və Min dövründə isə bu tip keramika qabların klassik nümunələri geniş yayılıb.
Həmçinin qeyd olunub ki, unikal bişirmə texnikasına malik olan, xüsusi növ açıq mavi və açıq yaşıl şirlə örtülmüş Çin seladon məmulatları dünyada UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş yeganə keramika növüdür. Bildirilib ki, Çin dekorunun xrizantema, pion, lotus şəklində olan sevimli bitki ornamentləri ilə bəzədilmiş seladon qablar sərvət və qüdrət rəmzi hesab edilib. Bu qablar İslam ölkələri və Qafqazda geniş yayılıb ki, bu da tarixi Azərbaycan-Çn mədəni əlaqələrinin sübutudur.

Tehsil-press.az



Oxşar xəbərlər