Azərbaycan Turizm və Menecment Universitetində “Məzun günü”

Azərbaycan Turizm və Menecment Universitetində “Məzun günü” Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Məzun günü” keçirilib.
Əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin rektoru İlham Mədətov məzunları təbrik edib, onlara ixtisaslı kadr kimi gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rektor Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədə xalqımızın həmrəyliyindən, ölkə Prezidentinin ətrafında sıx birləşən insanların inamından, Azərbaycan Ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyətindən söz açıb.
İlham Mədətov məlumat verib ki, ATMU müxtəlif ixtisaslar üzrə bakalavriat, magistratura, doktorantura və əlavə bakalavr təhsili pilləsində kadr hazırlığını həyata keçirir. Bu il ATMU-dan bakalavr proqramında 11 ixtisas üzrə 481 nəfər, magistr proqramı üzrə isə 94 nəfər məzun olub. ATMU-nun builki məzunlarından 12 nəfər həm də Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin də diplomunu alıb. Ümumilikdə isə universitet məzunlarından 274 nəfər iki diploma malikdir. Ölkəmizdə ilk dəfə ATMU-da nəzərdə tutulan 14-22 həftəlik istehsalat təcrübəsi semestrinin tətbiqi sayəsində tələbələr təkcə Azərbaycanda deyil, eləcə də Türkiyənin nüfuzlu turizm müəssisələrində peşəkar vərdişlərə yiyələnirlər. Universitet yarandığı gündən indiyədək 30 xarici ali məktəb, 34 beynəlxalq təşkilat və şəbəkə ilə əlaqə qurub.
Rektor ATMU-nun əldə etdiyi nailiyyətlərin ölkə rəhbərinin diqqət və qayğısı, digər dövlət və özəl strukturların universitetə səmimi münasibəti nəticəsində mümkün olduğunu xüsusi qeyd edib.
Tələbələrlə bir yerdə olmaqdan məmnunluğunu bildirən Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qeyd edib ki, ali məktəbin məzunu olmaq hər bir gəncin həyatında önəmli olduğu qədər, həm də unudulmayan hadisələrdən biridir. Dövlətimizin turizm sənayesinin inkişafına xüsusi diqqət verdiyini xüsusi vurğulayn Fuad Nağıyev peşəkar kadrlara hər zaman böyük ehtiyac olduğunu bildirib.
“Məzun-2023” tədbirində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Məhərrəm Əhmədov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbubullayev, Milli Məclisin deputatı İlham Məmmədov, Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin böyük məsləhətçisi Asif Usubəliyev, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Bakı Turizm Peşə Məktəbinin direktoru Neylufər Kərimova, “PMD Hospitality” qrupunun əməliyyatlar üzrə baş direktoru Georges Ubbelohdey, Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin AATP üzrə koordinatoru Jens Peter və başqaları məzunları təbrik edib, onların ölkəmizdə turizm sahəsinin sürətli inkişafına töhfə verəcəklərinə, Azərbaycana sədaqətlə xidmət göstərəcəklərinə əminliklərini bildiriblər.
Mərasimdə 2022/2023-cü tədris ili məzunlarından ixtisas, fakültə və universitet birincilərinə plaketlər, tədris ili üzrə universitet birincisinə isə ATMU-nun “Tələbə fəxri kitabı” təqdim edilib. Həmçinin ATMU və Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin beynəlxalq proqram məzunlarına diplomlar təqdim edilib.
ATMU-nun son birillik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbir bədii hissə ilə davam edib.

Tehsil-press.az



Oxşar xəbərlər