Germanistika sahəsində çalışan mütəxəssislər BSU-da bir araya gəliblər

Germanistika sahəsində çalışan mütəxəssislər BSU-da bir araya gəliblər Bakı Slavyan Universitetinin (BSU) Germanistika İnstitutunun təşkilatçılığı ilə "Alman və Azərbaycan ədəbiyyatı mühacirət, sürgün və repressiya kontekstində" adlı II beynəlxalq elmi simpoziumun açılış mərasimi keçirilib.
Açılış mərasimində alman dili mütəxəssisləri, universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Rektor Anar Nağıyev ənənəvi olaraq Germanstika İnstitutu tərəfindən bu simpoziumun BSU-da təşkil olunduğunu deyib. O, Alman Akademik Mübadilə Proqramı (DAAD) məzunlarının və germanistika sahəsində çalışan mütəxəssislərin iki gün ərzində BSU-da bir araya gəlməsindən məmnunluğunu bildirib, konfransın elmi diskursun genişlənməsinə imkan yaratdığını, köhnə dostluqlarla yanaşı, həm də yeni dostluqlar qazandırdığını qeyd edib. Universitet haqqında danışan rektor bildirib ki, BSU Azərbaycanda böyük tədqiqat tarixinə və ənənələrinə malik ali təhsil müəssisəsidir. Universitetdə dünyanın müxtəlif xalqlarının dili, mədəniyyəti, siyasi sistemi, tarixi öyrənilir. Bu kontekstdə alman dilinin həm dil, həm mədəniyyət, həm də tarix kimi öyrənilməsinin ənənəsi olduğunu deyib. Anar Nağıyev hər il 350-400 tələbənin müxtəlif ixtisaslarda alman dilini öyrəndiyini bildirib. O, BSU-da Germanistika İnstitutunun uğurlu fəaliyyətinə diqqət çəkib, bu fəaliyyətə görə institutun müdiri Sevinc Rzayevaya, həmçinin müəllim və tələbələrə uğurlar arzu edib.
Rektor kadr hazırlığı prosesində rəqabətədavamlı mütəxəssislər yetişdirilməsi üçün regional, beynəlxalq, o cümlədən Avropa ali təhsil məkanına inteqrasiya, keyfiyyətli tədrisin təşkili və tədqiqat sahəsində BSU-nun əməkdaşlığa açıq olduğunu deyib, bu əməkdaşlıqların həm slavyanşünaslıq, həm də digər sahələri əhatə edə biləcəyini vurğulayıb. O, simpozium çərçivəsində BSU və İstanbul Türk-Alman Universiteti arasında əməkdaşlıq müqaviləsinin imzalanacağını bildirib. Rektor iki ali təhsil ocağının əməkdaşlığının daha geniş şəkildə inkişaf edəcəyinə əminliyini ifadə edib. Anar Nağıyev davamlı dəstəyə və simpoziumun təşkilində əməkdaşlığa görə Almaniya səfirliyinə və Alman Akademik Mübadilə Proqramına təşəkkür edib. Eyni zamanda, o, Avstriyanın və Türkiyənin səfirliklərinə simpoziumun təşkilində iştiraka görə minnətdarlığını bildirib.
Anar Nağıyev tədbirin qonaqlarını Türkiyə Cümhuriyyətinin 100 illiyi və “Heydər Əliyev İli” çərçivəsində Türkiyənin Qars Qafqaz Universitetində payızda BSU-nun keçirəcəyi konfransa dəvət edib. O, bütün iştirakçılara uğurlar arzulayıb.
Almaniyanın Azərbaycandakı səfirinin müavini Heiko Şvarz tədbirdə iştirakdan məmnunluğunu bildirib. O, konfransın mövzusunun müasir zamanda daha da aktuallaşdığını bildirib. Bu kontekstdə beynəlxalq, iqtisadi, siyasi vəziyyət səbəbindən və bu zaman insanların keçirdikləri hisslər və təəssüratların ədəbiyyatın yaranmasında rol oynadığını vurğulayıb. Azərbaycanın da daxili miqrasiya problemi olan ölkə olduğunu deyən səfir müavini ölkəmizin bu problemin birdəfəlik həllinə nail olacağına ümid etdiyini bildirib. O, Azərbaycana almanların 200 il əvvəldən köç etdiyini və neft bumu dövründə də burda məskən saldıqlarını, alman icmasının Azərbaycanda rahat yaşadığını qeyd edərək icmaların yaxınlaşdığını bildirib.
Milli Məclisin deputatı Sevinc Fətəliyeva BSU-nun bu cür tədbirlərin keçirilməsində böyük təcrübəsi olduğunu deyib. Universitetin beynəlxalq əlaqələrinin çox geniş coğrafiyaya malik olduğunu vurğulayan Sevinc Fətəliyeva bu ali məktəbin bir sıra region və beynəlxalq, o cümlədən Avropa universitetləri ilə uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Bir çox elmi mövzuların, habelə müasir filologiya, linqvistikada olan elmi problemlərin BSU-da müzakirə olunduğunu vurğulayıb. Həmçinin universitetdə xarici dillərin tədrisində həmin dillərə uyğun mühitin yaradıldığını deyən Sevinc Fətəliyeva bunun Azərbaycanın multikultural dəyərlərinin tərkib hissəsi olduğunu bildirib. O, simpoziumun qədim kökə və tarixə malik Azərbaycan-Almaniya münasibətlərinin elm və təhsil istiqamətində mühüm rol oynayacağını qeyd edib. Simpoziumun mövzusunun ikitərəfli münasibətlərin möhkəmlənməsinə və hər iki ölkənin tarixinin öyrənilməsinə imkan yaradacağını diqqətə çatdırıb.
Türk-Alman Universitetinin rektoru Cemal Yıldız təmsil etdiyi universitetin 38 alman universiteti və DAAD-la birgə konsorsiumda birləşdiyini qeyd edib. Cemal Yıldız iki ölkə arasında mədəni ünsiyyətin mövcud olduğunu və bir-birini yüksək dəyərləndirdiyini diqqətə çatdırıb. Bu kontekstdə elmi əlaqələrin vacibliyini qeyd edən Cemal Yıldız BSU ilə imzalanacaq sazişin qarşılıqlı əməkdaşlığı genişləndirəcəyini vurğulayıb.
Tədbirdə DAAD-ın regional ofisinin rəhbəri Gebhard Reulun tədbir iştirakçılarına ünvanladığı videotəbrik səsləndirilib.
ADU-nun Germanistika İnstitutunun direktoru Sieglinde Hartmann konfransın əhəmiyyətini yüksək qiymətləndirib. O, Azərbaycanda Germanistika institutlarının yaranma tarixi və fəaliyyətlərindən söz açıb.
Çıxışlardan sonra BSU tələbələrinin ifasında bədii hissə təqdim olunub.
Sonra plenar məruzələr dinlənilib.
Daha sonra simpozium öz işini bölmə iclaslarında davam etdirib.
Qeyd edək ki, üçgünlük beynəlxalq elmi simpoziumda 31 məruzə dinləniləcək, eyni zamanda, alman dili müəllimləri üçün təkmilləşdirmə seminarı təşkil olunacaq.
Bununla yanaşı, tədbir çərçivəsində 2022-ci ildə keçirilmiş “Germanistikanin yeni yolları. Avropa və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi” adlı simpoziumun məqalələr toplusunun təqdimatı, həmçinin BSU ilə Türk-Alman Universiteti arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi olacaq.
Simpoziumun yekun iclası Xızıda keçiriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər