UNEC Xanım Tədqiqatçılar Şurası - alimlərin beynəlxalq şəbəkəsi

UNEC Xanım Tədqiqatçılar Şurası - alimlərin beynəlxalq şəbəkəsi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Xanım Tədqiqatçılar Şurası ictimai elmlər, o cümlədən siyasi elmlər, beynəlxalq hüquq, siyasi iqtisadiyyat və digər əlaqəli sahələrdə elm və təhsil layihələri üzrə kampus daxilində və xaricində qadın tədqiqatçıların və alimlərin beynəlxalq tədqiqat şəbəkəsidir. Xanım Tədqiqatçılar Şurasının əsas məqsədi sosial elmlərin ən aktual mövzuları üzrə yerli və beynəlxalq qadın tədqiqatçıları və alimləri bir araya gətirərək elmə akademik töhfələr verməkdir.
Bu barədə şuranın sədri Nərgiz Hacıyeva məlumat verib.
O bildirib ki, UNEC Xanım Tədqiqatçılar Şurası qadın alimlərə və tədqiqatçılara müxtəlif beynəlxalq proqramlar, seminarlar, konfranslar və tədqiqat təqaüdlərinə müraciət etməkdə dəstək olmağa çalışır. Xanım Tədqiqatçılar Şurası qadınların yaratdığı akademik təşəbbüslərə və layihələrə böyük diqqət yetirməklə qadın mərkəzli tədqiqat fəaliyyətlərini dəstəkləyir. Şura yaxın zamanlarda müxtəlif beyin mərkəzləri ilə əməkdaşlığın qurulmasını hədəfləyir. Bundan əlavə, qadınların akademik yazı bacarıqlarının artırılması, “Open Access” (“Açıq Giriş”) jurnallarında ödənişsiz məqalələrin nəşri, elmi fəaliyyətin səmərəli təşkili ilə əlaqədar təlimlər də təşkil etməkdədir. Bundan əlavə, cari ilin may ayında Xanım Tədqiqatçılar Şurası iki isveçrəli tələbənin “Elderly care in Azerbaijan and Turkey: a two-country study of elderly care institutions” (“Azərbaycanda və Türkiyədə yaşlılara qayğı: yaşlılara qulluq müəssisələrinin iki ölkə üzrə araşdırması”) və “Azerbaijan's economic diversification: an opportunity for Swiss companies?” (“Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi: İsveçrə şirkətləri üçün fürsət?”) mövzularında elmi-tədqiqat işlərinə dəstək olub.
“Biz tədqiqat şəbəkəmizə qoşulmaq üçün müxtəlif ölkələrdən sosial elmlər üzrə qadın alimlər və tədqiqatçıların müraciətlərini alqışlayır və yüksək qiymətləndiririk. Tədqiqat Mərkəzimizin sloqanı “Women Empowerment in Science” (“Qadınların elmdə səlahiyyətlərinin artırılması”) adlanır. Akademik karyera pillələri ilə irəliləyərkən bu boşluq daha da genişlənir. Bu gün qadınlar dünya tədqiqatçılarının 30 faizini və milli elm akademiyalarının üzvlərinin cəmi 12 faizini təşkil edir. Bu, aşağı gəlirli ölkələrdə isə daha kiçik nisbətlərdə özünü göstərir”, - deyə N.Hacıyeva bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər