Akademik Rasim Əliquliyev beynəlxalq konfransın açılış mərasimində çıxış edib

Akademik Rasim Əliquliyev beynəlxalq konfransın açılış mərasimində çıxış edib AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Rusiyanın Kursk şəhərində hibrid formatda keçirilən, institutun həmtəşkilatçısı olduğu “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanıma-2023” (Raspoznavaniye-2023) XVII beynəlxalq elmi-texniki konfransın açılış mərasimində çıxış edib.
Alim çıxışında bütün bəşəriyyət üçün son dərəcə aktual olan kompüter elmləri, informasiya texnologiyaları və süni intellekt sahəsində bir sıra elmi problemlərin müzakirəsinə həsr olunmuş konfransın önəmini vurğulayıb. Qeyd edib ki, belə bir konfransın ardıcıl olaraq 17-ci dəfə yüksək səviyyədə təşkil edilməsi olduqca təqdirəlayiq və son dərəcə mühüm hadisədir. Ənənə halını almış bu mötəbər tədbirin keçirilməsi, şübhəsiz ki, yüksək elmi və təşkilati resurs tələb edir.
Akademikin sözlərinə görə, konfransın proqram komitəsinə müxtəlif ölkələrin elm mərkəzlərindən tanınmış alimlərin cəlb edilməsi bu tədbirin nüfuzundan xəbər verir. İnformasiya Texnologiyaları İnstitutunun konfransın təşkilatçılarından biri olması institutun kollektivi üçün böyük şərəf və məsuliyyətdir.
“Tədbir həm də bu konfransın davamlı olaraq keçirilməsinə böyük töhfə vermiş və onu ənənəyə çevirmiş, Rusiya Federasiyasının Əməkdar elm xadimi, professor Vitali Semyenoviç Titovun anadan olmasının 80 illik yubileyinə həsr olunması ilə əlamətdardır. Bu münasibətlə institutumuzun kollektivi adından alimi təbrik edir, ona şəxsi həyatında və elmi-yaradıcılıq fəaliyyətində uğurlar arzulayırıq”, – deyə alim bildirib.
R.Əliquliyev Vitali Titovun alqoritmik layihələndirmənin fundamental və tətbiqi əsaslarının inkişafına, informasiya texnologiyaları və kompüter vasitələrinin, obrazların tanınması, təsvirlərin emalı sahəsində mühüm nəticələr əldə etdiyini diqqətə çatdırıb.
AMEA-nın vitse-prezidenti Vitali Titovun İnformasiya Texnologiyaları İnstitutunun böyük dostu olduğunu qeyd edərək, onun bu elmi müəssisə ilə Cənub-Qərb Dövlət Universiteti arasında elmi-texniki əməkdaşlığın formalaşmasında və inkişafında müstəsna xidmətləri olduğunu vurğulayıb. Həmçinin professor Titovun “Telekommunikasiya” jurnalının baş redaktoru kimi institut əməkdaşlarının elmi tədqiqatlarının nəticələrinin beynəlxalq arenada təqdim edilməsi üçün hər zaman dəstək göstərdiyinə görə ona dərin minnətdarlığını bildirib.
Alim konfransda müzakirəyə təqdim edilən, informasiya texnologiyalarının aktual elmi problemlərinə həsr olunmuş məruzələrin həm Rusiya, həm də digər ölkələrin alimləri qarşısında yeni vəzifələr qoyduğunu, onların əsasını təşkil edən ideyaların milli və qlobal səviyyədə bir sıra praktiki problemlərin həllinə xidmət etdiyini vurğulayıb.
AMEA-nın vitse-prezidenti qeyd edib ki, hazırda Azərbaycanda digər sahələrlə yanaşı, elm sahəsində də mühüm kompleks, innovativ islahatlar aparılır. Bununla əlaqədar olaraq, ölkə rəhbərliyi tərəfindən strateji qərarlar qəbul edilir. Bu islahatların həyata keçirilməsində əsas məqsəd respublikada elmi-innovativ fəaliyyətin səmərəliliyinin və məqsədyönlülüyünün artırılması, Azərbaycan elminin bütün intellektual potensialının iqtisadi inkişafın, ölkənin hərtərəfli təhlükəsizliyinin gücləndirilməsi üçün səfərbər edilməsi, rəqəmsal transformasiya kontekstində elektron dövlət sisteminin daha da təkmilləşdirilməsindən ibarətdir. Bütün bunlara nail olmaq üçün IV Sənaye İnqilabının və süni intellekt texnologiyalarının imkanlarından maksimum yararlanmaq qarşıya məqsəd kimi qoyulub.
Akademik İnformasiya Texnologiyaları İnstitutunun hər zaman bu konfransın işində fəal iştirak etdiyini, bu dəfə də institutun əməkdaşları tərəfindən konfransa 20-yə yaxın məruzənin təqdim olunduğunu söyləyib. Konfransda həmmüəllifi olduğu “IV Sənaye İnqilabının texnoloji çağırışları kontekstində kibertəhlükələr və onların intellektual analizi problemləri” mövzusunda məruzənin də diqqətə çatdırılacağını bildirib. Qeyd edib ki, məruzədə müxtəlif kiberfiziki infrastrukturlarda meydana gəlmiş kibertəhlükələrin və insidentlərin intellektual analizinə kompleks yanaşma təqdim olunur. Bu kibertəhlükələrin müxtəlif kritik infrastrukturlara təsiri ətraflı təsvir edilir. Bu təhdidlərlə mübarizədə və onların real vaxt rejimində aşkar edilərək qarşısının alınmasında süni intellekt metodlarından istifadənin vacibliyi göstərilir. Bundan əlavə, təhdidlərin analizi üçün maşın təlimi metodları və təbii dilin emalı da daxil olmaqla, müxtəlif metodlar və alqoritmlər təklif olunur.
R.Əliquliyev məlumat verib ki, eyni zamanda, konfrans iştirakçıları institutun əməkdaşlarının dərin təlim texnologiyaları əsasında şəbəkə infrastrukturunun kibertəhlükəsizliyinin kompleks panoramik monitorinqi smart modeli, bulud hesablamalarında kiberhücumların tanınması üçün qraf neyron şəbəkələri, sosial şəbəkələrdə tibbi mediaresursların verilənləri əsasında pasiyent rəylərinin təsnifatı, dron şəbəkələrində DoS-hücumların aşkarlanması, tibb sahəsində rəqəmsal əkizlərin formalaşması üçün arxitektur həllər, internet mühitində saxta jurnalların aşkarlanması metodlarının analizi, əl jestlərinin tanınması üçün hibrid alqoritmlər və s. kimi elmi nəticələri ilə tanış olmaq imkanı əldə edəcəklər.
Akademikin sözlərinə görə, qeyd olunan mövzular İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları tərəfindən aparılan tədqiqatların yalnız kiçik bir hissəsini əhatə edir. Ümumiyyətlə, institutda informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşması problemləri üzrə iki əsas istiqamətdə tədqiqatlar aparılır. Buraya informasiya təhlükəsizliyi və kiberdayanıqlılığın təmin edilməsi problemləri daxildir. Bu istiqamət üzrə müxtəlif təyinatlı kiberfiziki sistemlərin formalaşması, ifrat böyük verilənlərin intellektual analizi, pilotsuz uçuş aparatlarının kibertəhlükəsizlik problemləri, bulud texnologiyaları və resurslarında informasiya təhlükəsizliyinin təmin edilməsi, internet mühitində kibercinayətlərin aşkarlanması və analizi, duman texnologiyaları əsasında kiberfiziki sistemlərin yaradılması və s. ilə bağlı tədqiqatlar aparılır.
AMEA-nın vitse-prezidenti əlavə edib ki, elektron dövlət platformasında elektron demoqrafiya sistemlərində toplanan məlumatların intellektual analizi və proqnozlaşdırılması, elektron dövlətin və onun e-tibb, e-elm və s. kimi ayrı-ayrı sosio-texnoloji infrastrukturlarının formalaşması və intellektuallaşdırılması problemləri də institutda diqqət mərkəzində saxlanılan tədqiqat istiqamətlərindəndir.
R.Əliquliyev qeyd olunan problemlərin aktuallığı və ümumiliyi nəzərə alınmaqla, institutun xarici ölkələrin müvafiq elmi mərkəzləri ilə əməkdaşlıq əlaqələri qurmaqda maraqlı olduğunu diqqətə çatdırıb. Konfransın əvvəlki illərdə olduğu kimi, maraqlı və gərgin elmi müzakirələr şəraitində keçəcəyinə və tədbirin nəticələrinin qoyulan elmi problemlərin həlli və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından faydalı olacağına əminliyini ifadə edib. O, çıxışının sonunda konfransın yüksək səviyyədə təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib.
Sonda Vitali Titovun 80 illik yubileyi münasibətilə İnformasiya Texnologiyaları İnstitutunun kollektivi adından yubilyara gül buketi təqdim olunub.

Tehsil-press.az



Oxşar xəbərlər