İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan bir ölkə olaraq dünya miqyasında öz gücünü ortaya qoyub

İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan bir ölkə olaraq dünya miqyasında öz gücünü ortaya qoyub 2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə İlham Əliyev 76,8 faiz səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilib. Bu hadisə tariximizin ən parlaq səhifələrindən birini təşkil edir. Çünki Heydər Əliyevin başa çatdıra bilmədiyi mühüm işləri İlham Əliyev kimi şəxsiyyət başa çatdıra bilərdi. Bunu Ulu Öndər özü də bir çıxışında dilə gətirərək belə deyib: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Xalqın istəyi ilə İlham Əliyevin prezident seçilməsi, müstəqilliyimizin, həmrəyliyimizin, eyni zamanda, ideoloji dayaqlarımızın inkişaf edərək möhkəmləndirilməsinə səbəb oldu.
Bu fikirləri AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın VII-XIV əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisi dosent Şahlar Şərifov deyib. O bildirib ki, 20 il ərzində Azərbaycan hərtərəfli inkişaf edərək dünya arenasında öz sözünü deyən və öz gücünü sübut edən ölkələrdən birinə çevrilib. Ölkəmizdə genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin edib: “İdman, təhsil və səhiyyə sahələrinə də diqqət ayıran Prezidentin imzaladığı fərmanlar əsasında ölkədə bir çox idman kompleksləri, təhsil və səhiyyə ocaqları tikilib. İdman komplekslərinin tikilməsində əsas məqsəd gənc nəslin sağlamlığının qorunmasına xidmət etmək olub. Yüzlərlə səhiyyə ocaqlarının tikilməsi səhiyyə sisteminin inkişafına, təhsil ocaqlarının tikilməsi isə təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə xidmət etməkdədir.
Bu illər ərzində Azərbaycan bir ölkə olaraq dünya miqyasında energetika sahəsində də öz gücünü ortaya qoyub. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində aparıcı qüvvələrdən biri kimi çıxış edir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycanda neft sənayesini inkişaf etdirməklə yanaşı, Azərbaycan neftinin dünya bazarına çıxarılmasına şərait yaradıb. Neft sənayesinin inkişaf etdirilməsi insanların yaşayış tərzinin daha da yaxşılaşdırılmasını təmin etdi”.

İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan bir ölkə olaraq dünya miqyasında öz gücünü ortaya qoyub

Şahlar Şərifov Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilən xarici siyasət strategiyasının ölkəmizi beynəlxalq arenada öz sözünü deyə bilən etibarlı bir dövlətə çevirdiyini vurğulayıb: “İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, dünyadakı beynəlxalq təşkilatlar tərəfindən isə Ermənistan işğalçı dövlət kimi tanınıb. Ölkəmizin 2019-2023-cü illərdə 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi onun beynəlxalq miqyasda nüfuzunun və qüdrətinin yüksək olduğunu göstərir.
İyirmi il ərzində ən mühüm hadisə isə 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsidir. 44 gün davam edən bu şanlı müharibə Ali Baş Komandanın qətiyyəti, xalqın birliyi və Şanlı Ordumuzun gücü nəticəsində qələbə ilə sona çatıb. Bu müharibədə əldə edilən Qələbə xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. İlham Əliyevin seçdiyi düzgün döyüş taktikası nəticəsində yenilməz ordumuz 44 gün ərzində düşməni məğlub edərək ərazi bütövlüyümüzü bərpa etdi.
Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin imzaladığı Bəyanatla hərbi münaqişə sona çatıb. Beləliklə, 44 gün davam edən Vətən və ya II Qarabağ müharibəsi torpaqlarımızın işğalına son qoyub.
Əvvəlki dövrlərdə olduğu kimi, 44 günlük müharibədə də qardaş Türkiyə Azərbaycana öz dəstəyini əsirgəməyib. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın çətin anlarda dediyi “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” sözləri Azərbaycana əlavə güc verməklə yanaşı, ermənilərə və onları himayə edənlərə Azərbaycanın döyüş meydanında heç də tək olmadığını göstərdi. 2021-ci il iyunun 15-də Azərbaycan ilə Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi isə iki qardaş ölkənin münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəldiyini təsdiqlədi.
Şanlı Qələbəmizin nəticəsi olaraq işğaldan azad olunmuş tarixi torpaqlarımıza yəni, Qarabağımıza Böyük Qayıdış başlayıb.
2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirlərinin nəticəsi olaraq isə Azərbaycan öz suverenliyini bərpa etmiş oldu, Qarabağdakı qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyaraq təslim oldular. Bununla da Ali Baş Komandan İlham Əliyev, Müzəffər Ordumuz və xalqımız bir daha sübut etdi ki, şəhidlərimizin qanı yerdə qalmadı. Bütün bunlara Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində nail olunub”.

Tehsil-press.az


Oxşar xəbərlər