AzMİU-da daha bir laboratoriya istifadəyə verildi

AzMİU-da daha bir laboratoriya istifadəyə verildi Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İnşaat mühəndisliyində layihələndirmə laboratoriyasının açılışı olub. Laboratoriya işğaldan azad olunmuş ərazilərimizdə tikinti-quruculuq işlərində yaxından iştirak edən Türkiyənin "ProYapı" şirkəti ilə AzMİU arasındakı əməkdaşlıq müqaviləsinə əsasən şirkətin dəstəyi ilə yaradılıb.
Açılış mərasimində əvvəlcə "ProYapı" şirkətinin fəaliyyəti, həyata keçirdiyi irimiqyaslı layihələrlə bağlı videoçarx nümayiş olunub.
Rektor Gülçöhrə Məmmədova çıxış edərək Azərbaycan və Türkiyə dövlətləri arasındakı qardaşlıq əlaqələrinə diqqət çəkib və laboratoriyanın yaradılmasında göstərilən dəstəyə görə "ProYapı" şirkətinin rəhbərliyinə təşəkkür edib.
Kadr hazırlığında tədrislə yanaşı, praktik vərdişlərin formalaşdırılmasına da üstünlük verildiyini vurğulayan rektor AzMİU-nun bir sıra yerli və beynəlxalq təşkilatlarla, o cümlədən "ProYapı" şirkəti ilə əməkdaşlığından danışıb. Gülçöhrə Məmmədova qeyd edib ki, AzMİU tələbələrinin "ProYapı" şirkətində təcrübədə olması onların peşə biliklərini daha dərindən mənimsəməsinə böyük töhfə verir: “İşğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən tikinti-quruculuq işləri, “Böyük Qayıdış” prosesi strateji əhəmiyyətə malikdir və hər birimiz üçün qürurverici hadisədir. "ProYapı" şirkətinin həmin ərazilərdəki fəaliyyəti və universitetimizin şirkətlə əməkdaşlığı, tələbələrimizin təcrübəyə cəlb olunması həm də bu baxımdan böyük əhəmiyyətə malikdir”.
"ProYapı" şirkətinin icraçı direktoru Akif Aygen çıxış edərək şirkətlə universitetin əməkdaşlığından məmnunluğunu ifadə edib. Akif Aygen bildirib ki, kadr məsələsi istehsalat müəssisələri üçün ən aktual məsələlərdəndir. O qeyd edib ki, universitetlə əlaqələrin inkişaf etdirilməsi şirkətin kadr potensialı ilə təmin olunması işinə, eləcə də istehsalatda olan bəzi problemlərin tədqiq edilməsinə, innovativ elmi yeniliklərin tətbiq olunmasına və bu yolla səmərəliliyin artırılmasına böyük təkan verir.
AzMİU-nun İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev çıxışında laboratoriyanın tədris prosesində daşıdığı əhəmiyyətə diqqət çəkib. Dekan qeyd edib ki, laboratoriya fakültə müəllimlərinə inşaat mühəndisliyi ixtisası üzrə layihələndirmə işini əyani olaraq tələbələrə öyrətməyə imkan verəcək.
Qeyd edək ki, laboratoriyada AzMİU-nun inşaat mühəndisliyi ixtisasının sonuncu kurs tələbələri qrup şəklində layihə dərslərini hazırlayacaqlar. Bu da inşaat mühəndisliyi ixtisası üzrə kadr hazırlığı prosesini daha mütəşəkkil təşkil etməyə, eyni zamanda, ölkəmizin inşaat sektorunun daha peşəkar kadrlarla təmin etməklə canlanmasına töhfə verəcək.
Laboratoriya xüsusi proqramlarla təchiz edilmiş 16 kompüterlə təmin olunub. Tələbələr bu laboratoriyada real tikinti layihələrini yerinə yetirəcək, inşaat mühəndisliyində layihələndirmə üzrə istehsalatda çalışan peşəkar mütəxəssislərdən dərs alacaqlar.

Tehsil-press.az



Oxşar xəbərlər