“Çin və Azərbaycanın müqəddəs dağları” – tələbə seminarı

“Çin və Azərbaycanın müqəddəs dağları” – tələbə seminarı Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində Konfutsi İnstitutu “Çin və Azərbaycanın müqəddəs dağları” adlı elmi-tələbə seminarı keçirib.
Seminarı giriş sözü ilə açan Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov buddizm və daosizmdə ehtiramla qəbul edilən Çinin müqəddəs dağlarının çinlilər üçün mədəni və ritual əhəmiyyətindən danışıb. Qeyd olunub ki, qədim beş müqəddəs dağ sistemi əfsanəyə görə Yer üzündə ilk insan olan Pan-qunun əllərindən, ayaqlarından və başlarından yaranıb. Yerlə Cənnəti birləşdirən bu dağlar dördbucaqlı fiqur şəklində kainatın diaqramını simvolizə edirdi. Məşhur imperator Sin Şi Xuandinin hakimiyyəti dövründən başlayaraq, “Döyüşən dövlətlər” dövründən tanınan müqəddəs dağlar sonuncu Qin sülaləsinə qədər bütün sonrakı hökmdarlar üçün qurbanlıq və ritual ibadət yerlərinə çevrildi.
ADU-nun Çinşünas tələbələri müqəddəs Daoist və Buddist dağlarının tarixi, mədəni və dini əhəmiyyətini qeyd edərək, Tanrısı insanların taleyinə nəzarət edən Tayşan dağının tarixi, mədəni və dini əhəmiyyətindən, Böyük Çin Səddi yaxınlığında yerləşən Henşan dağı, Taoist ziyarətgahı olan Huaşan dağı, ən qədim paqodası və məşhur Şaolin Buddist monastırı ilə məşhur olan Sunşan dağı, çoxlu müqəddəs məbədləri və monastırları ilə seçilən Buddist dağları Utayşan, Jiuhuaşan və Putuoşan haqqında danışıblar.
Tələbələr, həmçinin orta əsrlərə aid qala xarabalıqları üzərində yerləşən müqəddəs Beşbarmaq dağı, “Kümbəz” ziyarətgahı ilə iki yerə parçalanan Haçaqaya dağı, “Həzrət Baba” ziyarətgahı, Naxçıvandakı müqəddəs "Əshabi-Kəhf" mağaraları, Zərdüştilik tərəfdarlarının ibadət obyekti olan Yanardağ dağı haqqında məlumat veriblər.

Tehsil-press.az


Oxşar xəbərlər