Azərbaycan-Urdu Araşdırma Mərkəzində şəhid Ülvi Bünyadzadənin şeirlər kitabı təqdim edilib

Azərbaycan-Urdu Araşdırma Mərkəzində şəhid Ülvi Bünyadzadənin şeirlər kitabı təqdim edilib Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri AMEA-nın müxbir üzvü Könül Bünyadzadə Lahor Dövlət Kollec Universitetində yeni yaradılmış Azərbaycan-Urdu Araşdırma Mərkəzində bir sıra görüşlər keçirib, seminarlarda məruzələrlə çıxış edib.
Azərbaycan-Urdu Araşdırma Mərkəzinin ilk fəaliyyəti azərbaycanlı şair, 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin şeirlər kitabının tərcüməsi və kitab kimi nəşr edilməsi olub. Kitaba “Ön söz”ün müəllifi Lahor Dövlət Kollec Universitetinin Urdu şöbəsinin əməkdaşı Almas Khanum, şeirlərin tərcüməçisi isə Pakistanın gənc şairi Həmmad Niyazidir.
Ülvi Bünyadzadənin “Daş altında bitən çiçək” adlı şeirlər kitabının təqdimatı Azərbaycan-Urdu Araşdırmalar Mərkəzində keçirilib. Görüşdə Mərkəzin əməkdaşları və universitetin tələbələri iştirak ediblər.
Əvvəlcə 20 Yanvar şəhidi Ülvi Bünyadzadə haqqında film nümayiş etdirilib.
Təqdimat mərasimində çıxış edən Mərkəzin direktoru, Urdu bölməsinin müdiri professor Saimə İrəm Azərbaycan-Urdu Araşdırma Mərkəzinin yaradılmasında və fəaliyyətinin dəstəklənməsində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rolunu xüsusi vurğulayıb, kollektiv adından ona təşəkkürünü bildirib.
“Daş altında bitən çiçək” kitabının ideyasından söz açan Saimə İrəm şəhidlərlə bağlı tarixi kitabların ictimaiyyətə təqdim olunmasının qürurverici olduğunu qeyd edib.
Daha sonra Həmmad Niyazi kitabdakı şeirlərlə bağlı təəssüratını bölüşüb. O, bu şeirlərin pakistanlı gənclərin, gələcək nəsillərin vətənpərvər ruhda yetişməsində əhəmiyyətli rol oynayacağını söyləyib. Həmmad Niyazı 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin başqa şeirlərini də pakistanlı oxuculara çatdırmaq arzusunda olduğunu bildirib. O, tərcümə etdiyi şeirlərdən bir neçəsini səsləndirib.
Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü Könül Bünyadzadə Azərbaycan-Urdu Araşdırmalar Mərkəzinin fəaliyyətinin belə bir kitabın təqdimatı ilə başlanmasının rəmzi məna daşıdığını söyləyib. O, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canını qurban vermiş ilk şəhidlərdən olan Ülvi Bünyadzadənin şeirlərinin fəlsəfi yükündən bəhs edib.
Azərbaycanlı alim sözünü Nazim Hikmətin belə bir fikri ilə tamamlayıb: “Tərcüməçi şairin ürəyini hissələrə ayırır və sonra onu təkrar birləşdirir. Ürək yenə həmin ürəkdir, sadəcə çatlarla. Mən şadam ki, Ülvi Bünyadzadənin ürəyi indi də urdu oxucuları üçün vuracaq”.
Lahor Dövlət Kolleci Universitetinin rektoru professor Əhməd Adnan isə çıxışında Ülvi Bünyadzadənin şeirlərinin dərin məzmunundan, öz zamanını qabaqlamasından danışıb. O, şeirlərdə Ülvinin təsvir etdiyi təbiəti gördüyünü, Vətəni üçün narahat olan gəncin həyəcanını hiss etdiyini, həyatın hər üzünü anlamaq istəyən şairin düşüncələrini izlədiyini söyləyib.
Rektor bu cür nəşrlərin beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verdiyini qeyd edib, gələcəkdə belə kitabların təqdimatının sayının artmasını, digər şair və mütəfəkkirlərin də əsərlərinin tərcümə olunmasını arzu edib.
Tədbirin sonunda azərbaycanlı şairin doğma dilində olan şeir kitabları Azərbaycan-Urdu Araşdırmalar Mərkəzinə təqdim edilib.
Qeyd edək ki, Könül Bünyadzadə Azərbaycan Milli Elmlər Akademiyası ilə Lahor Dövlət Kollec Universiteti arasında 2022-ci ilin dekabrında imzalanmış memoranduma əsasən Lahor şəhərində elmi ezamiyyətdədir.

Tehsil-press.az



Oxşar xəbərlər