BDU-da “Tarixin Heydər Əliyev Zirvəsi” adlı tədbir keçirilib

BDU-da “Tarixin Heydər Əliyev Zirvəsi” adlı tədbir keçirilib “Heydər Əliyev İli” çərçivəsində Bakı Dövlət Universitetində (BDU) Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatı və “Z.Xəlilov küçəsi 33” ünvanı üzrə ərazi partiya təşkilatı ilə birgə “Tarixin Heydər Əliyev Zirvəsi” adlı tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi anılıb.
Tədbirdə çıxış edən “Z.Xəlilov küçəsi 33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov bildirib ki, Ulu Öndər Heydər Əliyevin doğma Vətən və xalq qarşısında tarixi xidmətləri əvəzsizdir. Xalqının və dövlətinin mənafeyini daim üstün tutan Ümummilli Liderimiz müstəqil Azərbaycan dövlətinin qurucusu və memarıdır. Ulu Öndər daim Azərbaycanı düşünüb, onun müasirləşməsinə, qüdrətlənməsinə çalışıb.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi zamanı xalqın rifahının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik misilsiz işlər görülüb. Bu gün müasir, müstəqil Azərbaycan Ulu Öndərin ideyaları əsasında inkişaf edir. Ümummilli Liderin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdi. Oktyabrın 15-də Xankəndi və digər ərazilərimizdə Müzəffər Ali Baş Komandanın Azərbaycanın Dövlət Bayrağını ucaltması tarixi Zəfərimizin zirvəsi oldu.
Milli Məclisin deputatları – YAP Təftiş komissiyasının üzvü Naqif Həmzəyev və Jalə Əliyeva çıxışlarında bildiriblər ki, Ümummilli Lider milli dövlətçilik ideyalarını hər şeydən üstün tutub. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz xarakter alması, inkişafı, beynəlxalq nüfuzunun yüksəlməsi Ulu Öndərin fəaliyyəti sayəsində mümkün olub.
BDU-nun Biologiya fakültəsinin dekanı Afət Məmmədova vurğulayıb ki, XX əsrin sonlarında müstəqillik qazanan Azərbaycan Respublikasının mövcudluğu və respublikamızın dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilməsi Ümummilli Liderin tarixi fəaliyyətinin nəticəsidir. Ulu Öndər Heydər Əliyevin alternativi olmayan daxili və xarici siyasəti bu gün dahi rəhbərin siyasi varisi, Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir.
Sonra bir qrup partiya fəalına fəxri fərmanlar təqdim olunub.

Tehsil-press.az





Oxşar xəbərlər