Hebey Pedaqoji Universitetində Xəzər hövzəsi və Mərkəzi Asiya üzrə Tədqiqatlar Mərkəzi yaradılıb

Hebey Pedaqoji Universitetində Xəzər hövzəsi və Mərkəzi Asiya üzrə Tədqiqatlar Mərkəzi yaradılıb Çinin Hebey əyalətinin mərkəzi şəhəri olan Şiciacuanq şəhərində yerləşən Hebey Pedaqoji Universitetində Xəzər hövzəsi və Mərkəzi Asiya üzrə Tədqiqatlar Mərkəzi yaradılıb.
Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevin təşəbbüsü ilə açılan mərkəzin məqsədi Çin ilə bu iki regionda yerləşən ölkələr arasında olan iqtisadi və mədəni əlaqələrin qarşılıqlı şəkildə tədqiq olunması, elmi əlaqələrin dərinləşdirilməsi, alimlər arasında mübadilənin intensivləşdirilməsidir. Mərkəzin əsas tədqiqat istiqamətlərindən biri Azərbaycan-Çin münasibətləri və “Orta dəhliz” layihəsidir. Hazırda Çində regionşünaslıq və ölkəşünaslıq elmi sürətlə inkişaf edir. Bu məqsədlə irimiqyaslı elmi layihlər həyata keçirilir, tədqiqat mərkəzləri və institutlar yaradılır.
Xəzər hövzəsi və Mərkəzi Asiya üzrə Tədqiqatlar Mərkəzinin açılış mərasimində çıxış edən Aqşin Əliyev qədim İpək yolu üzərində yerləşən Azərbaycanın “Kəmər və yol” təşəbbüsünün əsas iştirakçılarından biri olduğunu diqqətə çatdırıb, bu xüsusda Azərbaycanın həyata keçirdiyi layihələr, xüsusilə “Orta dəhliz”in əhəmiyyəti haqqında geniş məlumat verib. O, son illər sürətlə inkişaf edən Azərbaycan-Çin humanitar, mədəni, təhsil və elmi əlaqələrində nəzərəçarpan hadisələr barədə universitet rəhbərliyini və iştirakçıları məlumatlandırıb. Sonda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə həmyerlimizin təşəbbüsü ilə həyata keçirilən “Azərbaycanı kitabla tanıdaq” layihəsi çərçivəsində Xəzər hövzəsi və Mərkəzi Asiya üzrə Tədqiqatlar Mərkəzinə Azərbaycanla bağlı ilk kitab dəsti hədiyyə edilib.

Tehsil-press.az



Oxşar xəbərlər