ADU-da pedaqoji və istehsalat təcrübələrinə həsr olunmuş yekun konfrans keçirilib

ADU-da pedaqoji və istehsalat təcrübələrinə həsr olunmuş yekun konfrans keçirilib İyun ayının 6-da Azərbaycan Dillər Universitetində tələbələrin pedaqoji və istehsalat təcrübələrinə həsr olunmuş yekun konfransı keçirilib. Tədbirdə ADU-nun rəhbərliyi, professor-müəllim heyəti, bir sıra dövlət və icra qurumlarının məsul şəxsləri, təhsil müəssisələri və tədris-tərcümə mərkəzlərinin rəhbərləri, tələbələr iştirak ediblər.
Konfransda Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla konfransı giriş sözü ilə açaraq, tələbələri bu mühüm mərhələnin uğurla başa çatması münasibətilə təbrik edib, pedaqoji təcrübənin tələbələrin gələcək karyeralarının formalaşmasında əvəzsiz rol oynadığını vurğulayıb:
“Hər dəfə olduğu kimi, bu il də universitetimizin tələbələri böyük məmnuniyyətlə pedaqoji və istehsalat təcrübəsindən qayıdıblar. Təcrübə müddətində tələbələrimizin müxtəlif müəssisələrdə göstərdikləri fəaliyyətləri, onların yüksək hazırlıq səviyyəsini və peşəkar bacarıqlarını nümayiş etdirmələri bizi çox sevindirir. Bu müddət ərzində tələbələrimizə dəstək olan bütün təhsil müəssisələrinin rəhbərlərinə və kollektivlərinə dərin təşəkkürümü bildirirəm.
İlk pedaqoji təcrübə tələbələrin peşəkar inkişafında və onların gələcəkdə cəmiyyətə faydalı vətəndaşlar kimi yetişməsində əvəzsiz rol oynayır. Tələbələrimizin məktəblərdə qurduğu ünsiyyət, müəllim və şagirdlərlə işbirliyi, onların pedaqoji bilik və bacarıqlarını praktiki şəkildə tətbiq etmələri gələcək fəaliyyətlərinə böyük təsir göstərəcək. İnanıram ki, tələbələrimizin məktəblərdə qurduğu ünsiyyət və münasibət bundan sonra da davam edəcək”, - deyən rektor tələbələri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
ADU-nun Əlavə təhsil, təcrübə və karyera şöbəsinin müdiri Nicat Aşurov çıxışında pedaqoji və istehsalat təcrübəsinin yekunu ilə bağlı hesabat verib. Bildirilib ki, Elm və Təhsil Nazirliyinin təcrübə ilə bağlı müəyyən etdiyi yeni qaydalara əsasən, universitet tələbələri 16 fevraldan mayın 24-nə qədər müəssisələrdə 14 həftəlik təcrübə keçiblər. Azərbaycan Dillər Universiteti 2023-2024-cü tədris ili üzrə 930 tələbəni pedaqoji, 741 tələbəni isə istehsalat təcrübəsi olmaqla ümumilikdə 1671 tələbəni 170-dən çox müəssisədə təcrübəyə cəlb edib.
“Pedaqoji təcrübə Bakı Şəhər Təhsil İdarəsinə tabe olan 68 məktəbdə, Bakı şəhərində yerləşən 10 özəl məktəbdə baş tutub. Həmçinin, akademik Kamal Abdullanın təşəbbüsü ilə Azərbaycanın bir çox bölgəsində təcrübə layihəsi həyata keçirilib. Tələbələrimiz Biləsuvar, Quba, Bərdə, Göygöl, Saatlı, Zərdab rayonlarında, həmçinin, işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq-Mərcanlı kəndində və Laçın rayonunun Zabux kəndində pedaqoji təcrübəyə cəlb olunublar”, - deyən Nicat Aşurov bildirib ki, tələbələr məktəblərdə 200-ə yaxın tədbir həyata keçiriblər. Akademik Kamal Abdullanın göstərişi ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində bir sıra məktəblərdə müəllim və tələbələrimiz tərəfindən ağacəkmə kampaniyaları, iməciliklər və maarifləndirici görüşlər baş tutub.

İstehsalat təcrübəsi isə 87 müəssisədə baş tutub ki, ADU-nun tələbələri Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, bir sıra icra və media qurumlarında, tərcümə mərkəzlərində təcrübələrini uğurla yerinə yetiriblər.
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin direktoru Aqşin Bağırov çıxış edərək tələbələrin yüksək səviyyədə hazırlandığını və bu təcrübələrin onların pedaqoji bilik və bacarıqlarını praktikada sınaqdan keçirmələrinə şərait yaratdığını bildirib. O, bu cür təcrübələrin tələbələrin gələcəkdə uğurlu müəllimlər olmasına zəmin yaratdığını vurğulayıb.
Konfrans “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rafiq Həşimovun hazırladığı videoçarxın nümayişi ilə davam edib. Tədbirdə çıxış edən Rafiq Həşimov bildirib ki, təcrübə proqramları tələbələrin gələcək iş həyatına hazırlığı baxımından əvəzsizdir. Onların işgüzar və praktik bilikləri burada sınaqdan keçir və daha da təkmilləşdirilir. ADU-nun tədris proqramlarının və təcrübə layihələrinin yüksək səviyyədə təşkil olunduğunu görmək bizə böyük sevinc bəxş edir. Tələbələrin həm pedaqoji, həm də istehsalat sahəsində qazandıqları bilik və bacarıqlar onları daha da gücləndirəcək və onları gələcəkdə uğurlu peşəkarlar kimi yetişdirəcək.
Konfransda çıxış edən “Avrasiya” Tərcümə Mərkəzinin direktoru Nərmin Məmmədova təcrübə proqramlarının tələbələrin peşəkar inkişafında böyük rol oynadığını vurğulayıb: “Azərbaycan Dillər Universiteti hər zaman tələbələrin ən yüksək səviyyədə hazırlanmasını təmin edir və biz bu universitetin tələbələri ilə əməkdaşlıq etməkdən böyük məmnuniyyət duyuruq. Təcrübə müddətində göstərdikləri əzmkarlıq və peşəkarlıq üçün tələbələrə, onları yetişdirən müəllimlərə və universitet rəhbərliyinə təşəkkür edirəm. “Avrasiya” Tərcümə Mərkəzi olaraq, tələbələrin tərcümə sahəsində praktiki bacarıqlarını yüksək qiymətləndiririk və böyük məmnuniyyətlə onları işə qəbul etməyə və onların inkişafına dəstək olmağa hazırıq”.
Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev işğaldan azad olunmuş rayonlarda keçirilən təcrübənin tələbələrin həm peşəkar, həm də mənəvi inkişafına böyük töhfə verdiyini qeyd edib, ADU-nun tələbələrinin bilik və hazırlıq səviyyəsini yüksək dəyərləndirib.
Təcrübə proqramlarının tələbələrin peşəkar inkişafında mühüm rol oynadığını vurğulayan “Kaspi” Liseyi Ağ şəhər filialının direktoru Rəqsanə Məmmədova bildirib ki, pedaqoji və istehsalat təcrübələri tələbələrin nəzəri biliklərini praktikada tətbiq etmələrinə, peşə bacarıqlarını inkişaf etdirmələrinə və real iş mühitində təcrübə qazanmalarına imkan yaradır. ADU-nun tələbələrinin yüksək hazırlıq səviyyəsi və onların işə məsuliyyətli yanaşmaları bizi sevindirir.
“Hədəf” Şirkətlər Qrupunun sosial işlər üzrə müavini Elvin Əliyev bu mühüm mərhələni uğurla başa vuran təcrübəçi tələbələri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Əminliklə ifadə edilib ki, tələbələrin əldə etdikləri bilik və təcrübə onların gələcək fəaliyyətlərinə, Azərbaycanımızın inkişafına böyük töhfələr verəcək.
Quba rayonu, 2-ci Nügədi kənd 1 saylı tam orta məktəbinin direktoru Vüqar İmaməliyev Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın təşəbbüsü ilə universitet tələbələrinin bölgələrdə pedaqoji təcrübə keçmələrini mütərəqqi hal kimi dəyərləndirib: “Azərbaycan Dillər Universitetinin tələbələrinin rayon və kənd məktəblərində təcrübə keçmələrini alqışlayıram. Bunun üçün Kamal müəllimə dərin təşəkkürümü bildirirəm. Bu il məktəbimizdə öz məzunumuzun təcrübə keçməsi bizi çox sevindirdi, şagirdlərimizə böyük stimul verdi. Arzu edirəm ki, ADU-nun bu mütərəqqi ənənəsini digər ali təhsil ocaqları da həyata keçirsinlər. Onlar da təcrübəçi tələbələrini bölgələrə göndərsinlər”.
Bakı şəhəri, 27 saylı tam orta məktəbin direktoru Xatirə Əhmədova, 135 saylı tam orta məktəbin direktoru Şəfa Qurbanova çıxışlarında tələbələrin keçirdikləri təcrübələr barəsində ətraflı məlumat veriblər. Bildirilib ki, bu təcrübə tələbələrə öz nəzəri biliklərini praktikada sınaqdan keçirmək və peşəkar dünyaya hazırlıq görmək imkanı verir. Tələbələrin təcrübə müddətində göstərdikləri səylər onların gələcək karyeralarında mühüm rol oynayacaq.
Konfransda çıxış edən “Şəms” Tərcümə Mərkəzinin direktoru Nəsimi Həsənov bildirib ki, təcrübə proqramları tələbələrə nəzəri biliklərini praktikada tətbiq etmək, peşəkar mühitdə iş təcrübəsi qazanmaq və öz bacarıqlarını inkişaf etdirmək üçün əvəzsiz imkanlar yaradır. Azərbaycan Dillər Universitetinin tələbələrinin bu təcrübə proqramlarında fəal iştirakı və yüksək nəticələr əldə etməsi bizi sevindirir.
Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin İnsan resursları sektorunun müdiri Şahmar Tağıyev bildirib ki, Gənclər və İdman Nazirliyi hər zaman tələbələrin inkişafına, onların təhsil və təcrübə proqramlarına dəstək verməyə hazırdır. Nazirlik tələbələrin peşəkar bacarıqlarının artırılmasına və onların gələcəkdə uğurlu karyera qurmasına böyük önəm verir. Biz tələbələrin müxtəlif qurumlarda, o cümlədən nazirliyimizdə keçdikləri təcrübə müddətində əldə etdikləri bilik və bacarıqları yüksək qiymətləndiririk.
Yekun konfransda həmçinin Azərbaycan Britaniya Kolleci, Landau məktəbi, 35 saylı orta məktəb, Milli Arxiv İdarəsi, Evrika-Montessori Mərkəzinin nümayəndələri iştirak ediblər.
Sonra söz tələbələrə verilib. Təhsil-1 fakültəsinin 409a qrup tələbəsi Rəqsanə İsmayılova və Təhsil-2 fakültəsinin 424a qrup tələbəsi Pəri Kazımova çıxış edərək 44 günlük Vətən müharibəsində düşməndən geri aldığımız Laçın rayonunun Zabux kəndində pedaqoji təcrübə keçdiklərini bildiriblər. Təhsil-1 fakültəsinin 404a qrup tələbəsi Gülşən Babayeva isə Qarabağa qayıdışın başlanğıcı olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçdiyi pedaqoji təcrübədən danışıb. Təcrübə keçdikləri təhsil müəssisələrinin kollektivinə göstərdikləri qayğı və dəstəyə görə dərin təşəkkürünü bildirən tələbələr qeyd ediblər ki, bu təcrübə müddəti onlar üçün unudulmaz bir dövr oldu və gələcək karyeraları üçün çox dəyərli bir təməl yaradıb.
Çıxış edən digər tələbələr – Sevinc Məhərrəmova, İranə Məlikzadə, Sevda Əhmədova təbriklərə və dəstəyə görə universitet rəhbərliyinə, professor-müəllim heyətinə, qonaqlara minnətdarlıqlarını ifadə ediblər. Pedaqoji təcrübə müddətində əldə etdikləri bilik və bacarıqlar barədə fikirlərini bölüşən tələbələr müxtəlif təhsil və istehsalat müəssisələrində keçirilən təcrübə müddətində nəzəri biliklərini praktikada tətbiq etmək, yeni bacarıqlar öyrənmək və iş dünyasında ilk addımları atmaq imkanlarından danışıblar.

Tədbirin sonunda təcrübəçi tələbələrə diplom və sertifikatlar təqdim edilib. ADU-nun rektoru Kamal Abdula tələbələri bir daha təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb.

Sadiq Zaman,
filologiya üzrə fəlsəfə doktoru


Tehsil-press.az

Oxşar xəbərlər