Pedaqoji təhsili olmayan şəxslər də müəllimliklə məşğul ola bilər

Pedaqoji təhsili olmayan şəxslər də müəllimliklə məşğul ola bilər “Cəmiyyətdə, xüsusən repetitorlarla bağlı belə bir fikir mövcuddur ki, pedaqoji təhsili olmayan şəxslər müəllimliklə məşğul olmamalıdır”.

Bu sözləri açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib.

Ekspertin sözlərinə görə, dövlət qarşısında vergi öhdəliklərini yerinə yetirən şəxslər fəaliyyətlərini davam etdirə bilərlər:

"Təhsil haqqında qanun, Əmək Məcəlləsi və Azərbaycan Respublikasının Konstitusiyası ilə tənzimlənən qanunvericiliyə əsasən, hər bir vətəndaş öz ixtisası üzrə fəaliyyət göstərə bilər. Burada bir neçə məqam diqqətə alınır: Dövlət qurumlarında fəaliyyət qanunvericiliklə yanaşı, həmin qurum rəhbərinin daxili qərarları ilə də tənzimlənir. Məsələn, Elm və Təhsil Nazirliyi MİQ imtahanını təşkil edir və bu imtahanda iştirakçılar ixtisas fənləri üzrə müəyyənləşdirilir. Beləliklə, "Filologiya: Azərbaycan dili və ədəbiyyatı" və "Azərbaycan dili və ədəbiyyat müəllimliyi" ixtisasları arasında fərq olsa da, nazirlik vakant yerlərin azlığını nəzərə alaraq, "Filologiya: Azərbaycan dili və ədəbiyyatı" üzrə namizədlərin imtahanda iştirakını məhdudlaşdıra bilər. Lakin vakant yerlər artarsa, daxili qərarla həmin ixtisas üzrə namizədlərin imtahana qatılmasına icazə verilə bilər”.

Ekspertin fikrincə, dövlət qurumları mövcud vəziyyəti nəzərə alaraq müxtəlif yanaşmalar tətbiq edə bilər, amma özəl sektorda fəaliyyət zamanı belə bir məhdudiyyət yoxdur. Burada əsas məsələ namizədin peşəkar olmasıdır:

"Özəl sektorda, məsələn, "Coğrafiya-Coğrafiya müəllimliyi" və ya "Riyaziyyat-Riyaziyyat müəllimliyi" kimi yaxın ixtisaslar üzrə mütəxəssislərin işləməsinə icazə verilir. Əmək Məcəlləsinə əsasən, hər bir vətəndaş öz ixtisasının peşəkarıdırsa, əmək fəaliyyətinə cəlb oluna bilər”.

Ramin Nurəliyev əlavə edib ki, fərqli ixtisas üzrə fəaliyyət göstərmək istəyən şəxslər, əgər vergi öhdəliklərini yerinə yetirirlərsə, öz fəaliyyətlərini davam etdirə bilərlər. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin 2-ci bəndinə əsasən, bu hüquq qanunla təmin edilir və hər hansı şəxsə bu fəaliyyəti məhdudlaşdırmaq qanunsuzdur.

Cəmiyyətdə, xüsusən repetitorlarla bağlı belə bir fikir mövcuddur ki, pedaqoji təhsili olmayan şəxslər müəllimliklə məşğul olmamalıdır. Lakin bu nəzərə alınmalıdır ki, bəzi pedaqoji təhsili olmayan müəllimlər, dərs metodları və peşəkar biliyi baxımından pedaqoji təhsili olanlardan daha üstün ola bilərlər”.

Tehsil-press.az

Oxşar xəbərlər