BDU əməkdaşı Makedoniyanın Ss. Kiril və Methodius Universitetində apardığı tədqiqatların nəticələrini təqdim edib

BDU əməkdaşı Makedoniyanın Ss. Kiril və Methodius Universitetində apardığı tədqiqatların nəticələrini təqdim edib Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi Orxan Güləhmədov “Neylon/MWCNT əsaslı nanokompozitlərin triboelektrik nanogeneratorun çıxış performansına təsiri” adlı elmi seminar keçirib.

O, seminarda Elm və Texnologiyada Avropa Əməkdaşlığı (European Cooperation in Science and Technology – COST) proqramının “Qısamüddətli elmi missiya” (“Short-term scientific mission” (STSM)) səfər qrantı çərçivəsində Makedoniyanın Skopye şəhərində yerləşən Ss. Kiril və Methodius Universitetində “Neylon/CNT təbəqələrindən istifadə etməklə triboelektrik nanogeneratorların təkmilləşdirilməsi” (“Enhancement of triboelectric nanogenerators by using Nylon/CNT films”) mövzusu üzrə apardığı tədqiqat işinin nəticələrini təqdim edib.

BDU-nun gənc tədqiqatçısı bildirib ki, çoxdivarlı karbon nanoboruları doldurucu kimi istifadə olunan zaman onun polimer daxilində yaratdığı əlavə polyar dipollar hesabına triboelektrik nanogeneratorların (TENG) çıxış parametrləri əhəmiyyətli dərəcədə artıb. Bu cür materialların maqnit xassəli nanomateriallar (məs. Fe3O4 nanohissəcikləri və ya nanonaqilləri) ilə birgə kombinasiyasından sensor texnologiyasında istifadə etmək mümkündür. Belə TENG-lər özünü enerji ilə təmin edən və ətraf mühitin monitorinqini həyata keçirən avtonom sistemlər üçün geniş tətbiq imkanlarına malikdir.

Seminarın sonunda məruzəçi iştirakçıların suallarını cavablandırıb.

Tehsil-press.az

Oxşar xəbərlər