Tələbələr üçün “Your English Voice” adlı müsabiqə keçiriləcək

Tələbələr üçün “Your English Voice” adlı müsabiqə keçiriləcək Böyük Britaniyanın “British Council” təşkilatı tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin “SABAH” layihəsi çərçivəsində Bakıda ali təhsil müəssisələrinin II və III kurs tələbələri üçün ilk dəfə “Your English Voice” (“Sənin ingilis dili səsin”) adlı müsabiqə keçiriləcək.
Oktyabrın 31-də “Holiday Inn” otelində müsabiqənin açılış mərasimi olub.
Təhsil işçilərinin, ali məktəb rektorlarının, tələbələrin iştirak etdikləri tədbirdə müsabiqə barədə məlumat verilib. Bildirilib ki, müsabiqənin təşkil olunmasının əsas məqsədi tələbələr arasında sağlam rəqabət mühitinin yaradılması yolu ilə ingilis dilinin öyrənilməsinə, eləcə də müxtəlif tipli bilik yarışlarına olan marağın artırılmasıdır.
Qaliblərin seçimi “British Council” və Təhsil Nazirliyinin “SABAH” qrupları layihəsinin nümayəndələri tərəfindən aparılacaq. I yerin 2 qalibinə “British Council” tərəfindən Birləşmiş Krallığın aparıcı yay məktəblərindən birində ikihəftəlik ingilis dili kursu, II və III yerlərin qalibləri müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.
Qeyd olunan tədbir iki ölkənin təhsil müəssisələri arasında səmərəli əməkdaşlığın qurulmasına və mövcud əlaqələrin genişlənməsinə töhfə verəcək.
Tədbirdə çıxış edən Böyük Britaniyanın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolson “Your English Voice” müsabiqəsinin əhəmiyyətindən danışıb. O bildirib ki, ingilis dilində sərbəst danışan tələbələr yerli və beynəlxalq səviyyədə həm təhsil, həm də karyera cəhətdən özləri üçün daha yaxşı imkanlar əldə edə biləcəklər.
Təhsil naziri Ceyhun Bayramov respublikamızda təhsilə böyük önəm verildiyini deyib, bu sahədə həyata keçirilən islahatlardan danışıb. “SABAH” layihəsi barədə məlumat verən nazir, eyni zamanda, təhsil əlaqələrinin əhəmiyyətini vurğulayıb, qeyd edilən müsabiqə ilə bağlı fikirlərini bildirib.
“British Council” təşkilatının Azərbaycan üzrə direktoru Samr Şah təhsil üzrə həyata keçirilən layihələrdən bəhs edib.
Qeyd edək ki, müsabiqə haqqında ətraflı məlumat əldə etmək üçün əlaqə nömrəsi: 012. 497 15 93, həmçinin elektron ünvan: [email protected] /www.britishcouncil.az

Tehsil-press.az

Oxşar xəbərlər