Azərbaycan Turizm və Menecment Universitetində “Açıq qapı” günü

Azərbaycan Turizm və Menecment Universitetində “Açıq qapı” günü Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2022/2023–cü tədris ilinin yaz semestrinin yay imtahan sessiyasının gedişini izləmək məqsədilə “Açıq qapı” günü keçirilib.
ATMU-nun rektoru İlham Mədətov şəffaflığı qorumaq, neqativ hallara imkan verməmək üçün İmtahan Qərargahına daxil olan hər bir şikayətin, imtahanların təşkilində və gedişində baş verən nöqsanların operativ aradan qaldıralacağına əminliyini bildirib. Rektor layiqli və peşəkar mütəxəssis olmaq üçün elmi biliklərə yiyələnməyin əsas meyar olduğunu söyləyib. O, ATMU-da imtahan qiymətləndirilməsindən narazı qalan tələbələr üçün Apellyasiya Komissiyasının yaradıldığını və “Qaynar xətt”in gün ərzində açıq olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, ATMU-da bakalavriat və magistratura (əyani) səviyyələrində 2022/2023-cü tədris ilinin yaz semestrinin yay imtahan sessiyası iyunun 1-dən başlayaraq 5 həftə müddətində keçirilir. Qiyabi təhsil alanlar üçün imtahan sessiyası isə iyunun 5–dən 9-dək təşkil edilib. ATMU-da 3 fakültə üzrə bakalavriat səviyyəsində 13 ixtisasda təhsil alan 1127, magistratura səviyyəsində isə 11 ixtisaslaşmada təhsil alan 162 tələbə yay imtahan sessiyasına qatılıb. Üzrlü səbəblərdən sessiya imtahanında iştirak etməyən tələbələr isə iyulun 5-dək imtahan verə biləcəklər. Buraxılış qrupları üçün Yekun Dövlət Attestasiyası iyunun 22-də keçiriləcək.
İmtahan sessiyası Azərbaycan Respublikası elm və təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 2023-cü il 17 may tarixli müvafiq əmrinin tələblərinə uyğun olaraq universitetin Təhsildə qiymətləndirmə şöbəsi tərəfindən, o cümlədən dekanlıq və kafedra nümayəndələrinin iştirakı ilə həyata keçirilir.
2022/2023-cü tədris ilinin yaz semestrinin yay imtahan sessiyası ərzində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə ATMU-da yaradılan İmtahan Qərargahının sədri rektor İlham Mədətov, müavinləri prorektorlar Zaur Bağırov və İranə Əliyevadır. İmtahan Qərargahına Milli Məclisin deputatı, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə, “Skal İnternational Baku”nun prezidenti Ceyhun Aşurov, Milli QHT forumunun Turizm İnkişaf Mərkəzinin rəhbəri Ruslan Quliyev, universitetin Tələbə Gənclər Təşkilatının sədri Samir Abdullayev, media nümayəndələri və valideynlər daxildir.

Tehsil-press.az


Oxşar xəbərlər