“Sağımbayın Manasları” kitabının təqdimatı olub

“Sağımbayın Manasları” kitabının təqdimatı olub A.Osmonov adına Qırğızıstan Milli Kitabxanasında Beynəlxalq Türk Akademiyası və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə nəşr etdirdiyi “Sağımbayın Manasları” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Qırğız Respublikası Prezidenti Administrasiyasının Siyasi və iqtisadi araşdırmalar şöbəsinin müdiri Oktyabr Kapalbayev Qırğızıstanın dövlət katibi Suyinbek Kasmanbetovun təbrik məktubunu oxuyub, yeni nəşrin əhəmiyyətini qeyd edib.
Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev “Manas” dastanının Türk dünyasında önəmindən danışıb, qurumun eposla bağlı dərc etdiyi elmi araşdırmaları diqqətə çatdırıb. O bildirib ki, Akademiya bundan sonra da bu cür mühüm əsərlərin nəşrinə öz töhfəsini verəcək.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva “Manas”ın Türk dünyasını birləşdirən dəyər olduğunu vurğulayaraq, eposunun qırğız və Azərbaycan dillərində təhlili ilə bağlı daha bir araşdırmanın dərc olunduğunu bildirib.
Daha sonra Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Kayrat İmanaliyev çıxış edərək “Manas” irsinə dəstək verən təşkilat rəhbərlərinə minnətdarlığını bildirib. O, bu cür yaxşı təşəbbüslərin əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini qeyd edib.
Tədbir çərçivəsində akademik Şahin Mustafayevə və Günay Əfəndiyevaya fəaliyyətlərinə görə xüsusi medallar təqdim olunub.
Qeyd edək ki, “Manas” eposunun Sağımbay Orozbakov variantı ilk dəfə Qırğız Respublikasının görkəmli rəssamı və manastisti Rısbay İskakovun redaktorluğu ilə nəşr olunub.

Tehsil-press.az




Oxşar xəbərlər