Uşaqların internetdə informasiya təhlükəsizliyinin təmin edilməsi üçün konseptual model hazırlanıb

Uşaqların internetdə informasiya təhlükəsizliyinin təmin edilməsi üçün konseptual model hazırlanıb Virtual məkanda, əsasən də sosial mediada son zamanlar arzuolunmaz mənəvi və əxlaqi keyfiyyətləri aşılayan zərərli kontentlərin (pornoqrafiya, işgəncə, qəddarlıq səhnələri, narkotik, spirtli içkilər, terrorizm, vandalizm, pis vərdişlərin təbliği və s.) böyük sürətlə artması uşaqlar üçün ciddi təhlükə mənbəyinə çevrilməkdədir. İnternet asılılığı problemləri uşaq psixologiyasına, tərbiyə və davranışlarına mənfi təsir edir. Bədniyyətlilər və kibercinayətkarlar tərəfindən uşaqlara hədə-qorxu, təcavüz kimi informasiya-psixoloji təsirlərin göstərilməsi halları informasiya təhlükəsizliyi ilə bağlı ciddi problemlər yaradır. Beynəlxalq aləmdə və ölkəmizdə uşaqların təhlükəsizliyi ilə bağlı mühüm sənədlər qəbul olunsa da, zərərli informasiyaya tam nəzarətin mümkün olmaması mövzunu daha da aktuallaşdırır.
Bu barədə İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Sabirə Ocaqverdiyeva məlumat verib.
Tədqiqatçı hazırda uşaqların internetdən təhlükəsiz istifadəsi problemlərinin həllinə yönəlmiş çoxlu sayda proqram təminatları və təhlükəsizlik sistemləri mövcud olduğunu, əksər ölkələrdə bu istiqamətdə milli səviyyədə müxtəlif tədbirlərin görüldüyünü bildirib. Əlavə edib ki, bu tədbirlərə baxmayaraq, virtual şəbəkədə uşaqların təhlükəsizliyinin təmin edilməsi üçün daha etibarlı proqram vasitələri, metod və mexanizmlərin yaradılmasına böyük ehtiyac vardır.
S.Ocaqverdiyeva bildirib ki, internet mühitində uşaqların informasiya təhlükəsizliyinin təmin edilməsində müasir vəziyyət təhlil olunub və mövcud problemlər müəyyənləşdirilib. Uşaqların internet mühitində informasiya təhlükəsizliyinin təmin edilməsi üçün konseptual model hazırlanıb.

Tehsil-press.az



Oxşar xəbərlər