ADA Universiteti Fondu su ehtiyatlarının effektiv idarə edilməsi və ağac əkilməsinə həsr olunmuş tədbir həyata keçirib

ADA Universiteti Fondu su ehtiyatlarının effektiv idarə edilməsi və ağac əkilməsinə həsr olunmuş tədbir həyata keçirib ADA Universiteti, Universitetin Fondu (ADAF) və “Coca-Cola” Fondunun dəstəyilə 39 nömrəli tam orta məktəbdə suyun qorunması və ağac əkilməsinə həsr olunmuş tədbir keçirilib.
ADA Universitetinin könüllüləri, tələbələri və işçi heyəti həmin məktəbin üçüncü sinfində təhsil alan 38 şagirdlə görüşüb, sudan səmərəli istifadə yolları barədə onları məlumatlandırıb.
İki hissədən ibarət tədbirin ilk hissəsində uşaqlar üçün “Leyli və balaca adamın sirri” nağılı əsasında maarifləndirici fəaliyyət həyata keçirilib. ADA Universitetinin Tələbə xidmətləri şöbəsinin meneceri Günel Əsgərovanın müəllifi olduğu bu nağıl “Maarif izilə” layihəsi çərçivəsində təbiətə, ağac əkilməsinə, suyun qorunmasına həsr olunub. Şagirdlərin, valideynlərin və məktəb kollektivinin iştirakı ilə keçirilən təqdimat zamanı məktəblilər təbiətin planetimiz üçün əhəmiyyətini, suya qənaət, ağaclara və bitkilərə qulluq etmənin vacibliyini müzakirə ediblər.
Tədbirin sonrakı hissəsində praktiki fəaliyyətlər həyata keçirilib. ADA Universitetində çalışan bağbanların köməyilə məktəbin həyətində 40 meyvə ağacı əkilib, məktəbə meyvə bağı hədiyyə edilib. Hər bir şagird əkilən bir ağaca qulluq etmək məsuliyyətini öz üzərinə götürüb.
ADAF-ın Sponsorluq layihələri şöbəsinin müdiri Firuzə İsmayıl Əliyeva deyib: “Su ehtiyatlarının mühafizəsi və onların səmərəli şəkildə istifadə edilməsi hər birimizin məsuliyyətidir. Cəmiyyətin, xüsusilə də azyaşlıların bu istiqamətdə maarifləndirilməsi isə vətəndaşlıq borcumuzdur. Bu işdə ali təhsil alan həm gənc nəslin, həm də “Coca-Cola” kimi tərəfdaşlarımızın rolu olduqca əhəmiyyətlidir".
Qeyd edək ki, su ehtiyatlarının səmərəli idarə edilməsi ilə bağlı həyata keçirilən bu tədbir və ağacəkmə kampaniyası ölkə olaraq COP29-a ev sahibi kimi götürdüyümüz öhdəliklərlə üst-üstə düşür.

Tehsil-press.az





Oxşar xəbərlər