Məktəb direktoru “Qobu Park”da itlərin parçaladığı azyaşlı barədə: “Yanında olmuşuq” - YENİLƏNİB

Məktəb direktoru “Qobu Park”da itlərin parçaladığı azyaşlı barədə: “Yanında olmuşuq” - YENİLƏNİB Ötən gün “Qobu Park”da azyaşlının itlərin hücumuna məruz qalan məktəbli Əliyev Amar Azər oğlu 3 saylı Zəngilan məktəbinin dördüncü sinif şagirdidir.

Bu barədə sözügedən məktəbin direktoru Sona Əliyeva məlumat verib. O bildirib ki, hadisə ötən gün uşaqlar həyətdə oynayan zaman baş verib.

“Onlar dağ tərəfə gediblər və Amar sahibsiz itlərin hücumuna məruz qalıb. Uşağın anası özü də məktəbdə texniki işçi kimi çalışır” - deyə direktor qeyd edib.

Direktor onu da bildirib ki, hadisə baş verəndən sonra müəllim kollektivi ilə birgə orada olublar:

“Xəstəxanada, əməliyyata götürüləndə də yanında olmuşuq”.

12:55

Qobuda sahibsiz itlərin hücum etdiyi azyaşlının vəziyyəti açıqlanıb.

Kliniki Tibbi Mərkəzin uşaq cərrahı Fuad Məmmədov açıqlamasında bildirib ki, azyaşlı xəstəxanaya gətirildiyində ağır şok vəziyyətində idi:

“Verilən məlumata görə uşaq üç itin hücumuna məruz qalıb. Vücudunun demək olar, hər yerində dişlənmiş, dəlinmiş, əzilmiş yara izləri var idi. Xəstəyə təcili yardımda beynəlxalq protokollara əsasən təcili müdaxilə edilib. Xəstə xəstəxanaya gətiriləndən sonra təcili şəkildə əməliyyata çıxarılaraq reanimasyon tədbirlər icra edilib və əməliyyata başlanılıb. Xəstəyə cərrahi olaraq bu tip yaralarda gərəkli olan, protokola əsasən cərrahi müdaxilə edilib. Xəstə əməliyyat sonrası reanimasiya şöbəmizə yerləşdirilib. Burada xəstəyə beynəlxalq protokollara uyğun formada nə lazımdırsa, edilir”.

“Hazırda xəstənin vəziyyəti ağırdır və palataya nə zaman köçürülməsi və ya yenidən əməliyyat olunması bağlı öncədən proqnoz vermək hələ tezdir”, - deyə həkim qeyd edib.

11:09

Ötən gün “Qobu Park”da azyaşlının itlərin hücumuna məruz qalan uşağın vəziyyəti ağır olaraq qiymətləndirilir.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, 9 yaşlı (kişi cinsli) azyaşlı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub:

“03.03.2024-cü il tarixində saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib.

Zərərçəkən 9 yaşlı (kişi cinsli) azyaşlı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibb yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir”.

11:00

Daxili İşlər Nazirliyi ötən gün “Qobu Park”da azyaşlının itlərin hücumuna məruz qalması məsələsinə münasibət bildirib.

Qurumun Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev açıqlamasında faktı təsdiqləyib:

“Hadisə Qaradağ rayonu ərazisində baş verib. Sahibsiz itlər 2014-cü il təvəllüdlü uşağa hücum edib. Uşaq xəstəxanaya yerləşdirilib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək”.

10:06

Qobu qəsəbəsində azyaşlını itlərin parçaladığı bildirilir.

Bu barədə oxucular məlumat veriblər.

“Qobu Park”da itlərin hücumuna məruz qalan uşağın üç və ya dördüncü sinif şagirdi olduğu bildirilir. Qeyd olunur ki, hadisə barədə uşağın valideynləri xəbərsiz olub.

Tehsil-press.az

Oxşar xəbərlər