ARİSTOTEL (384-322)

ARİSTOTEL (384-322) Aristotel (yun. Ἀριστοτέλης); bəzən Ərəstun kimi tanınır; (d. E.ə. 384 - ö. E.ə. 322) — qədim yunan filosofu.
Aristotel fəlsəfə, məntiq, psixologiya, fizika, biologiya, tarix, etika, estetika və siyasət kimi fundamental məsələləri də tədqiq etmişdir. Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Həyatı
Staqiratda anadan olmuşdur (buna görə də ona çox zaman "Staqirit" deyirdilər). Məşhur filosof Platonun Akademiyasının tələbəsi olub. Makedoniyalı İsgəndərin tərbiyəçisi və Afinada Likey fəlsəfə məktəbinin təsisçisi olub. Bəzi əfsanələrə görə İsgəndərin ölümündə onun da rolu var (əfsanəyə görə İsgəndərin atası - Makedoniya çarı Fillip Aristotelin ailəsini o uşaq olarkən qırmışdır. Aristotel bununla İsgəndərdən ailəsinin intiqamını almışdır).
Hələ Platondan təhsil alarkən Aristotel onun varlıqlara münasibətində ideyaların ilkin olması nəzəriyyəsini tənqid edirdi. (Bununla əlaqədar Aristotelin dilindən belə bir deyim var - " Platon mənim dostumdur, amma həqiqət daha vacibdir "). O, göstərirdi ki, belə yanaşma dünyanı anlatmır, ancaq cismlərin izahatı lazım gələn kəmiyyəti göstərir. Böyük filosof hesab edirdi ki, mahiyyəti olduğu "varlıqdan" ayırmaq olmaz: əgər varlıqlar duyğulu dərk edilən aləmdə varlarsa, onda mahiyyət ideal axirət aləmində qala bilməz.
Aristotel maddi aləmin obyektiv varlığını qəbul edir və hisslərə, anlayışlara və təsəvvürlərə real şeylərin törəmələri kimi baxırdı. Varlığın mahiyyətini o, varlığın özündə axtarırdı. Lakin maddədə o yalnız passiv başlanğıc görürdü .Fikrincə bu başlanğıc xüsusi aktiv başlanğıca - "formaya" tabe idi və bütün "formaların forması"nın ən yüksəyi Allahdır.
Aristotelin materializm və idealizm arasındakı tərəddüdləri onun dialektika ilə metafizika arasındakı tərəddüdləri ilə müşhaidə edilirdi. O, təbiətdə və cəmiyyətdə hərəkəti qəbul edir, hərəkətin müxtəlif növlərinin (meydana gəlmə, məhv olunma, inkişafı, azalma, keyfiyyətcə dəyişmə və fəzada dəyişmə) mövcud olmasına işarə edirdi. Ziddiyyətlərin qarşılıqlı əlaqəsini, keyfiyyətli dəyişikliklərin kəmiyyətlərdən asılılığını görür, mümkünlüyün həqiqətə çevrilməsini tədqiq edirdi.
Bununla bərabər hərəkətin mənbəyini - "birinci mühərriki"n Allah olduğunu göstərirdi.Aristotelə görə İlahi varlıq maddədən kənarda qalır və özü hərəkətsiz qalaraq bütün dünyanı faydalı hərəkətə gətirir. Aristotel Allahı bütün varlıqların inkişafının sonuncu səbəbi, ən yüksək məqsədi sayır və bunu " entelehiya " adlandırırdı. Ümumi ilə təkin arasında olan nisbəti məsələsinə isə Aristotel toxunmurdu.
Formal məntiqin inkişafında xüsusilə Nəticələr nəzəriyyəsinin (Sillogizm) işlənməsində Aristotelin böyük xidməti vardır.
Kosmologiya sahəsində Aristotel Geosentrizm nəzəriyyəsinin tərəfdarı idi. Onun kosmoloji fikirlərini sonradan Ptolomey inkişaf etdirmişdir. Sonralar bu nəzəriyyə Xristian kilsəsi tərəfindən ehkamlaşdırılmışdır.
Aristotel öz tədqiqatlarında Biologiya ya da yer ayırmışdır. O, 500-dən artıq heyvan növünü təsvir edib onların təsnifatına cəhd göstərmişdir. Aristotelə görə həyatın maddəsi vücud, forması isə ruhdur. Öz sistematikasında o, heyvanları 3 qrupa bölmüşdür- insan, bitki və heyvan.
Aristotel estetikanın tarixində incəsənətə gerçəkliyi əks etdirən sahə kimi yanaşmışdır. Bu sahədə o öz müəllimininin-Platon un əsərini ("İdeyalar ideyası" əsərini) tənqid etmişdir. Onun fikrincə bu ideya həqiqi həyatla əlaqəsizdir. Onun fikrincə etika məsələləri insanların ictimai vəziyyətləri ilə sıx əlaqədə baxılmalıdır.
O, hesab edirdi ki, səxavət yalnız azad insana aid bir xüsusiyyətdir. Qullar heç zaman səxavətli ola bilməzlər, onlar pozğundurlar. Aristotel qulu ağasının "danışan alət"i simasında görürdü. Buna görədə Aristotelin ictimai-siyasi və fəlsəfi görüşləri onun "ən mükəmməl sistem" saydığı Quldarlıqın möhkəmlənməsinə yönəlmişdi.
Aristotel fəlsəfəsi bəşəriyyətin ictimai fikrinin sonrakı inkişafına çox ciddi təsir göstərmişdir. Onun təlimi iki istiqamətdə- mistik idealizm və digər tərəfdən materialist fəlsəfi fikrin inkişafı üçün mənəvi qida mənbəyi olmuşdur.
Aristotel Qərb fəlsəfəsinin inkişafı ilə yanaşı Şərq və Azərbaycan fəlsəfəsinə də çox ciddi təsiri olmuşdur.

Əsərləri
"Etika", "Metafizika", "Fizika", "Ritorika", "Poetika", "Ruh haqqında", "Siyasət", "Afina siyasəti", "Nikomax etikası", ""Orqanon" və s.

İqtisadi fikirləri
Aristotelin iqtisadi görüşləri elə dövrdə foprmalaşmışdır ki, həmin şəraitdə quldarlıq cəmiyyəti dərin böhranlara, polisey dövlət qurumu tənəzzülə məruz qalmışdır.
Quldarlığın ilkin olaraq, iqtisadi xarakteristikasını vermiş Aristotel göstərirdi ki, nə istehsal, nə də ki, insan həyatının özü qulsuz keçinə bilməz.
Qulları danışan və çevik əmək aləti hesab edən Aristotel, onları mülkiyyət obyekti sayırdı. Bununla əlaqədar olaraq meydana gələn iki fəaliyyət növünü fərqləndirməyi tövsiyə edirdi. Biri aktiv fəaliyyət kimi istehlakdan ibarətdir ki, onlar zəruri yaşayış vasitələrinin yaradılmasını tələb edir. İkinci fəaliyyət növü isə qul əməyidir ki, o da zəruri yaşayış vasitələrinin istehsalına yönəldilir. Məhz bu baxımdan da Aristotel hesab edirdi ki, sərvət, nemət əldə etmək istəyən hər bir kəs mütləq qul əməyindən istifadə etməlidir. Qul əməyi və ona hökm vermək "təbiətin ümumi qanunu" kimi, "qarşılıqlı özünüsaxlamaq" prinsipindən irəli gəldiyini göstərən Aristotel sübut edirdi ki, hətta adamlar hüquqi baxımdan azad olsalar belə, müəyyən fiziki işlər yerinə yetirəndə onlar qula çevrilirlər.
Fiziki əməyin cəmiyyətin sosial həyatında daşıdığı mahiyyətdən asılı olmayaraq, onun hər cür sərvətin, nemətin mənbəyi olduğunu Aristotel qeyd etməklə, bu, iqtisadi fikir tarixində böyük elmi xidmət kimi qiymətləndirilir. Aydındır ki, o dövrün iqtisadi inkişaf qanunauyğunluqlarından irəli gələn elmi müddəalar, heç də müasir iqtisadi təfəkkür baxımından birmənalı qəbul edilə bilməz. Lakin o dövrdə gətirilən təhlillər, müxtəlif mülahizələr tarixi-məntiqi səpkidə qiymətləndirilməlidir.
Aristotel qulu gəlir gətirən əmlak hesalb edirdi. Çünki bir halda ki, qul quldarın mülkiyyətində idi, onun əməyinin nəticəsi də quldar tərəfindən mənimsənilməli idi. Beləliklə, quldarlıq insanla əşya arasındakı həddi silmiş, nemət yaradan əmək hər cür azadlıqdan məhrum edilmişdir.
Aristotel göstərirdi ki, hər cür ağır fiziki işləri qullar görməlidirlər. Fiziki işlərdən azad olanlar isə dövlət işləri ilə məşğul olmalıdırlar.
Nemətdən istifadə olunması üsulunu tədqiq edən Aristotel əmtəənin iki tərəfini -istehlak və mübadilə dəyərini təhlil edir. İstehlak dəyəri kimi istifadə olunan neməti Aristotel "təbii, mubadilə dəyəri kimi istifadə olunan neməti "qeyri-təbii" proses kimi xarakterizə edirdi.
İqtisadi zəruriyyət kimi nəzərdə tutulan ehtiyac, Aristotelə görə adamları bir-biri ilə bağlı edir. Tarixi inkişafla, əmək bölgüsü ilə əlaqədar olaraq meydana gələn maddi nemətlərin mübadilə olunması zəruriliyini göstərən Aristotel ticarətin meydana gəlməsini və inkişafını tədqiq edir. Mübadilənin və ticarətin iqtisadi zəruriliyini və onun dövlətin əmələ gəlməsindəki rolunu şərh edən Aristotel qeyd edirdi ki, belə proses mənfəət əldə etmək üçün labüddür.
Mübadilə qanunlarının mahiyyətini aşkarlamağa cəhd göstərən Aristotel qeyd edirdi ki, mübadilədə əmtəə dəyərlərinin bərabərləşməsi prosesi baş verir. Mübadilə prosesinin inkişafı ilə əlaqədar meydana gələn pulun mənşəyini təsadüfi saymır və qeyd edirdi ki, "mübadilə ticarətin zəruriliyi ilə pul meydana gəlir". Pulun əmtəə mənşəyini və dəyər ölçüsünü, tədavül funksiyalarını aşkar edən Aristotel, onun təbii mahiyyətini açmaqla, sözün əsl mənasında dəyər formalarının ilk tədqiqatçısına çevrilmişdir.
Aristotel hesab edirdi ki, əmtəələr özü-özlüyündə ölçülməklə, lakin pul vasitəsi ilə bu prosesə daxil ola bilərlər. Çünki bu praktiki tələbatla əlaqədardır. Bununla da o, pulun dəyər ölçüsü funksiyasını qeyd etmişdir. O göstərirdi ki, əgər əmtəələr pulla ölçülərsə, deməli, onlarda bir bərabərlik mövcuddur.
Bu bərabərləşmənin ümumi bir əsasının olduğunu dərk edən Aristotel, onun mənbəyini tapa bilməsə də, lakin gələcəkdə mübadilədə əmtəə dəyərlərinin bərabərləşməsinin əsasının ictimai zəruri əməkdən ibarət olunması kəşfinin əsasını qoydu.
Bundan əlavə Aristotel əməkdə bərabərliyin axtarılmasını mənasız hesab edirdisə də, lakin istehsal xərclərində xüsusi əməyə qiymət verirdi.
Ev və dövlət üçün nemətlər əldə olunması üçün təsərrüfatçılıq fəaliyyətinə xüsusi qiymət verən Aristotel qeyd edirdi ki, belə formadakı fəaliyyət "iqtisadiyyat"dır. Lakin varidat, sərvət əldə etmək, xüsusən onun pul formasında toplanması fəaliyyəti isə xrematistikadır.
Xrematistikaya əmlak, mülk mənasını verən Aristotel onu iqtisadiyyatla müqayisə etməklə, bu anlayışların təbii tarixi rolunu müəyyən etməyə cəhd göstərir.
Bununla da o, ilk dəfə olaraq pulun tədavül vasitəsi kimi rolu ilə sahibkar üçün yeni pul əmələ gətirən pul rolunu fərqləndirir. Beləliklə də göstərir ki, iqtisadiyyat nəzərə çarpmadan, lakin zəruri şəkildə xrematistikaya, yəni əmlaka, mülkə çevrilir.
Antik dünyada ticarətin və sələmin istər iqtisadi fəaliyyətdə, istərsə də xrematistik fəaliyyətdəki rolunu nəzərə alan Aristotel qeyd edirdi
ki,"...ticarət fəaliyyətində özünü göstərən sərvət toplamaq məqsədə çatmaqda heç bir zaman son hədd olmur, ona görə ki, burada məqsəd hədsiz sərvət toplamaq və pula sahib olmaqdan ibarətdir. Pul dövriyyəsi ilə məşğul olanların hamısı öz kapitallarını hədsiz dərəcədə artırmağa çalışırlar". Beləliklə də "iqtisadiyyata" təbii, xrematistikaya qeyri-təbii münasibət bəsləyən Aristotel göstərirdi ki, nemətlərin bölgüsü "ədalət" prinsipinə görə həyata keçirilməlidir. Daha doğrusu, belə ədalətli bölgü "ləyaqətə görə", adamların cəmiyyətdə və dövlət işlərində tutduğu mövqeyə görə aparılmalıdır.
Aristotelə görə əmlak fərqi saxlanılmalıdır. Lakin o, nə həddən artıq varlanmağa, nə də ki, kasıblığa səbəb olmamalıdır. Aristotelin iqtisadi fikirləri demək olar ki, əsrlər boyu görkəmli filosofların, cəmiyyət həyatı ilə məşğul olan alimlərin daim diqqət mərkəzində olmuşdur.
İqtisadiyyat elmi bir sistem kimi tətbiq olunmasından başlayaraq, hal-hazırkı dövrə qədər, Aristotelin bir sıra ideyalarını inkişaf etdirmiş, onun elmi təfəkkürün formalaşması üçün daşıdığı əhəmiyyət xüsusi qeyd edilmişdir.

Kəlamlarından
- Dünyada tez qocalan şey nədir? - sualına Aristotel cavab vermişdir:
- Yaxşılıq.
- Dost nədir? - sualına filosof belə cavab vermişdir:
- İki bədəndə iki ürək.
Aristoteldən soruşurlar:
- Sən adamların çoxundan nə ilə fərqlənirsən?
- Onlar yemək üçün yaşayırlar, mən isə yaşamaq üçün yeyirəm.

Oxşar xəbərlər